Demokrat Partiyasının Prezident Donald Trampı impiçment etməsinə dair addımları uğurlu olmayacaq. Respublikaçı Partiya Senatı tam nəzarətdə saxlayır. Əgər Nümayəndələr Palatasında demokratlar nəyəsə nail olsalar belə, gəlib Senatda ilişəcəklər. Senat öz prezidenti olan Trampı sona qədər müdafiə edəcək.
Bu fikirləri Teleqraf.com-a politoloq Zərdüşt Əlizadə ABŞ Prezidenti Donald Trampın impiçment ehtimalları haqqında danışarkən deyib.
O bildirib ki, demokratların prezident Trampa qarşı bu addımına siyasi mübarizə kimi baxmaq lazımdır: “Bizdə də seçkilər olacaq, bütün partiyalar seçkilərə hazırlaşır, mitinqlər keçirir, seçkilərə gedir və müxalifət uduzur. ABŞ-da da siyasi mübarizə onların öz təbrincə gedir.
Əslində ABŞ-ın Demokrat Partiyası bizim müxalıifətin günündədir. Prezident seçkilərini Trampa uduzublar. Zamanında Sandersin namizədliyini irəli sürmədilər. Əgər Sanders Trampla seçkiyə girsəydi onu asanlıqla udacaqdı. Bunu hamı bilirdi. Amma Sanders solçudur, ona görə xanım Hillarinin namizədliyini irəli sürdülər. Tramp da Hillarini uddu.
İndidə Demokrat Partiyası cənab Baydenin namizədliyini irəli sürüb. Con Baydenin sabah 80 yaşı olacaq. Demokratların başqa güclü namizədi yoxdur, nisbətən gənclərə isə etibar etmirlər.
Odur ki, demokratlar mənasız yerə impiçment oyununu başlayıblar, bu yolla Trampa seçki qabağı zərbə vurmağı düşünürlər. Ancaq onlar Trampı vəzifədən kənarlaşdırmaq gücündə deyillər. Əksinə, demokratların bu höcəti Trampa 2020-ci il seçkiləri qabağı əlavə xallar gətirə bilər.
Hesab edirəm ki, Tramp nəinki vəzifədən kənarlaşdırılacaq, hətta 2020-ci il seçkilərini udacaq”.