13 Sentyabr 2019 19:47
1 500
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un əməkdaşı Türkiyə ətrafında baş verən proseslər, Suriyada yaşananların mümkün nəticələri, türk-rus yaxınlaşması, ABŞ-Türkiyə münasibətləri və digər mövzuları Türk Silahlı Qüvvələrinin təqaüddə olan generalı, 2000-2002-ci illərdə Türkiyənin Qırğızıstandakı hərbi ataşesi olmuş Namiq Kamal Çalışkandan müsahibə alıb. Həmin müsahibəni təqdim edirik:

- Suriyada nə baş verir və Türkiyənin Suriya ilə bağlı konkret hansı maraqları var?

- Bu suala cavab vermək üçün əvvəla, SSRİ-nin süqutundan sonra dünyada meydana gələn prosesləri, xüsusilə, təkqütblü dünya düzəninin formalaşmasını, ABŞ-ın dünyaya təqdin etmək istədiyi yeni düzənə baxılmalıdır. ABŞ XXI əsrdə dünya üzərində hegemonluğunu təmin etmək məqsədi güdür. ABŞ özü bunu heç zaman inkar etmir. Deyir ki, Yaxın Şərq Projesi əsasında ən azı 22 ölkənin sərhədləri dəyişəcək. Beləcə bu layihə ilə bölgə ölkələrinin milli dövlətlərinin parçalanması, texnologiyada meydana gələn sürətli dönüş, insanları satın almaqla artan istehsal münasibətlərinə təsir edə bilmək və satın alma gücü olan insan kütlələri yaratmaq məqsədi güdülür.
Başqa sözlə, yeni dünya, yeni iqtisadi düzən dedikdə sərmayə, mallar və insanların sərbəst hərəkəti nəzərdə tutulur. Amma bunun tətbiqinə gəldikdə, ABŞ özü üçün bunu istəyir, lakin başqası üçün istəmir. Məsələn, Çin və ya Hindistan ABŞ-da bir şirkəti sərbəst hərəkət edən sərmayə ilə almaq istəyəndə etiraz edirlər. Bu, nə deməkdir? Yəni düzən mənim istədiyim kimi, ABŞ mənfəətlərini önə çıxaran düzən olacaq. Bbu qədər açıq və net şəkildə ortaya qoyulan məqsəddən sonra bölgə ölkələrində, başda İraq olmaqla Suriyada, Liviyada, Misirdə məlum proseslər yaşandı.
Sizin sualınız spesfik olaraq Suriya mövzusunda olduğu üçün qeyd edim ki, bu bölgədə imperializm və kapitalizmə qarşı savaşaraq xalqın dirənişi ilə bərabər Mustafa Kamalın öndərliyində “müstəqillik və azadlıq mənim xarakterimdir” deyən türk milləti İngiltərə və Amerika sisteminə qarşı, habelə fransız, yunan və italiyanlarla savaşdı, Osmanlı işğal olundu və türklərə sadəcə Anadoluda kiçik bir yer verdilər. Biz də buna qarşı dirəndik, mübarizə apardıq və Türkiyə Respublikasını qurmaqla dünya dövlətlərinin bizəı hazırladıqları çərçivəyə qarşı çıxdıq.
Həmin o illərdə Suriyanın “bizi də xilas edin” çağırışlarına Mustafa Kamal “siz də daxildən mübarizə aparın, xilas olun. Sonrasını düşünərik” dedi. Çünki Mustafa Kamal Osmanlı zabiti idi və Suriyanın Osmanlı torpaqları olduğunu bilirdi. İndi Yaxın Şərq Projesinin ən önəmli bölgə ölkələrindən İraq, Suriya, İran və Türkiyə üzərində təsirləri var. 100-150 il əvvəl ingilislər müharibə apararkən, bu bölgələrdə təhrik etmək istədiyi ən önəmli etnik qrup kürdlər olub. Kürdlər normalda İraq, İran, Suriya və Türkiyədə yerləşiblər. Bu dörd ölkədən qoparılaraq Böyük Kürdüstanı qurmağın əsas məqsəd Türkiyənin Yaxın Şərq ölkələri ilə mədəni, humanitar, tarixi, iqtisadi və siyasi əlaqələrini kəsməkdir. Eləcə də bu yolla İsrailin təhlükəsizliyi təmin ediləcək, ABŞ-ın Yaxın Şərqdə olan neft və qaz qaynaqlarına çıxışına imkan yaranacaq, bu qaynaqların hansı yollarla dünya bazarına çatdırılması müəyyənləşəcək. Həmçinin neft və qazın dünya bazarında hansı qiymətlə satılacağına ABŞ-ın qərar verəcəyi bir düzən yaradılacaq. Türkiyənin burada ən böyük səhvi odur ki, 100 il əvvəl Anadolunu işğal etməyə çalışan İngiltərə Yunanıstanı təhrik edərək Türkiyəyə necə hücum təşkil etdisə, ABŞ da Türkiyəni cəlb edərək Suriya üzərinə eyni hücumu təşkil etdi. Türkiyə kimi tarixi birliyə sahib, hər zaman imperalizmə qarşı çıxan bir ölkənin bu çağda mirasını daşıyan bizlər Qurtuluş savaşında babalarımızın bizə ötürdüyü dəyərlərə xəyanət etdik. Biz qətiyyən elə bir addım atmamalı idik, Suriya bizə qonşu dövlətdir, əsirlərdir birgə yaşayırıq. Türkiyə Suriyaya müdaxilə etməklə səhv siyasət apardı. Hətta o zaman bizim bəzi siyasətçilərimiz “iki-üç saata filan məsciddə namaz qılacağıq” kimi ifadələr işlədirdi. Əslində bütün bunlar Türkiyənin indiyə qədər apardığı milli xarici siyasətə uyğun gəlmirdi. O zaman “Strateji dərinlik” kitabını yazan Əhməd Davudoğlunun AKP sədri və baş nazir olduğu dövrdə atdığı addımlar Türkiyənin strateji dərinliyə deyil, strateji çuxura dartıb apardı. Yəni bu addımlar iqtisadi, sosial, təhlükəzilik və müdafiə istiqamətində də Türkiyəni böyük sıxıntalara saldı.

- Siz, hesab edirsiniz ki, türk ordusunun Suriyaya daxil olması yanlış qərar idi?

- Bəli, bu yanlış addım idi.

- Bu halda Türkiyə nə etməli idi?

- 1990-cı illərdə Turqut Özalın prezidentliyi dövründə Türkiyənin İraqa müdaxiləsini dəstəkləyən siyasi qanad var idi. O zaman Baş qərargah rəisi Nəcib Torumtay “İraqa müdaxilə olmaz” deyib istefaya getdi. Çünki o zaman İraqa müdaxilə Türkiyənin mənfəətlərinə uyğun gəmirdi. Əksinə, bu daha çox ABŞ-ın mənfəət və marağına uyğun olan, eyni zamanda Türkiyənin qonşularla əlaqələrini pozan addım idi. Türkiyə heç vaxt bölgə ölkələri ilə qonşuluq əlaqələrini pozan, onlara zərər verən xarici siyasəti izləməyib. Müharibənin başında edilən səhv müharibənin sonuna qədər davam edir. Bu gün biz Türkiyənin səhv Suriya siyasəti səbəbindən əvəz ödəyirik. Məsələn, təhlükəsizlik üçün əlavə xərclərə gedirik, qaynaqlarımızı xərcləyirik, Suriyada daxili müharibə səbəbindən ölkəmizə gələn 4 milyon qonşumuzu qonaq etmək üçün pul xərcləyirik. Bunların gələcəkdə başqa problemlər yaratmaq ehtimalı da var. Mənim qənaətim belədir ki, əvvəldən bizim Suriya siyasətimiz səhv oldu.Biz dərhal Suriya ilə görüşlərə başlamalı, münasibətlərimizi yoluna qoymalıyıq. Əslində, ABŞ, YPG, PYD-ni silahlandırmaqla, Türkiyə isə Suriyadakı müəyyən qüvvələri dəstəkləməklə Suriyanın sabitliyini pozdu.

- Demək istəyirsiniz ki, bu səhv siyasət sonunda Türkiyə-Rusiya yaxınlaşmasını qaçılmaz etdi?

- Suriyada Əsədin hakimiyyətdən getməsini istəyən ABŞ var, amma Türkiyə də var. Ola bilsin ki, bu daha çox ABŞ-la müttəfiq olmağımızdan, ikili və ya NATO əlaqələrindən irəli gəlir. Lakin bunun Türkiyə üçün hansı mənfəəti olduğunu deyə bilmərəm. Başlanğıcda bizi Suriyada Əsədin yıxılması üçün müştərək əməliyyatara, Suriya içinə müdaxiləyə təhrik edən ABŞ vəziyyətin asan olmadığını gördükdə dərhal siyasət dəyişikliyinə getdi. Amma bizi idarə edənlər eyni sürət və qıvarqlıqla bu dəyişikliklə ayaqlaşa bilmədi.
Suriya məsələsində Əsədə dəstəyi Rusiya verdi. Rusiya eyni zamanda uzun tarix boyu isti dənizlərə çıxmaq arzusuna heç vaxt çata bilməyəcəyi qədər çatdı. Əsəd Suriyada ona dəstək verən ruslarla əlaqələri daha da dərinləşdirdi. Həm maddi, həm iqtisadi, həm siyasi, həm də hərbi mənada. Hətta Türkiyə bir rus qırıcısını vurduğuna görə münasibətlər pis vəziyyətə düşdü. Sonradan Putinlə Ərdoğan müdriklik nümayiş etdirərək, iki ölkə arasında münasibətləri inkişaf etdirdi. Bu doğru addım idi. Əks təqdirdə ABŞ-ın bölgədə hakimiyyəti artdıqca bütün bölgə ölkələrində sabitlik pozulacaqdı. Nəticədə Bəsrə körfəzindən İsgəndəriyyə körfəzinə qədər kürd dəhlizi yaradılacaqdı. Bu dəhliz İsrailin təhlükəsizliyini təmin edəcək, Qərb ölkələrinə gedən qaz və neft xətlərinin keçəcəyi məkan olacaqdı. Türkiyənin, İraqın, İranın və Suriyanın bölgədən böyük güclərin uzaq durmasına səbəb olacaq qonşuluq əlaqələrini sürətlə inkişaf etdirməsi getdikcə çətin duruma düşür. Bölgə ölkələri ağıllı davranmalı, daha böyük güclərin bu regionda hegemonluq etmələrinə imkan verməməlidir. Əks təqdirdə böyük ölkələrin bu regionun hər yerində təsirli olması, bu bölgənin yerli güclələrini, yəni bizi narahat edəcək. Bu mənada ağıllı davranmaq olduqca vacibdir.

- Siz, Rusiya-Türkiyə yaxınlaşmasını necə şərh edirsiniz?

- Türkiyə I Dünya Müharibəsindən sonra, Atatürkün təkpartiyalı hökumət dövründə, sağlam əlaqələri varkən II Dünya Müharibəsinin təsiri, habelə Rusiyanın təhdidləri səbəbindən NATO-ya daxil oldu, Qərb blokunda yer aldı. O zamana qədər iqtisadiyyatını, sənayeləşməni, demokratikləşməni özü yarada bilən Türkiyə getdikcə bu üstünlüyü itirməyə, başqa güclərin idarə etdiyi təsirlərə daha çox məruz qalmağa başladı. Bu yanlış siyasət idi. Ola bilsin ki, o dövrün türk siyasətçiləri doğru addım atdıqlarına inanırdı. Amma ABŞ və Qərb düşərgəsi ilə əlaqələrini genişləndirən Türkiyə sənayeləşməsini zəiflətdi, müstəqil sənayesini qurmaq imkanını itirdi. Biz o illərdə Danimarka, Hollandiya və Belçikaya təyyarə satacaq hala gəlmiş və 34 ədəd təyyarə satmışdıq. Hətta öz tanklarımızın istehsalına başlanmışdı. Amma ABŞ bunların hamısını dayandırıb və “bu silahları mən sizə satacağam” mövqeyini ortaya qoydu. Nə zaman Türkiyə real sənayeləşməyə və demokratik ölkə olmağa cəhd edibsə, ABŞ ölkəmizdə iqtisadi-maliyyə böhranları yaradıb. Və ya daha güclü Türkiyə olmaq məqsədilə ağır sənaye, əlvan metallurgiya sərmayələri qoymaq istəniləndə, ABŞ buna imkan verməyib. Açıq deyib ki, siz bu bölgədə təsərüfatçı, südçü, əkinci ola bilərsiniz. Sənin əlvan metallurgiya, hərbi ləvazimatlar, hərbi avadanlıqlar istehsal etməyinə ehtiyac yoxdur. Başqa sözlə, bu şeyləri sizə mən satacağam və siz də mənim adamım olacaqsınız. Yeri gəlmişkən, bildirim ki, 1960-cı illərdə bizə Rusiya kömək edib. Dəmir, polad, alüminium zavodu layihəsini ruslarla birgə həyata keçirmişik. Amma müdafiə sahəsində ruslarla heç bir zaman əlaqəmiz olmayıb.

