23 Sentyabr 2019 21:58
1 029
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan hələlik danışıqlara hazır deyil.

Bunu Teleqraf.com-a Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü ilə bağlı hərbi ekspert Azad İsazadə deyib.

O qeyd edib ki, Ermənistan danışıqların imitasiyası ilə məşğuldur:

“Sadəcə görüşürlər, söhbət edirlər, praktiki heç bir nəticə yoxdur. Başa düşməliyik ki, minimum 2019-cu ildə Ermənistan danışıqlara hazır olmayacaq. 2020-ci ildə nə baş verəcəyinə dair hazırda proqnoz vermək çətindir. Amma indiki vəziyyətdə ermənilərlə danışmağa mövzu yoxdur. Onlar belə deyək, danışmaq istəmirlər. Ona görə bu, sadəcə imitasiyadır”.

A.İsazadə 2019-cu ildə danışıqlarda heç bir nəticə əldə olunmayacağına dair fikirlərini onunla əsaslandırıb ki, Nikol Paşinyan daxili problemləri həll etməyənədək Qarabağ məsələsini gündəmə çıxarmayacaq, Azərbaycanla danışıqlara və kompromisə getməyəcək:

“Paşinyanın böyük daxili problemlərindən biri də 2020-ci ilin ortalarında qondarma Dağlıq Qarabağ rejimində keçiriləcək “prezident” seçkiləri ilə bağlıdır. Dağlıq Qarabağda separatçıların başına öz tərəfdarları gəlməyənədək Paşinyan onlardan daxili qüvvə kimi çəkinəcək və danışıqlara getməyəcək. Bundan başqa İrəvanın özündə Qarabağ klanı – Robert Köçəryan və Serj Sərkisyan faktoru var. Onların da İrəvanda mövqeyi zəif deyil. Əksinə, güclüdür. Üstəlik, Vladimir Putin də Köçəryanın tərəfində dayanıb. Necə deyərlər, “n” qədər amil var ki, Paşinyan onları nəzərə alıb real, nəyisə həll edə bilən danışıqlara getməyəcək”.

Qeyd edək ki, sentyabrın 22-də Nyu-York şəhərində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb. Bu gün – sentyabrın 23-də isə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə görüşün keçirilməsi nəzərdə tutulur.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər