Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Nyu-York səfəri zamanı ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb. Onun Ermənistanlı həmkarı Zöhrab Mnatsakanyanla görüşü də nəzərdə tutulub. Ancaq mən bu görüşdən heç nə gözləmirəm.
Bu fikirləri teleqraf.com-a Milli Məclisin deputatı, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Nyu-Yorkda keçirilməsi planlaşdırılan Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü haqqında danışarkən deyib.
Asim Mollazadənin sözlərinə görə, təcrübə göstərir ki, bu kimi görüşlərdən nəticə gözləməyə dəyməz: “Ermənistan sülhə hazır deyil, danışıqları imitasiya edərək oyunlarını davam etdirir. Məncə, onların səmimi olaraq problemi danışıqlar yolu ilə həll etmək istəyi yoxdur. Vaxtı uzatmaqla bir növ danışıqların mənasız olduğunu göstərirlər. Odur ki, belə danışıqlar zamanı hansısa razılaşma əldə olunacağına dair məndə heç bir ümid yoxdur”.
Azərbaycanın bu məsələ ilə bağlı həmsdər ölkələrə müracuət etməsinin vacib sayan Asim Mollazadə əlavə edib ki, müraciətdə Ermənistanın danışıqları pozduğu, Azərbaycan ərazilərinin işğal etməsi və erməni hakimiyyətinin təxribatçı bəyanat verməsinin qəbuledilməz olduğu vurğulanmalıdır: “Həmçinin qeyd edilməlidir ki, bu şəkildə aparılan danışıqların heç bir mənası yoxdur. Azərbaycan danışıqları həmsədrlərlə aparmalıdır. Görünən budur ki, erməni tərəfi oyunlarını davam etdirəcək. Bu mənada Nyu-York görüşünün mənası yoxdur”.