“Ermənistan təhlükəsizlik xidmətinin direktoru Artur Vanesyanın istefası Rusiya ilə bağlı olan məsələdir”.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Natiq Miri deyib.
Ekspertin fikrincə, bir neçə gün əvvəl Artur Vanesyanın Ermənistanın Təhlükəsizlik Xidməti ilə bağlı səsləndirdiyi fikirlər Kremldə narazılıq yaradıb:
“Nədənsə, Azərbaycanın siyasi ekspertləri Vanesyanın Ermənistanın Təhlükəsizlik Xidməti ilə bağlı son açıqlamasına fikir vermədilər. Vanesyan Ermənistanın Təhlükəsizlik Xidmətinin müstəqil olduğunu və Rusiyanın təhlükəsizlik sistemindən daha güclü olduğunu iddia etdi. Əlbəttə, bu iddia Rusiya hakimiyyəti tərəfindən xoş qarşılanmadı. Rusiya təhlükəsizlik şurasının katibi Patruşevin bu açıqlamadan sonra İrəvana gəlməsinə də diqqət verilmədi.
Hesab edirəm ki, Patruşevin bu səfəri bilavasitə Vanesyanın bu iddiası ilə bağlı idi”.
Natiq Mirinin sözlərinə görə, Rusiyan Ermənistanı özünün forposti kimi görür, buna görə də Vanesyanın açıqlaması Kremldə qıcıq yaradıb:
“Məlumdur ki, Rusiya özünün “arxa bağçası” hesab etdiyi ölkələrin hərbi və təhlükəsizlik xidmətləri ilə koordinasiyalı fəaliyyət göstərir. Rusiya həmişə bu iki sistemə nəzarəti özündə saxlamağa çalışır. Bu baxımdan Vanesyanın açıqlaması Rusiyanın xoşuna gələ bilməzdi. Buna görə də Vanesyanın istefasını bu kontekstdə dəyərləndirmək daha doğru olardı”.