- İndi ruslarla hərbi sahədə əlaqələriniz güclənir, hətta S-400 kompleksləri aldınız, hazırda təyyarə və helikopter almaqla bağlı müzakirələr aparılır...

- Bəli, hərbi sahədə əməkdaşlıq bu dövrdə oldu. Amma niyə oldu? Çünki Türkiyə yüksək səviyyəli hava hücumundan müdafiə sisteminə ehtiyac duyur və 15-20 ildir ki, bununla bağlı işlər görür. Əvvəl, biz Çinlə bu barədə müzakirələr apardıq, onlardan hava hücumundan müdafiə kompleksləri almağla bağlı az qala razılığa gəlmişdik. Amma ABŞ-ın müdaxiləsi ilə bu istəyimiz baş tutmadı. Bu məqam çox müzakirə edilməsə də, qənaətim belədir ki, məhz ABŞ-ın müdaxiləsi nəticəsində Türkiyə-Çin danışıqları uğurla başa çatmadı. ABŞ bununla da, “silah almaq istəyirsənsə, bizdən alacaqsan” deyirdi.

- Amma ABŞ Türkiyəyə “Patriot” sistemləri satmadı...

- Yox, burada başqa məqam var. Biz istəyirik ki, yüksək keyfiyyətli hava müdafiə sistemimiz milli və öz nəzarətimizdə olsun. Çünki proqramları NATO və ya ABŞ-ın nəzarətində olan hava hücumundan müdafiə komplekslərinin Türkiyənin milli maraq və mənfəətlərinə xidmət edəcəyinə şübhəmiz var. Biz ABŞ-dan istədiyimiz şərtlərlə belə komplekslər ala bilmədik. Yəni bu komplekslərin texnologiyası ilə birlikdə Türkiyəyə idxal edilib onun ortaq istehsalını həyata keçirmək tələblərimizə heç vaxt müsbət cavab vermədilər. Biz dedik ki, “Patriot” sistemlərinizi sizdən alırıq, amma onu həm də istehsal etmək istəyirik. Onlar isə, “yox, bu mümkün deyil” dedilər. Bax, bizim Rusiya ilə hərbi sahədə əlaqələrimizin başlaması və ABŞ-la qırılma nöqtəsi buradadır. Niyə? Almaq istədiyimiz silahı istədiymiz şəkildə bizə verməyənin yerinə, bunu verənlə anlaşdıq. Çünki bu halda Türkiyə hava hücumundan müdafiə sistemlərinə sahib olmaqla Yaxın Şərqdəki bir sıra təhdidlərin qarşısını almağa da nail olacaq. Bölgədə hər kəsdə belə sistemlər var, ancaq bizdə yoxdur. Özümüzü müdafiə edə bilmirik. Rusiya da deyir ki, bu sistemləri sizin istədiyiniz şəkildə sata bilərik. Biz də aldıq. Bu dəfə də ABŞ “vay, siz rus silahı alırsınız, bu NATO standartlarına uyğun gəlməz” deməyə başladı. Amma onların belə reaksiyası ABŞ-ın Türkiyəyə həqiqətən sadiq, güvəniləcək və strateji müttəfiq olduğu haqda deyilənləri yalan çıxarır. Bu faktiki olaraq, mənim ABŞ-ın irəlidə Türkiyəyə müdaxilə edərək ölkəni param-parça etmək niyyətində olduğunu düşünə biləcəyim qədər etibarsızlıq mühiti yaradır. Niyə ABŞ mənim bu silahı almağımı istəmir? Çünki özü Böyük Kürdüstan qurmaq və s. məsələlərdə Türkiyə ilə üz-üzə qalmaq durmuna gələrsə, Türkiyədə onun nəzarətində olan hava müdafiə sistemini blok edər. Amma ruslardan aldığım texnologiyanı blok edə bilməz və mən ona güclü dirəniş göstərərəm, yaxınlaşan raket və ya təyyarəsini vuraram. Onun üçün bizim Rusiyadan bu silahı almağımızı istəmir. Baxın, hətta belə ehtimallar mənim ağlıma gələ bilir. Niyə sən mənə istədiyim silahı vermirsən? Üstəlik biz dost və müttəfiqik. Deməli, istəyirsən ki, hər şey sənin nəzarətində olsun. Nəticədə nəzarətdən çıxan müttəfiq böyük dövlətlər tərəfindən qəbul edilməz. Bu Rusiyanın nəzarətində olan dövlətlər üçün də keçərlidir, ABŞ-ın nəzarətində olan dövlətlər üçün də.

