“Bir ilə yaxındır kı, Ermənistanda Amulsar qızıl mədəni ətrafında qalmaqal səngimir. Amulsara ən yaxın rayon olan Cemrukda aylardı kı, hökumət əleyhinə aksiyalar davam edir. Amulsar mədəni – Ermənistanın ikinci ən böyük qızıl yatağıdır. Ehtimallara görə, mədəndə 31 milyon ton filiz, 40 ton qızıl var”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib.
Ekspert qeyd edib ki, Baş nazir Nikol Paşinyan parlamentdə çıxışı zamanı faktiki olaraq Amulsar ətrafında yerli əhali ilə razılaşmadığını dilə gətirib:
“Maraqlıdır ki, keçən ilin bu vaxtı parlament seçkilərinə 3 ay qalmış Paşinyan təmamilə fərqli çıxışlar edirdi. O bildirirdi ki, Amulsar mədəni əgər Göyçə gölünün və Cemrukun ekologiyasına mənfi təsir göstərəcəksə, onun istismarından söhbət belə gedə bilməz. Əslində Ermənistan baş nazirinin davranışında qeyri-adi heç nə yoxdur.
Populist və demaqoq siyasətçilərdən olan Paşinyan hakimiyyətə gələndən sonra verdiyi heç bir sözə əməl etməyib. Bu isə erməni cəmiyyətində Paşinyana olan simpatiyanın hər ay daha da aşağı düşdüyünə gətirib çıxarır. Yayın sonuna olan sosioloji sorğulara görə artıq Ermənistan əhalisinin yarıya qədəri Paşinyana simpatiya bəsləmir. Xatırlatmaq yerinə düşər ki, düz bir il əvvəl Paşinyana olan rəğbət 90 faizdən çox idi.
Amulsar məsələsinə gəlincə, bu mədən Ermənistan hökuməti üçün istər maliyyə, istərsə də siyasi baxımdan əhəmiyyətlidir. Faktiki olaraq bu gün Ermənistandakı əksər siyasi partiyalar və vətəndaş cəmiyyəti institutları yatağın istismarına qarşıdır. Onlar bu məsələdə yerli əhalinin fikirlərini bölüşərək layihənin ciddi ekoloji böhrana gətirib çıxaracağını bildirirlər.
Keçən ay Daşnaksütyun Partiyası Amulsarla bağlı referenduma ehtiyacın olduğunu bəyan etmişdi. Sasna Çrer Partiyasının üzvlərindən biri isə ötən həftə Paşinyanla görüşdən sonra Amulsarla bağlı baş nazirin atacağı hər hansı addımın onun siyasi karyerasını müəyyənləşdirəcəyini açıq şəkildə qeyd etmişdi”.
Zaur Məmmədov bildirib ki, Amulsar ətrafında baş verənlərlə Qırğızıstandakı yataqlar ətrafında baş verənlər arasında paralel də aparmaq olar:
“Yeri gəlmişkən, Amulsar ətrafında baş verənlər ABŞ və Rusiyanın İrəvandakı səfirliklərinin ciddi nəzarəti altındadır. Hələ 2018-ci ildə ABŞ-ın Ermənistandakı keçmiş səfiri Riçard Mills erməni hökumətinə mədənin istismarının vacibliyini qeyd edirdi.
Bu yaxınlarda Ermənistandakı Amerika Ticarət palatası “Lydian İnternational” kompaniyasının istismar etməli olduğu Amulsar qızıl yatağı ilə bağlı Paşinyana məktub ünvanlayaraq problemin tez bir şəkildə investorun lehinə həll edilməsinə ümid etdiklərini bildirmişdi. Məsələ burasındadır kı, bir ildən çoxdur şirkət qızıl və filiz yataqlarında iş apara bilmir.
Bir müddət əvvəl “Lydian İnternational” şirkəti Paşinyan hökumətini beynəlxalq məhkəməyə müraciət edərək 2 milyard dollarlıq iddia qaldıracaqları ilə hədələmişdi. Məhz bundan sonra Nikol Paşinyan yerli əhalini ölkə qanunlarını pozmaqda ittiham edərək onların cəzasız qalmayacağını bildirmişdi”.
Politoloq vurğulayıb ki, bu günlərdə ABŞ ın İrəvandakı səfiri, eyni zamanda Amerika Ticarət palatası nümayəndələri Amulsar ətrafında baş verənlərin ABŞ-Ermənistan münasibətlərinə xələl gətirəcəyini və xarici investorları qorxudacağını bildirib:
“Digər maraqlı fakt ondan ibarətdir ki, Ermənistanda dağ-mədən yataqları ilə bağlı ekoloji problemlər nədənsə Çin və Rusiya şirkətlərinin istismar etdikləri regionlarda yox, “Lydian İnternational” kompaniyasının investoru olduğu bölgədə qabardılmaqdadır. Hər halda ortada olan bir məsələ birmənalıdır – Paşinyanın xalqı qarşısında ikiüzlü oyun apardığı.
Beləliklə, bəlli olan bir məsələ var. İnvestisiyalar üçün qapı-qapı düşən Paşinyan Qərb kompaniyalarının Ermənistanı tərk etməsi ilə üzləşə bilər. Bütün bunlar Ermənistanda hüququn işləmədiyinin daha bir göstəricisidir. Deməli, ermənilərin hüquqla bağlı problemi təkcə Qarabağda yox, elə xarici investorlarla münasibətlərində də müşahidə olunur”.