“25 illiyini qeyd etdiyimiz “Əsrin müqaviləsi Azərbaycanın mövqeyini və simasını kökündən dəyişdi. Hamımız xatırlayırıq ki, 1994-cü ildə bu müqavilənin imzalanması ərəfəsində Azərbaycan iqtisadiyyatı hansı vəziyyətdə idi. Sağ-soldan olan hücumlar, ölkənin içindəki qarışıqlıq, bərbad iqtisadiyyat, yolların normal olmaması, Bakının özünün belə biabırçı durumda olması kimsənin yadından çıxmayıb. Bütün bunlar bizim gözümüzün qabağında olub”.
Bunu Teleqraf.com-a açıqlamasında “Yeddi Dövlət Bir Millət” konseyinin başqanı, jurnalist Azər Həsrət deyib.
Onun sözlərinə görə, “Əsrin müqaviləsi” imzalandıqdan sonra bütün bu problemlərin həlli istiqamətində addımlar atılmağa başlanıldı:
“Növbəti mərhələdə Bakı-Tiflis-Ceyhan boru kəmərinin çəkilməsi ona gətirib çıxardı ki, Azərbaycan böyük həcmdə pullar qazanmağa başladı. Nəticədə ölkənin siması dəyişdi, indi də Azərbaycan kökündən dəyişmiş ölkələrin sırasında ilk yerlərdən birini tutur.
Bundan başqa, beynəlxalq müstəvidə Azərbaycanın mövqeyi kəskin formada dəyişdi. Azərbaycan öz ayaqları üstündə o qədər möhkəm dayanmağa başladı ki, hətta digər ölkələr bizi qısqandılar. Xüsusən ABŞ və Avropa kimi dünyanın aparıcı ölkələri Azərbaycana günü-gündən möhkəmlənən mövqeyinə görə qısqanc mövqedən yanaşdılar. Daha bir nəticə də o oldu ki, bizimlə hesablaşmaq məcburiyyətində qaldılar.
Bu gün Azərbaycan dünyanın ən sayılıb-seçilən ölkələri sırasındadır. Bu da uğurlu və doğru neft strategiyasının nəticəsidir. 25 il əvvəl imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanı öz ayaqları üstündə dura bilən, öz müstəqil siyasətini yürüdə bilən, dünya ölkələrinin hesablaşdığı bir dövlətə çevrilməsinə səbəb olub”.
Azər Həsrət hesab edir ki, Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin zamanında atdığı bu müdrik addım və verdiyi qərarın müsbət nəticələrini bu gün də görür:
“Halbuki həmin dönəmdə sağ-soldan hücumlar vardı, bu müqavilənin imzalanmasına əngəl olmağa çalışırdılar. Amma ulu öndər buna mane olmaq istəyən qüvvələri tərəfsizləşdirə bildi. Nəticə də budur ki, Azərbaycan “Əsrin müqaviləsi”ndən ciddi şəkildə bəhrələnir. Ölkə daxilində insanların rifah halının yüksəlməsi, daxildəki mənzərənin kökündən dəyişməsi, Azərbaycanın bütün istiqamətlərdə seçilən ölkələr sırasında yer alması, üstəgəl, beynəlxalq platformalarda bizim ciddi tərəfdaş kimi qəbul edilməyimiz “Əsrin müqaviləsi”nin bizə bəxş etdiyi çox böyük nailiyyətlərdir”.