20 Avqust 2019 20:28
1 317
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əvvəlki yazılarımızda “sosial şəbəkə müxalifəti”nin fırıldaq vəsaxtakarlıqlarını, bir ovuc qədər olan trol şəbəkəsinin “karusel” üsulu ilə fəaliyyət göstərdiyini ifşa etmişdik. “Osmanqızı TV”, “Azərbaycan saatı”, “Azadlıq” qəzeti, “Azad söz” və “Made in Azerbaijan” kanallarında hansı trolların “daha fəal olması” ilə bağlı sıralama da aparmışdıq.

Budəfəki yazımız isə “sosial şəbəkə müxalifəti”nin kimlərin diqtəsi və dəstəyi ilə “söyüş müxalifəti”nə transformasiya olunması barədədir. Burada siyasi mübarizənin sivil qaydada və əxlaq çərçivəsində deyil, küçə söyüşü və qarğış formasında aparıldığından, Sevinc Osmanqızı, Qənimət Zahid, Tural Sadıqlı, Natiq Ədilov, Məhəmməd Mirzəli kimi “feyktuberlər”in ətrafındakı trolların iqtidaryönlü sosial şəbəkə istifadəçilərinin ünvanına yağdırdıqları təhqirlərin haradan qaynaqlandığından bəhs edəcəyik.

Məlum olduğu kimi, AXCP sədri Əli Kərimli siyasi karyerası boyunca fərarilik, satqınlıq, qorxaqlıq və xəyanət kimi “ilk”lərə imza atan müxalifət funksionerlərindən biridir. Belə ki:
- hər kəlməsində özünü“Rəsulzadəçi”kimi qələmə verən Ə.Kərimli ilk cəbhəçi idi ki, Azərbaycanın işğal tarixi (28 aprel 1920-ci il) ilə bağlı mitinqin keçirilməsinin əleyhinə olub, orada iştirak etməyib;
- AXCP sədri ilk cəbhəçidir ki, AXC-dən çıxmaq üçün ərizə yazıb, lakin KQB-nin“məsləhəti ilə” yenidən cəbhəçilərin sırasına qayıdıb;
- Əli Kərimli ilk cəbhəçidir ki, qanlı 20 Yanvar hadisələri zamanı satqınlıq edib və onun Müdafiə Komitəsinin üzvü olduğuna dair vəsiqə "Krasnaya Zvezda" qəzetində çap olunub;
- Əli Kərimli ilk cəbhəçidir ki, lider adlandırdığı Əbülfəz Elçibəyin əleyhinə təbliğat aparıb, AXC-nin parçalanmasına səbəb olub.

Ləkəli siyasi karyerası boyunca çoxsaylı “ilk”lərə imza atan Əli Kərimli siyasətə və sosial şəbəkələrə təhqirin gətirilməsində də birinci olub. O özü çıxış və yazılarında korrekt görünsə də, söyüş və təhqiri cəbhəçi trolların, xüsusən də xaricdə məskunlaşmış “söyüş batalyonu”nun dili ilə dedizdirir. Rəqiblərini ləkələməyə, siyasətdən iyrəndirməyə, mövqelərindən çəkindirməyə çalışan Əli Kərimlinin trollara əsas məxfi tapşırığı da məhz qarşı tərəfin təhqir edilməsi ilə bağlı olur.

Heç kəsə sirr deyil ki, Avropada “söyüş müxalifəti”nin formalaşdırılmasında onun “xüsusi xidmətləri” var. Məhəmməd Mirzəli, Vidadi İsgəndərli, İnqilab Kərimov kimi savadsız, etik dəyərlərdən və əxlaqdan uzaq birilərinin siyasətə gətirilməsi, istiqamətləndirilməsi və dəstəklənməsi AXCP sədrinin “əməyinin nəticəsi”dir. Məlumat üçün qeyd edək ki, “evdə arvadım mənə şərəfsiz deyir” söyləyən Məhəmməd Mirzəli AXCP üzvüdür. “18+” başlıqlı videolarında ancaq söyüş-təhqir yağdıran Vidadi İsgəndərli Əli Kərimlinin fanatıdır. Tərbiyəsizlərin böyüyü olan İnqilab Kərimov isə AXCP sədrinin doğmaca əmisi oğludur.
\Təxminən 3-4 il öncə formalaşmağa başlayan “söyüş müxalifəti”nin xaç atası Əli Kərimli düşünürdü ki, bu yolla hakimiyyət nümayəndələrini gözdən salacaq, ləkələyəcək və ən əsası, xalqı onlara qarşı qaldıra biləcək. Lakin 26 ildə olduğu kimi, bu dəfə də uğursuz siyasətçinin proqnozları özünü doğrultmadı, “söyüş müxalifəti”nin bir sıra “tanınmış nümayəndələrinin” (Qabil Məmmədov, Əli Oğuz, Rafael Piriyev və s.) təhqir kampaniyası bumeranq effekti ilə onun özünü də vurdu. Elə bu səbəbdəndir ki, bir neçə gün əvvəl Qənimət Zahidin “Azərbaycan saatı” kanalında canlı yayımdakı çıxışı zamanı səhvini üstüörtülü şəkildə etiraf edən Əli Kərimli, indi də guya söyüş və təhqirin sosial şəbəkələrdən yığışdırılmasına çağırış edib.

Bu məqamda sual yaranır: “Əli Kərimli, sizin bu “söyüş müxalifəti”nə aidiyyətiniz yoxdursa, hansı sifətlə təhqiri dayandırmaq üçün onlara müraciət edirsiniz?”. Yaxud, niyə sizin trol şəbəkəniz məhz həmin çıxışınızdan sonra “youtube” kanallarında söyüşün yığışdırılması üçün qruplara müraciətlər etdi? Və ya hansı səbəblə müavininiz Fuad Qəhrəmanlı təhqir kampaniyasının aparıcı üzvləri kimi bir zamanlar AXCP maraqlarına xidmət etmiş Rafael Piriyevi, Əli Oğuzu, Azər Kazımzadəni və başqalarını “gədə” adlandıraraq “günah keçisini” Avropada axtarır? Səbəb nədir? Bəlkə, onlar sizin “mühacir biznesinizi” ifşa edirlər, ona görə? Necə ki, Əli Oğuz videomüraciətində AXCP-nin mühacir alverinin Avropadakı əlaqələndiriciləri qismində Qənimət Zahidin və Fikrət Hüseynlinin adını çəkmişdi...

Hər halda, səbəbini özünüz daha yaxşı bilərsiniz. Amma məsləhətimiz budur ki, söyüş və təhqir kampaniyasının guya hakimiyyət tərəfindən başladılması kimi əsassız və yalan iddialarınızı birdəfəlik kənara qoyasınız. Ətrafınızın hakimiyyət tərəfdarlarına, neytral sosial şəbəkə iştirakçılarına yağdırdıqları təhqirlər, yazdıqları söyüşlər aşağıda təqdim edəcəyimiz şəkillərdən aydın görünəcək.

Ümumiyyətlə, Əli Kərimlinin elə bir statusu və canlı yayım videosu yoxdur ki, “şərh” bölümündə hakimiyyət tərəfdarlarının ünvanına ifrat təhqiramiz ifadələr işlədilməsin. Axı Əli Kərimli necə təhqirin əleyhinədir ki, onun haqqında etik çərçivədə tənqid yazanların rəyləri həmin andaca silinir və bloklanır, amma həmin şəxslərin ünvanına yazılan təhqir və söyüşlərə toxunulmur, silinmir, bloklanmır? Deməli, təhqiri və söyüşü təşkil edən elə Əli Kərimlinin özüdür. Onun tapşırığı olmadan cəbhəçilər arasında quş uçurdulmursa, demək ki, onun razılığı olmadan yazdığı statusların və çıxışlarının “şərh bölümündə” təhqirlər də yer ala bilməz. Buradan aydın olur ki, cəbhəçi trolların təhqir və söyüş kampaniyası birbaşa Əli Kərimlinin gizli göstərişlərinə uyğun olaraq təşkil edilir.

Onun “facebook” səhifəsində paylaşılan status və videoların rəy bölümündə hakimiyyət tərəfdarlarının ünvanına deyilməyən təhqir və söyüş qalmayıb. Buyurun, tanış olun...

Burada xüsusi olaraq qeyd edək ki, Əli Kərimlinin “facebook” səhifəsində xanım sosial şəbəkə istifadəçilərinə daha aqressiv münasibət göstərilir, onların həm rəylərinə, həm də inbokslarına küçə söyüşləri yazılır, təhqirlər edilir. Burada da məqsəd həmin xanımları psixoloji gərginliyə salaraq sosial şəbəkələrdən uzaqlaşdırmaqdır.

