21 Sentyabr 2019 16:07
1 024
12 Punto 14 Punto 16 Punto 18 Punto

“AXCP mütləq şəkildə bütövləşməli, mübarizə təmərküzləşməli, Elçibəy sevərlər bir çətir altında birləşməli və Əli Kərimli isə istefaya getməlidir. Çıxış yolu budur”.

Teleqraf.com xəbər verir ki, bunu qeydə alınmamış Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Razi Nurullayev deyib.

Partiya sədri Fuad Qəhrəmanlı və ailəsi ətrafında gedən müzakirələrə gec münasibət bildirməyin səbəblərini də açıqlayıb:

“Münasibət bildirməyə gecikmək səbəbim fürsət gözləyən damğasını önləmək idi. Çünki Əli Kərimlinin söyüş maşını ləkə yaxmaq, şər-böhtan atmaq, "satqın" damğası vurmaq üçün 24 saat ərzində pusquda yatır! Amma bu gün azad cəmiyyət qurmaq istəyən, qadına qarşı şiddətə qarşı olan hər kəs əlini daşın altına qoymalıdır.

Qadın nənəmiz, anamız, bacımız, həyat yoldaşımızdır. Onlara qarşı şiddətə və adət-ənənəmiz adı altında susmağa vadar etmə bağışlanılması mümkün olmayan günahdır. Xalqın təpgisi nəticəsində xalqın “qəhrəmanı”, anti-qəhrəman oldu. Bəli xalq böyük qüvvədir və amansızdır.

Fuad Qəhramanlının halına acıyıram, əslində o da qurbandır. O, Əli Kərimlinin qurbanıdır. Fuad Qəhrəmanlını uzun müddət tanımışam və qızının yazdıqlarını oxuyanda şok oldum və əvvəlcə inanmadım. Sonra düşündüm ki, necə ola bilər ki, bu cür ağıllı, dərrakəli və işini bilən adam dönüb tiran oldu.

Cavabını tapdım. Axı, mən də Əli Kərimli ilə bir olanda günüm-güzəranım yox idi, işim-gücüm onun tapşırıqlarını yerinə yetirmək, çıxışlarını, yazılarını tərcümə edib paylaşmaq, hər gün min yerə şərh yazmaq, status yazmaq, kimlərisə qaralamaq, bir neçə facebook profili işlədib, gizli adlarla opponentləri hədəfə almaq (şükür olsun uca Allaha ki, bunu heç zaman etmədim) idi”.

Razi Nurullayev qeyd edib ki, 5-6 il bundan öncə Rəyasət Heyətinin iclasları Fuad Qəhrəmanlının evində keçirilirdi:

“Hər şənbə günü onun ailəsi 20 nəfər süfrə açırdı və 20 nəfər onun evinin nizamını pozurdu. Çay, şirniyyat, mürəbbələr və s. Təbii ki, Əli Kərimlinin bu şəkildə istismarı çox ailələrə nifaq salıb, onları incidib və cəbhəçilərin beyinlərinə, düşüncələrinə pis təsir edib. Fuad Qəhrmanlı bir qurbandır və doğrusu onun halına çox acıyıram! Kaş ki, onun ailəsində bu hadisələr olmasaydı.

Adama ağır gələn odur ki, ən böyük günahlardan birini daşıyan, ailədaxili şiddəti gizləyən və onu neçə illər ərzində ört-basdır etmək üçün səylər göstərən, "qonşu arvad" funksiyasını yerinə yetirən Əli Kərimli yenə də özünü təmizə çıxarmaq üçün qurbanlar arayır.

Birinci növbədə istefaya getməli şəxs odur. Birincisi, bir faciəni, şiddəti uzun illər bilib, gizləyib və kömək etmək əvəzinə qurban tərəfləri susmağa vadar edib. İkincisi, yanında və rəhbərliyində təmsil olunan şəxslərdən hörmətli Seymur Həzini çıxmaq şərtilə hər kəs bu şiddətə haqq qazandırıb və qazandırmaqdadır. Yalnız xalqın təzyiqi və təpgisi ilə geri çəkilirlər. Çünki Əli Kərimli belə istəyir! Fuad Qəhrəmanlını elə müdafiə edirlər ki, o daha da gözdən düşür, Əli Kərimli isə əzabkeş obrazı qazanır. Allah belə bunu götürməz!

Bu gün onun qurban Fuad Qəhrəmanlı oldu. Hələ qurbanlar çox olacaq”.


Müəllif: Yalçın Uğur

Oxşar xəbərlər