- Siz niyə güman edirsiniz ki, Rusiyadan aldığınız S-400 komplekslərinə ruslar nəzarət etməyəcək?

- Biz ruslarla apardığımız müzakirələrdə bunu birlikdə istehsal edib türk istehsalına çevirmək razılığını aldıq. Başqa cür ola da bilməz. ABŞ-dan aldığımız şərtlərlə Rusiyadan alsaq, bunun nə mənası olardı? Rusiya ilə bu texnoligiyanın gələcəkdə birgə istehsalını həyata keçirəcəyimiz haqda razılaşdıqdan sonra onun alınması qərarı verilib. Başqa cür ola da bilməz.

- Yəni siz rus-türk yaxınlaşmasını müsbət qarşılayırsınız?

- Rusiya-Türkiyə əlaqələri ABŞ-ın bir sıra planlarını pozur. Təkcə bu iki ölkə də deyil. Şanxay Əməkdaşlıq Təşkilatını qeyd etmək istərdim. Baxın, 2001-ci ilin iyununda Şanxay Əməkdaşlıq Təşkilatı quruldu. Burada Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikstan və Çin bir araya gəldi. Bundan düz 100 gün sonra ABŞ-da 11 sentyabr terror hadisəsi baş verdi. 11 sentyabr hadisələri Şanxay Əməkdaşlıq Təşkilatına qarşı ABŞ-ın Mərkəzi Asiyaya müdaxilə etməsinin başlanğıcı oldu. ABŞ bu hadisə ilə dünyanın ictimai mövqeyini öz xeyrinə dəyişdi və aşırı islamçıları vurmaq üçün imkan əldə etdi. Bu mənada 11 sentyabr hadisələri ABŞ dövlətinin öz xalqının gözündə atacağı addımlara haqq qazandırmasının başlanğıcıdır. Və beləcə bundan sonra Orta Asiyaya müdaxilə olundu.

- Siz hansı müdaxiləni nəzərdə tutursunuz, belə bir müdaxilə olubmu?

- 11 sentyabr hadisəsindən sonra ABŞ Əfqanıstana hücum etdi. Orta Asiyaya daxil olmaq üçün ən yaxşı yol Əfqanıstandır. Nəzərə alın ki, 2000-2002-ci illərdə mən Qırğızıstanda hərbi ataşe idim. Qırğızıstanın Manas hava limanı vardı. Baxın, 2000-ci ilin avqustunda ABŞ-ın Qırğızstandakı səfirliyinin hərbi ataşe bölümündə 8 zabit vardı. İki aydan sonra onların sayı 15, daha sonra 25 oldu. Bir azdan 40 nəfər oldu. 11 sentyabr hadisələrindən sonra ABŞ-ın Qırğızıstandakı hərbi ataşeliyində 130 personal vardı. Mən türk ataşesi olaraq tək polkovnik idim. Rusiya ataşesində 70-80 zabit vardı. Çin səfirliyinin hərbi ataşeliyində isə 7-8 zabit təmsil olunurdu. Qırğızıstanda əsasən, ABŞ, Rusiya, Çin və Türkiyə vardı. Amma mənə deyirdilər ki, sən təksən, bizim ataşe personalımız çoxdur. Deyirdim ki, sizim hamınızın görəcəyiniz işi mən tək edirəm. Çünki iki aydan bir azı 5-6 hərbi təyyarə ilə hərbi ləvazimatlar gəlirdi. Bizim təhsil qrupumuz vardı vı qırğız ordusunu iki il müddətinə sıfırdan qurduq. Dediyim odur ki, ABŞ Orta Asiyaya müdaxilə üçün 11 sentyabr hadisələrindən istifadə etdi. İndi Türkiyənin olduğu regionda qeyri-sabitlik yaradılıb, bundan əvvəl Əfqanıstan və İraqa müdaxilə oldu. Hazırda İrana hücum haqqında düşünülür. Bunu həyata keçirmək üçün Suriyada nisbətən sakitlik yaratmaq istəyir, amma buna asanlıqla nail ola bilməyəcək. Liviya da tamamilə dağıdılıb, Misiri Mübarəkdən sonra yenidən nəzarətinə aldı. Türkiyə isə nəzarət kənarı davranışlar edir. Çünki olan bitən hadisələrin getdikcə Türkiyənin əleyhinə olduğunu görür. PYD, YPG, SDG-ya ABŞ minlərlə yük avtomobili iləsilah ötürüb. Bütün bunlar Türkiyəyə qarşı addımlardır.

- Bunun sonu necə olacaq?

- İndilikdə Türkiyə sanki ABŞ-la razılaşaraq ortaq patrul xidməti həyata keçirir, qərargah qurur və s. Məncə, əslində bunlar nəticəsiz fəaliyyət, Türkiyə üçün zaman itkisidir. Fəratın şərqinə lazım olan müdaxiləni gecikdirmək bəlkə də bizim daha ağır əvəz verməyimizə səbəb olacaq. Qısa müddətə bunlar görünəcək. Türkiyə Fəratın şərqinə müdaxilə etmək məcburiyyətindədir və edəcək də. O cümlədən də Qəndilə. ABŞ ilə də qarşı-qarşıya gəlmək zorunda qalacağıq. Türk xalqına kimsə yalan deməsin. Türk xalqı öz haqq və mənfəətini, habelə bütövlüyünü təmin etmək üçün ABŞ-la qarşı-qarşıya gələcək. Bunun başqa tərəfi yoxdur. Türkiyə bölgədə 100 il əvvəl olduğu kimi, bu gün də savaş ortamına girmək məcburiyyətində qalacaq. Bu anda təməl sıxıntı bununla bağlıdır. Ölkədə iqtisadi böhran var və bu səbəbdən də ABŞ, ingilis, fransız sərmayəsinə ehtiyac var. Həm də düşünürlər ki, bu sərmayəni çəksələr, iqtidardan gedərik. Amma digər tərəfdən də təhlükəsizlik problemi də var.

- Deyirsiniz ki, Türkiyə sonunda müharibə aparmalı olacaq. Bəs Türkiyə bu müharibəyə hazırdırmı?

- Türkiyənin gücü var, sadəcə Türkiyə öz gücünün fərqində deyil. Türkiyə aslanlar ordusudur. Bu millətin gücü böyükdür, tarix bunu göstərib. Bizim kimi güclü dövlətə savaşmadan qalib gəlmək istəyən ölkələri müharibə meydanına çəkməyə məhkumuq. Çünki gerçəkdən müharibə aparacağımız ölkələrin insanlarının savaşa gücü çatmaz. Onlar başqa yaşam tərzinə öyrəniblər. Məsələn, daha çox uzaqdan raket atmaq, zərbə endirmək. Türkiyənin qarşısına gələrək savaşacaq heç bir ölkə görümürəm.


Müəllif: Nemət Orucov