Əli Kərimli xəttilə şaxələnən təhqir və söyüş fəaliyyəti “sosial şəbəkə müxalifəti”nin digər nümayəndələrində də müşahidə edilməkdədir. Məsələn, Sevinc Osmanqızının “facebook” və “Osmanqızı TV” adlı “youtube” kanalında da hakimiyyət tərəfdarlarının ünvanına kütləvi təhqir yağdırılması adi haldır. Hər dəfə canlı yayımda əxlaqdan, qeyrət və namusdan dəm vuran S.Osmanqızı nədənsə kanalında işlətdiyi trolların fəaliyyətindəki bu mənəvi-etik naqislikləri nəzərə almır. “Osmanqızı TV” kanalında təkcə bir canlı yayıma 670-dən çox təhqir və söyüş yazılmışdı. Budurmu “Osmanqızı” əxlaqı..?

Eyni təhqir yağışını biz Natiq Ədilovun, Tural Sadıqlının və Məhəmməd Mirzəlinin “Azadlıq” qəzeti, “Azad söz” və “Made in Azerbaijan” kanallarında da müşahidə edirik.

Ümumi müşahidələrimiz nəticəsində gəldiyimiz qənaət bundan ibarətdir ki, adları çəkilən kanalların içərisində “şərh” bölümündə ən çox təhqir və söyüşə yer verən “Azərbaycan saatı”dır. Bu kanal Əli Kərimlinin nəzarətindədir və trolların böyük əksəriyyətini cəbhəçilər təşkil edir. Orada ayrı-ayrı şəxsləri və hətta bütövlükdə xalqı belə təhqir etmək adi haldır. Kanalın admin və moderatorları təhqir kampaniyasına başçılıq etdiklərindən, ştatlı trollar da söyüşü adi danışıq tərzinə çeviriblər.

Məsələn, kanalın “Hər Şey Azərbaycan Üçün” adlı moderatorunun canlı yayım başlayan kimi ilk cümləsi belə olur: “Hakimiyyətin əleyhinə ən sərt formada fikirlərinizi bildirin”. Yəni, bununla da Qənimət Zahidin daha çox etimad etdiyi moderator digər trolların zəncirini tərpədir və təhqir kampaniyasına start verir.

Kanalın "HÜSEYN AŞİQİ" adlı moderatoru Q.Zahidin canlı yayımlarını bəyənib paylaşmayanları “şərəfsiz” adlandırır. Hətta hərdən daha irəli gedərək xalqı da təhqir edir.

Moderatorlardan "Zeynəb Məmmədli" və "ZEMA ZEYNALİ" guya qadın cinsinə mənsub olsalar da, xanımlara xas davranış nümayiş etdirmir, təhqir yazılmasının önündə gedirlər.

Təbii ki, moderatorların tapşırıqları üzrə hərəkət edən sadə trollar da təhqirdə onlardan geri qalmırlar. Təqdim olunan “screen”lərdə moderatorların və adi trolların söyüş ritorikasını aydın şəkildə görə bilərsiniz.

Cəbhəçilərin təhqirlərinə eyni zamanda YAP Gənclər Birliyinin “facebook” səhifəsində də rast gəlmək mümkündür. Aşağıdakı şəkildən də görürsünüz ki, AXCP və Əli Kərimlinin ifşasına həsr olunmuş istənilən statusun altında cəbhəçilər YAP-çılara və digər hakimiyyət tərəfdarlarına ən pis formada təhqirlər yağdırırlar.

Ümumiyyətlə, sosial şəbəkələrdə aparılan söyüş-təhqir kampaniyasını təhlil edərkən ifrat iyrənc mənzərə ilə rastlaşırıq. Normal polemika apara bilməmək, diskussiya bacarığından uzaq olmaq, yalnız təhqirlə danışmaq bütövlükdə AXCP-dəki mənəvi-siyasi atmosferi nümayiş etdirir. Bir anlığa elə təsəvvür formalaşır ki, Əli Kərimli və AXCP rəhbərliyində təmsil olunan digər şəxslər bilərəkdən məhz savadsız, əxlaqdan və tərbiyədən kənar olanları tapıb partiyaya cəlb ediblər.

Hər zaman olduğu kimi, bu dəfə də gənc cəbhəçiləri təhqir ritorikasından əl çəkməyə, AXCP adlı “şər-böhtan maşını”ndan uzaqlaşmağa dəvət edirik. Ümid edirik ki, həmyaşıdlarımız söyüş və təhqirin yolverilməzliyini dərk edəcək, Əli Kərimlinin tam iflasa uğramış siyasətçi və pis bloger olduğunu anlayaraq düşdükləri səhv yoldan geri çəkiləcəklər.

Ramil Vəlibəyov,
YAP Nizami rayon təşkilatı GB sədrinin müavini,
siyasi elmlər üzrə fəlsəfə doktoru


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər