19 Sentyabr 2019 10:18
2 631
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hadisələr göstərir ki, Putin və Tramp arasında dünyanın yenidən bölüşdürülməsi uğrunda güclü oyun gedir. Putin və Tramp Çinlə Hindistanı bu oyundan kənarda saxlamaq üçün xalçaaltı siyasət yürüdürlər. Hesab edirəm ki, qloballaşma adı altında dünyanın yenidən böldüşdürülməsi prosesi gedəcək. Nəticədə Avropa və Asiya Rusiyada qalacaq, qalanların hamısını Amerikaya verəcəklər”.

Politoloq Cümşüd Nuriyev belə düşünür. Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- İsraildə parlament seçkilərində səslər demək olar ki, Baş nazir Netanyahu və sabiq qərargah rəisi Benni Qantzın partiyaları arasında bərabər bölüşdürülüb. Qantzın koalisiya hökuməti qurmaq şansı var və sabiq müdafiə naziri Libermanın ona dəstək verəcəyi deyilir. Sizcə, hərbçilər hökumət qurmaq fürsəti əldə etsə, bu, bölgədə hansı proseslərə yol aça bilər? Xüsusən də İran və Fələstin məsələlərinə yanaşmada...

- Netanyahunun hakimiyyəti dönəmində İsrail həmişə gərginlik ocağı olub, çünki o, həddən artıq millətçidir. Eyni zamanda, İslama nifrət edən dövlət başçılarından biridir. Bundan başqa Netanyahunun və ailə üzvlərinin adı bir sıra rüşvət məsələlərində çəkilir. Amma Qantz yeni bir simadır. Nəzərə alsaq ki, Liberman da Netanyahu ilə yola getmir, bu səbəbdən də hərbçilərin hökumət qurmaq ehtimalı daha real görünür. Yəni, İsrail dövlətinin maraqlarına uyğun olan yeni bir hökumət qurula bilər. Bu, Netanyahudan fərqli olaraq, aqressiv bir hökumət olmayacaq. Çünki Netanyahu nə fələstinlilərin hüququnu tanımaq istəyir, nə də Qüds məsələsində loyal mövqe tutur.

Netanyahu müharibə adamıdır. Məlumdur ki, ABŞ da daha çox müharibədən gəlir götürməyə çalışır, yəni, Netanyahu Amerikaya bağlı adam olduğuna görə, yeni müharibə ocaqlarını qızışdırmağa cəhd edir, xüsusən də İranla bağlı. Nə onun İranı görməyə gözü var, nə də İranın onu... Bütün hallarda şəxsi nifrət dövlətlərarası nifrətə çevrilib, bu da dini müstəviyə keçib. Belə bir şəraitdə Netanyahunun yenidən baş nazir olması, İsrailə yaxşı heç nə vəd etmir.

- Ehtimal olunan hakimiyyət dəyişikliyi baş versə, bu, İsrail-Azərbaycan münasibətlərinə necə təsir göstərəcək?

- İsrail dərin dövləti olan ölkələrdən biridir. Adətən, İsrailin bütün maraqlarını masonlar müəyyən edir. Mason Lojası də yüz illərdir dünyada İsrailin mövqeyini gücləndirməklə məşğuldur, eyni zamanda, bütün yəhudilərin maraqlarına xidmət edən bir strukturdur. Mason Lojasının Azərbaycana münasibəti müsbətdir. Çünki yüz illərdir Azərbaycanda yaşayan yəhudilərin hansısa bir problemi olmayıb, indi də yoxdur, gələcəkdə də olacağına inanmıram. Digər yandan, Azərbaycan yəhudiləri heç vaxt Azərbaycanın maraqlarını satmayıb. Azərbaycanın maraqlarını həmişə ermənilər və ruslar (malakanlar) satıb. Buna görə də, hakimiyyət dəyişikliyindən sonra da, Azərbaycan-İsrail münasibətlərində cüzi bir dəyişikliyin baş verəcəyinə inanmıram. Yəni, biz bir-birimizi kifayət qədər sevən və ayrı-ayrı dinlərə mənsub xalqlarıq.

- Digər bir önəmli məsələ isə Belarus və Rusiyanın Birlik Dövləti çətiri altında birləşəcəyi ilə bağlıdır. Bu barədə tərəflər arasında anlaşmanın əldə edildiyi deyilir. Sizcə, bu, mümkündürmü? Belə bir birləşmə Rusiyanın iştahasını bir qədər də qabarda və digər qonşu dövlətlər üçün təhlükəyə çevrilə bilərmi?

- Putin 2020-ci ildə belə bir birlik yaratmaq istəyir, onun məqsədi yeni bir ittifaq yaratmaqdır. Belarus Prezidenti Lukaşenko isə buna etiraz edir. Baxmayaraq ki, Lukaşenkonu “diktator” adlandırırlar, amma o, Belarusun müstəqil dövlət kimi qalmasında maraqlıdır. Amma Belarusun iqtisadi imkanları geniş olmadığına görə, bu variantın baş tutmaq ehtimalı çox yüksəkdir. Son zamanlar da bu məsələ çox dilə gətirilir.

Ukraynanın buraya qoşulmaq ehtimalı da gündəmdədir. Ukrayna, Belarus və Rusiyanın tarixdə bir dövlət olmaq məsələsindən danışılır. Digər tərəfdən isə Zelenski kifayət qədər qeyri-peşəkar bir siyasətçidir. Zelenski demokratik yolla seçilsə də, Ukraynaya böyük bəlalar gətirəcək. Çünki üç adamı idarə edə bilməyənlərin hamısına vəzifə verib. Buna görə də Ukraynanın bu qarşıdurmada uduzmaq ehtimalı böyükdür. Putin maksimum bu birliyin qurulmasına çalışacaq, bu proses də 2020-ci ildə başa çatmalıdır.

Qorxunc ssenari olsa da, bu, baş tuta bilər. Bu baş versə, Azərbaycanın müstəqilliyi də təhlükə qarşısında qala bilər. Çünki Rusiya Cənubi Qafqazı yenidən ələ keçirmək istəyir. İran da bu məsələdə Rusiyanı dəstəkləyir. Putin hakimiyyətdə olanadək, Rusiya imperiya ambisiyasından əl çəkməyəcək. Belarus və Ukraynadan sonra Cənubi Qafqaz Rusiyanın diqqətində olan əsas bölgədir. Ermənistan artıq Rusiyanındır, Gürcüstan yarımcan haldadır, Azərbaycanı isə yaralayıb. Rusiya bu yaranı (Qarabağ) sarımaq əvəzinə, bunu yenidən qanatmağa başlayıb. Buna görə də ehtiyatlı olmalıyıq.

- Vaxtilə Rusiyada bizneslə məşğul olmuş sabiq daxili işlər naziri Georgi Qaxariyanın Gürcüstanda baş nazir postuna təyin edilməsi ABŞ və Avropa mediasında etiraz yaratdı. İddia olundu ki, Rusiyanın Gürcüstanı siyasi olaraq ələ keçirməsi prosesi tamamlanmaq üzrədir, Qərb isə baş verənləri səssizlik içində izləyir...

- Rusiya sabiq baş nazir Bidzina İvanişvilini Fransanın əli ilə hakimiyyətə gətirib, buna görə də Avropa İttifaqının Gürcüstanda baş verən siyasi dəyişikliyə müdaxilə etmək ehtimalı çox aşağıdır. Digər yandan, ABŞ Fransaya problem yaratdı, Makronla Tramp arasında şəxsi müstəvidə gərginlik var. Amma Makron cavan olsa da, Avropa siyasəti sürətlə qocalmağa doğru gedir. Rusiya da bundan yararlanacaq.

Məlumdur ki, Qaxariya İvanişvilinin sağ əlidir. Gürcüstanda artıq diktatura qurulur. Hesab edirəm ki, Qaxariyanın bu posta gətirilməsi, Gürcüstanın Rusiyaya yaxınlaşması ilə nəticələnəcək və Azərbaycan üçün problemlər yaranacaq. Çünki Azərbaycanın Türkiyəyə əsas çıxış yolu Gürcüstan üzərindəndir. Bundan sonra da mümkündür ki, gürcülər bizim maraqlarımızı satsın. Tarixən bunu ediblər və yenə də edə bilərlər. Buna görə də Azərbaycan alternativlər üzərində düşünməlidir.

ABŞ-ın Gürcüstanda gedən proseslərə müdaxilə ehtimalına gəlincə, Qafqaz Trampı maraqlandırmır. Hadisələr göstərir ki, Putin və Tramp arasında dünyanın yenidən bölüşdürülməsi uğrunda güclü oyun gedir. Putin və Tramp Çinlə Hindistanı bu oyundan kənarda saxlamaq üçün xalçaaltı siyasət yürüdürlər. Hesab edirəm ki, qloballaşma adı altında dünyanın yenidən böldüşdürülməsi prosesi gedəcək. Nəticədə Avropa və Asiya Rusiyada qalacaq, qalanların hamısını Amerikaya verəcəklər. Buna görə də Afrikanı Çinin əlindən almağa çalışacaqlar. Ola bilsin ki, buna əlavə olaraq, Səudiyyə Ərəbistanı ABŞ-a bağışlanılsın.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər