3 Sentyabr 2019 12:40
646
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda vaxtilə az-çox fəaliyyəti nəzərə çarpan siyasi təşkilatlardan biri - Yaşıllar Partiyası fəaliyyətini dayandırıb.

Bu barədə partiyanın keçmiş sədri Mais Güləliyev məlumat verib.

Qeyd edək ki, Mais Güləliyevin rəhbəri olduğu bu təşkilat 16 dekabr 2006-cı il tarixində Avrоpa Yaşıllar Partiyasının əsas prinsiplərini qəbul edərək, yaradılmışdı.

Lakin 2013-cü ildə sədr Mais Güləliyevin qurumdan ayrılmasından sonra Azərbaycan Yaşıllar Partiyasının fəaliyyəti də hiss olunmur. Son zamanlar isə ümumiyyətlə, partiyanın ləğv olunduğu, heç bir sənədlərdə adının çəkilmədiyi qətiyyətlə vurğulanır.

Partiya ilə bağlı araşdırmamızda da buna bir daha əmin olduq. Yaşıllar Partiyasının sosial şəbəkə hesabı, rəsmi internet səhifəsi olan “azerigreens.org” saytı tamamilə istifadəsizdir. Yaşıllar Partiyasının əlaqə vasitəsi kimi qeyd olunan ofis telefonuna da zəng etdik. Məlum oldu ki, partiyanın bir ofisi belə yoxdur.

Yaşıllar Partiyasının keçmiş sədri Mais Güləliyevin isə xaricə köçdüyü ilə bağlı bir müddət əvvəl söz-söhbət yaranmışdı. Lakin o, Modern.az-a açıqlamasında bunu təkzib etdi:

“Mən hazırda siyasətlə məşğul olmuram. İqtisadiyyat sahəsində elmi fəaliyyətimi davam etdirirəm. Amma xaricə köçməyimlə bağlı iddialar əsassızdır. Azərbaycanda yaşayıram. 2013-cü ildə Yaşıllar Partiyasından ayrılmışam. 6 ildir ki, partiyanın fəaliyyətdə olub-olmaması ilə bağlı heç maraqlanmıram da. Amma mətbuatda və heç bir rəsmi məqamda adı çəkilmirsə, demək, bu qurum fəaliyyət göstərmir”.

Yeri gəlmişkən, Mais Güləliyev 16 dekabr 2006-cı il tarixində Yaşıllar Partiyasını təsis edəndə Azərbaycanda elə bu adda bir təşkilat vardı. Eynilə Yaşıllar Partiyası adlanan həmin qurum 1993-cü ildə yaradılmışdı. Belə ki, 1989-cu ildə Azərbaycanda Yaşıllar Hərəkatı başlayıb, 1993-cü ildə siyasi partiyaya çevrilib və sədri keçmiş ekologiya naziri Arif Mansurov olub. O, vəfat etdikdən sonra - 2002-ci ildən həmin partiyaya Elmar Qafarov və mərhum sədrin həyat yoldaşı Cəmilə Mansurova rəhbərlik ediblər. Bu partiya hətta 2003-cü ildəki president seçkilərində İsa Qəmbəri müdafiə edərək "Bizim Azərbaycan" seçki blokunda da təmsil olunub.

Lakin 2003-cü ildəki prezident seçkisində İsa Qəmbərin məğlubiyyətə uğraması ilə "Bizim Azərbaycan" seçki bloku da dağıldı və Elmar Qafarovun sədri olduğu Yaşıllar Partiyası itib-batdı, siyasət arenasından yoxa çıxdı.

Bundan istifadə edən Mais Güləliyevin yaratdığı Təşəbbüs Qrupu 16 dekabr 2006-cı il tarixində yeni Yaşıllar Partiyası təsis etmişdi. O zaman yeni təşəbbüskarların məqsədi Azərbaycanda sol təmayüllü, sosial ədalət, ekologiyanın, ətraf mühitin qorunması, insan haqlarının müdafiəsi, demokratiyanın inkişafı kimi prinsiplərə xidmət göstərən bir partiya qurmaq idi. Amma görünən odur ki, 1-ci Yaşıllar Partiyası kimi, 2-ci Yaşıllar partiyası da ölü quruma çevrildi.

Qeyd edək ki, Yaşıl partiyaların əsas ideologiyasını yaşıl siyasət anlayışı təşkil edir. Bu, ekologiya və ətraf mühitin qorunmasına önəm verən, şiddətə qarşı və cəmiyyətdə ədaləti müdafiə edən prinsiplər üzərində qurulmuş ideologiyadır.

Yaşıl siyasətdə təbiətin və sülhün qorunması əsas məqsədlər hesab olunur. Siyasətin bu istiqamətinin beynəlxalq rəmzi günəbaxandır. Yaşıl siyasətin müdafiəçiləri Yaşıllar hərəkatını başladaraq, xüsusən 1980-ci illərin əvvələrindən etibarən bir çox ölkədə partiya qurublar. Bu anlayış ilk olaraq Almaniyada 1979-cu ildə qurulan Yaşıllar Partiyasından götürülür. Hazırda Avropanın demək olar, hər bir ölkəsində ətraf mühitin qorunmasını siyasətin məqsədi kimi qəbul edən “Green Party”lər (“Yaşıl Partiya”) mövcuddur. Hətta bəzi ölkələrin Yaşıl Partiyaları parlamentdə, dövlət idarəçiliyində də nüfuz sahibidirlər./Modern.az/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər