Rusiya-Türkiyə tərəfdaşlığında ciddi çat yaranmaqdadır. Bəşər Əsəd ordusu İdlib şəhərinin müxtəlif məntəqələrinə həmlələr həyata keçirir, bombardman davam edir. Aydındır ki, Bəşər Əsəd Kremlin icazəsi olmasaydı belə bir riskli əməliyyata başlamazdı.
Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzi məlumat yayıb.
Rusiya Prezidenti Vladimir Putinin hələ ötən ildən türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana İdlib şəhərinə hücum əməliyyatını ləngidəcəyi ilə bağlı söz verdiyi xatırladılıb: “Bunun qarşılığında isə Ərdoğan Putinə söz vermişdi ki, İdlibdəki silahlı müxalifət qısa zamanda radikal qrupları şəhərdən çıxaracaq. Olmadı, bu müddətdə tam əksi baş verdi, radikal qruplar silahlı müxalifəti İdlibin əksər hissəsindən sıxışdırıb çıxardılar. İndi Putin bunu əlində rəhbər tutaraq Əsədə “hücuma başlaya bilərsiniz” əmrini verib. Ancaq Putin bu əmri verməklə Ankara ilə münasibətlərdə sualların sayını çoxaldır”.
Putinin bir sıra amillərə görə arxayın olduğu vurğulanıb: “Birincisi, Putin görür ki, hazırda Türkiyənin Qərb dünyası ilə münasibətləri hamar deyil, Amerika keçmiş müttəfiqinə hərbi təyyarələr satmır. Ona görə də Putin hesab edir ki, Ərdoğan İdlibə görə onunla münasibətləri gərginləşdirməz. İkincisi, Rusiya Türkiyəyə S-400 raketlərini satıb. Ərdoğan gələcəkdə bu raketləri Rusiya ilə birgə istehsal edəcəyinə əmindir. Kreml buna razıdır. Bu amil də Ərdoğana Rusiya ilə münasibətlərdə diqqətli olmağı diqtə edir. Putin də bunu anlayır. Üçüncüsü, Türkiyə son anda Amerika ilə razılaşaraq Suriyaya növbəti hərbi əməliyyatda koordinasiyaya ümidlidir. Pentaqon sözdə koordinasiyaya razılaşıb. Bu koordinasiyanın necə işləyəcəyi şübhə altındadır, türkiyəli rəsmilər də amerikalı həmkarlarından tam əmin deyillər, çünki amerikalı generalların PKK uzantıları ilə əlaqələri davam edir. Buna baxmayaraq, Ankara ilə Vaşinqtonun Suriyaya mümkün koordinasiyası Putinin xoşuna gəlməyib. Kreml sahibi İdlibə hücum əmri verməklə Ankaraya mesaj yollayır ki, Suriyada Türkiyə-Amerika koordinasiyası Rusiyanın regional maraqlarına cavab vermir. Putinlə Ərdoğan arasında növbəti görüş sentyabrın 16-da baş tutmalıdır. Onlarla görüşə İran prezidenti də qatılacaq”.
Qeyd edilib ki, başqa sözlə bu, Astana prosesinin davamıdır: “Putin bu tarixə qədər Əsəd ordusunun İdlib ətrafında daha çox uğur qazanmasını təmin etməyə çalışacaq. Çünki Ərdoğanla görüşdə Putin türkiyəli həmkarının İdliblə bağlı yeni istəyinə “yox” demək istəmir. Əslində Ərdoğan İdlibdəki vəziyyətdən narahat olsa da, Türkiyənin yaxın günlərdəki əsas hədəfi Suriyanın terrorçu PYD-nin nəzarətindəki ərazisinə yeni hərbi əməliyyata başlamaqdır. Kreml Əsədlə birgə İdlibə hücum əməliyyatları həyata keçirərkən, Türkiyə də Fərat çayının şərq hissəsinə əməliyyat başlaya bilər. Yəni Kreml Ankaraya belə bir sövdələşmə təklif edə bilər: “Ankara Əsəd ordusunun İdlibi ələ keçirməsinə razılaşmasının əvəzində Moskva və Dəməşq Türkiyənin də Fəratın şərqində hərbi əməliyyatına müdaxilə etməyəcək”.
Mərkəz buna baxmayaraq, Türkiyənin İdlib ətrafında kiçik hərbi məntəqələri olduğunu xatırladıb: “Digər tərəfdən Ankara İdlib ətrafındakı Suriyanın silahlı müxalifətinin məğlub olmasını da istəmir. Yəni Ankara Kremllə Əsədin İdlib əməliyyatına göz yumsa belə, şəhər ətrafındakı hərbi məntəqələrinə və silahlı Suriya müxalifətinə hücumların olmayacağı təminatını almağa çalışacaq”.