12 Sentyabr 2019 21:43
401
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ölkəmizə rəsmi səfəri çərçivəsində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti xanım Lilian Mori Paskie ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə Lilian Mori Paskie dövlətimizin başçısı tərəfindən qəbul edilməsini yüksək dəyərləndirdiyini bildirib və təşkilat çərçivəsində Azərbaycan ilə mövcud münasibətlərin hazırkı durumu, əməkdaşlığın cari inkişaf səviyyəsi və perspektivləri barəsində Azərbaycan Respublikasının Prezidenti və Milli Məclisin Sədri ilə məhsuldar fikir mübadiləsi apardığını qeyd edib.

Elmar Məmmədyarov Azərbaycan ilə AŞPA arasında mövcud olan qarşılıqlı faydalı əməkdaşlığın əhəmiyyətini vurğulayıb və Azərbaycan tərəfinin Avropa Şurası və onun institutları ilə əməkdaşlığı davam etdirməkdə maraqlı olduğunu diqqətə çatdırıb.

Daha sonra Lilian Mori Paskie Avropa Şurasında aparılan islahatlar, o cümlədən təşkilatda ortaya çıxan problemlərin aradan qaldırılması üçün yaradılan yeni mexanizmlər haqında danışıb. Avropa Şurasının 70 illiyindən söz açan AŞPA prezidenti bu münasibətlə səfəri çərçivəsində Azərbaycanda da belə bir tədbirin keçirilməsinə göstərilən dəstəyə görə təşəkkürünü ifadə edib.

Söhbət əsnasında Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların son vəziyyəti ilə bağlı qonağı geniş məlumatlandırıb.

Sonra tərəflər arasında qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər