19 Sentyabr 2019 15:00
924
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyə NATO ölkəsi olsa da, Avropa İttifaqına və ya Qərb dünyasına inteqrasiya prosesi baş vermir. Bu istiqamətdə Türkiyəyə ciddi problemlər yaradılır. Türkiyə də bir sıra addımlar atmaqla, Qərb dünyasına təzyiqlər edir. Bu da öz nəticəsini verir”.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev belə düşünür. Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Rusiyadan alınan “S-400” hava hücumundan müdafiə sistemlərinin ikinci partiyasının Türkiyəyə verilməsi tamamlandı. Amma ABŞ vəd etdiyi sanksiyaları hələ də tətbiq etmir. Sizcə, bunu Ərdoğanın qələbəsi saymaq olarmı, yaxud ABŞ gözlənilməz həmlə edəcək?

- Rusiyadan “S-400” sistemlərinin alınması birbaşa Ərdoğanın qələbəsi deməkdir. Ankara kənar müqavimətlərin qarşısından geri çəkilsəydi, bu, Türkiyənin beynəlxalq nüfuzuna ciddi zərər vura bilərdi. Amma geri çəkilməyən Türkiyə bununla beynəlxalq miqyaslı bir oyunçu olduğunu sübut etdi. İkinci tərəfdən, Rusiya ilə münasibətlərin yaxşı olması Türkiyə üçün çox önəmlidir. Çünki Türkiyəyə ən çox turist gələn ölkələrdən biri Rusiyadır, bu sırada ruslar birinci yeri tutur. Bu baxımdan, bu ölkədən hava hücumundan müdafiə sistemləri almaqla və buna görə edilən təzyiqlər qarşısında zəiflik göstərməməklə Türkiyə doğru qərar verdi.

Eyni zamanda, Türkiyə NATO ölkəsi olsa da, Avropa İttifaqına və ya Qərb dünyasına inteqrasiya prosesi baş vermir. Bu istiqamətdə Türkiyəyə ciddi problemlər yaradılır. Türkiyə də bir növ bu cür addımlar atmaqla, Qərb dünyasına təzyiqlər edir. Bu da öz nəticəsini verir.

- Türkiyə-Suriya sərhədində təhlükəsizlik zolağının qurulması məsələsində ABŞ-la anlaşa bilməyən Prezident Ərdoğanın suriyalı həmkarı Bəşər Əsədlə danışıqlara başlayacağı xəbərləri yayılır. İndiki situasiyada Ərdoğanın bundan başqa variantı varmı?

- Türkiyənin atdığı addımlar öz sərhədlərinin təhlükəsizliyinin təmin edilməsinə yönəlib. Rusiyadan “S-400” sistemlərinin alınması Türkiyə dövlətinin və sərhədlərinin qorunmasına yönəlik bir addım idi. Əlbəttə, Türkiyə öz sərhədləri yaxınlığında və ölkə daxilində terror təşkilatlarının fəaliyyət göstərməsinə, bu təşkilatların ölkənin təhlükəsizliyinə təhdid yaratmasına göz yuma bilməz. Türkiyə dövlətinin maraqları naminə Ərdoğan əvvəlki fikirlərindən geri çəkilib Suriya prezidenti ilə görüşə bilər.

Düşünürəm ki, belə bir görüş mümkündür. Digər yandan, ortada Rusiya-Türkiyə-İran yaxınlaşması faktoru var. Bu üçlükdə Türkiyədən başqa digər iki ölkə Bəşər Əsədin yanındadır, ona dəstək verirlər. Sonda bu məsələdə Ərdoğanı kompromisə getməyə vadar edə, onu fikrindən daşındıra bilərlər. Türkiyənin maraqlarına cavab verəcəksə, onun istədiyi olacaqsa, bu görüş baş tuta bilər.

- Ehtimal olunan görüş baş tutsa – Ankara və Dəməşq arasında bir anlaşma olsa, bu, Suriyadakı böhranın həll prosesində hansı rolu oynayacaq?

- Ümumiyyətlə, Türkiyənin Bəşər Əsədin şəxsinə qarşı müxalif mövqedə durması Əsəd üçün təhlükəli bir hal idi. Türkiyənin Suriya prezidentinə qarşı barışmaz mövqedə durması da, ABŞ və onun başçılıq etdiyi koalisiyanın əl-qolunu açmışdı. Əgər Türkiyə Əsədlə barışmaq yolunu tutsa, arada ABŞ və ya Qərb dünyası ilə fikir ayrılıqları əmələ gələ bilər, amma bu, Suriya böhranının həllinə ciddi formada töhfə vermiş olacaq. Yəni, Ərdoğan və Əsədin görüşməsi Suriya məsələsinin həllində əsaslı rol oynaya bilər.

- Səudiyyə Ərəbistanının neft müəssisələrinə dron hücumu bölgədə vəziyyəti gərginləşdirib. ABŞ birmənalı olaraq İranı ittiham edir, qarşı tərəf isə bunu rədd etsə də, İrandan qisas məsələsi gündəmə gəlib...

- Bölgədə mürəkkəb və anlaşılmaz hadisələr baş verir. Əlbəttə, İran Yəməndə siyasi qrupları dəstəklədiyini inkar etmir, amma onlara hərbi dəstək vermədiyini bildirir. Bununla yanaşı, ABŞ və Səudiyyə Ərəbistanı Yəməndə digər qruplara həm hərbi, həm nəzəri, həm də praktiki cəhətdən kömək edir. Onlara silah da satırlar, onların tərəfində durduqlarını inkar da etmirlər. Buna görə də, İranı Yəməndəki müəyyən qruplara dəstək verdiyinə görə, “gözdən düşmüş keçi”yə çevirmək qəbul olunası hal deyil.

Düşünürəm ki, İranın bu hücumda iştirakını sübut etsələr belə, İran dünya ictimaiyyəti tərəfindən çox ciddi şəkildə məzəmmət olunmayacaq. Çünki burada İran birbaşa iştirak etmir, məsələ bu hücumu edənlərə kömək etməsi kimi səciyyələndirilə bilər. Əlbəttə, İran da öz tərəfindən qeyd edəcək ki, Səudiyyə Ərəbistanı da, ABŞ da, Qərb koalisiyasının digər üzvləri də Yəməndəki müəyyən qruplaşmalara silahlı kömək edirlər. Bu baxımdan, bu məsələ ciddi şəkildə müzakirə olunacaq, amma bunun müharibə təhlükəsinə gətirib çıxaracağına inanmıram.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər