24 Sentyabr 2019 18:42
582
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsi İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Yusif Əl-Othaiminin Ermənistanın Azərbaycana təcavüzü üzrə sentyabrən 23-də Nyu Yorkda keçirilən İƏT Kontakt Qrupunun iclasındakı çıxışının mətnini yayıb.

Teleqraf.com-un məlumatına görə, Baş katib ilk olaraq üzv ölkələrə Ermənistanın Azərbaycana təcavüzü üzrə İƏT-in görüşündə iştirak etdikləri üçün təşəkkür edib:

“Bu İƏT üçün Azərbaycan Respublikası ilə öz həmrəyliyini və ona davamlı dəstəyini bir daha nümayiş etdirmək, eləcə də bu böhranın sülh yolu ilə nizamlanmasına töhfə vermək üçün bir imkandır.

İƏT bu böhranı 1992-ci ildən etibarən izləyir. İƏT hər zaman Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyib, Ermənistanın Azərbaycan ərazilərinin böyük hissəsinin işğalını qeyri-qanuni hesab edib və öz etirazını bir çox platformalarda bildirib.

İƏT üzv dövlətləri bir daha bu məsələdə öz maraqlarını ifadə edərək, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin yerinə yetirilməsinə, Ermənistanın Azərbaycanın işğal altında olan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasına dair çağırış ediblər.

İƏT Ermənistanın təmas xəttində mütəmadi olaraq atəşkəsi pozması hallarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində Azərbaycanın bütün səylərini, həmçinin Azərbaycan tərəfindən vaxtaşırı olaraq bu pozuntular ilə bağlı ətraflı hesabatların dərc edilməsini dəstəkləyir”.

Qeyd edilir ki, İƏT-in Ümumi Katibliyi Azərbaycanın bir milyondan artıq qaçqın və məcburi köçkünlərinin əziyyətlərini dərin narahatlıqla izləyir:

“İƏT Katibliyi, üzv dövlətlərinə və onların müvafiq orqanlarına Azərbaycanda zərər çəkənlərə lazımi maddi və humanitar yardımın göstərilməsinə dair çağırış edib.

Dağlıq Qarabağ məsələsinin hər zaman ədalətli və sülh yolu ilə həll edilməsinə çağıran İƏT, bu xüsusda bütün səyləri və təşəbbüsləri təşviq edir. İƏT Kontakt Qrupunun bu məsələyə lazımi əhəmiyyətin verilməsi üçün israrlı təkidi ilə sonuncu görüşlərdən keçən müddət ərzində bizim Azərbaycana dəstək və həmrəyliyimiz, eləcə də istər BMT Baş Assambleyası, istərsə də İƏT qətnamələrinin yerinə yetirilməsi istiqamətində səylərimiz yenidən nəzərdən keçirildi.

Xüsusilə vurğulanmalıdır ki, 2019-cu ilin may ayında Məkkə şəhərində keçirilmiş İslam Zirvə Görüşü Konfransının 14-cü sessiyasında Kontakt Qrupunun görüşləri təqdirəlayiq hesab edilib və onun fəaliyyətinə tam dəstək ifadə olunub.

Ümid edirəm ki, bugünkü müzakirələrimiz Ermənistanı Azərbaycanın ərazi bütövlüyünə hörmət etmək və Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxmağa vadar etmək məqsədilə İƏT üzv dövlətlərinin kollektiv və individual səyləri üzrə tövsiyə və təkliflərə dair razılığın əldə olunması üçün şərait yaradacaq. Bu məsələdə davamlı dəstəyinizə görə təşəkkür edirəm”.


Müəllif: Səxavət

Oxşar xəbərlər