İran qondarma “Dağlıq Qarabağ Respublikası” komandasının Tehranda keçirilən ermənilərin idman olimpiadasındakı iştirakını təkzib edir.
Teleqraf.com-un məlumatına görə, bu barədə məlumat İranın Azərbaycandakı səfirliyinin bəyanatında əks olunub.
Bəyanatda bildirilir ki, İranın Bakıdakı səfirliyi İslam Respublikasının rəsmi idman qurumlarından əldə etdiyi məlumata görə, qondarma respublikanın komandasının olimpiadada iştirak etməsinə heç bir icazə verilməyib.
İran səfirliyi qeyd edir ki, bu olimpiadanın heç bir siyasi aspekti yoxdur və ondan siyasi motivlər üçün istifadə etməyə icazə verilməyəcək.
İran səfirliyinin bəyanatında qeyd olunur ki, İran İslam Respublikası Azərbaycan Respublikasının müstəqillik əldə etdiyi ilk günlərdən və çətin durumlarda həmişə qardaş Azərbaycan xalqı və dövlətinin yanında olub.
Bəyanata əsasən, İran Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayır və bu siyasətində heç bir dəyişiklik etməyəcəyini qeyd edir: "İran və Azərbaycanın dostluğu əbədidir və qeyri-real xəbərlər, şayiələr iki dost və qardaş dövlətin əlaqələrinə xələl yetirə bilməz".
Qeyd edək ki, Tehranda 15 sentyabrda start götürən 51-ci erməni olimpiadasında qondarma “DQR” komandasının iştirak etməsi ilə bağlı KİV-də məlumat yayılıb.