10 Sentyabr 2019 17:46
534
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məni sabah “Azərbaycanda siyasi proseslərə xarici müdaxilə meyilləri” mövzusunda keçiriləcək dəyirmi masaya dəvət ediblər və orada iştirak edəcəyəm.

Bu sözləri Teleqraf.com-a müxalifət Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

ADP sədri bildirib ki, müzakirəyə çıxarılan mövzu onun üçün çox aktualdır: “Azərbaycanda xarici qüvvələrə işləyən şəxslərlə bağlı ən çox bəyanat verən, narazılıq ifadə edən siyasətçilərdən biri də mənəm. Vaxt ilə Milli Şura ilə bağlı mövqeyim olub, son dövrlər bəzi şəxslərlə bağlı da fikirlər işlətmişəm. Fakt odur ki, Azərbaycanda xarici qüvvələrə işləyənlər var və Azərbaycanın suverenliyi üçün bu təhlükəli haldır”.

ADP sədri əlavə edib ki, sabah keçirilən dəyirmi masanı hakimiyyət və müxalifət arasında dialoq kimi təqdim etmək doğru olmazdı: “Tədbirin təşkilatçısı Ana Vətən Partiyasının sədri Fəzail Ağamalıdır. Bu tədbiri partiyalararası müzakirə kimi qiymətləndirmək lazımdır. Dialoq üçün rəsmi addım olmalıdır. Əlbəttə, sabahkı toplantıda YAP-ın da təmsil olunacağı gözlənilir. Amma YAP nümayəndələrinin olduğu tədbir dialoq sayılmamalıdır. Söhbət konkret bir mövzu ətrafında siyasi partiyaların müzakirə aparmasından gedir. Konfliktologiya elminə görə, problemlərin yaranma səbəblərindən biri də əks tərəflərin eyni problemi bir yerdə müzakirə etməməsidir. Yəni hər kəs problemi ayrı-ayrılıqda müzakirə edəndə ayrı-ayrı nəticə çıxır və bu da konfliktə səbəb olur. Hesab edirəm ki, sabah keçiriləcək tədbir ölkədə bir problemin aradan qalxmasına kömək edəcək”.

Müxalifət partiyalarının tədbirə qatılıb-qatılmayacağına gəldincə, Sərdar Cəlaloğlu deyib ki, şəxsən özü tədbirdə iştirak edəcək: “Çünki mövzu olduqca aktual və vacibdir. Bu mövzunun müzakirə edildiyi yerdə olacağam. Başqalarını deyə bilmərəm. Başqaları ola bilsin deyəcək ki, “hava soyuqdur, gələ bilmədim” və ya “Fəzail Ağamalının paltarından xoşum gəlmir”. Marağı olmayanlar bəhanəni hər zaman tapa bilər. Amma biz iştirak edəcəyik və ümid edirəm ki, dəvət olunanlar da tədbirə qatılacaq”.


Müəllif: Cavad

Oxşar xəbərlər