30 Sentyabr 2019 13:25
633
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Hörmətli sədarət, hörmətli millət vəkilləri! Mən də sizi payız sessiyanın başlaması münasibəti ilə təbrik edir, işinizdə uğurlar diləyirəm. Hesab edirəm ki, bu sessiyanın planı kifayət qədər gərgin və dolğundur, çox lazımlı və aktual qanunların qəbulu gözlənilir. Mən xüsusi ilə reproduktiv sağlamlıq və İnsan orqanların transplantasiyası haqqında qanunları qeyd etmək istərdim və xahiş edərdim ki, bu qanunlar mütləq payız sessiyasında qəbul edilsin, gələn ilə qalmasın, çünki bu qanunlar zamanın tələbidir və cəmiyyətin sifarişidir".

Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisdə çıxışı zamanı deputat, xalq yazıçısı Elmira Axundova səsləndirib.

Elmira Axundova təklif edib ki, “Gənc ailələrə sosial dəstəyin gücləndirilməsi” haqqında qanun layihəsi qanunvericilik işləri planına daxil edilsin: "Buna oxşar qanunlar bir sıra postsovet ölkələrində mövcuddur".

Millət vəkili daha sonra deyib: "Fürsətdən istifadə edərək bir məsələyə də diqqət yetirmək istərdim. Müasir dünyada müharibələrin çeşidli formaları yaranır. Bu müharibələrin ən təhlükəlilərdən biri kibermüharibələr və informasiya savaşlarıdır. Buna görə də informasiya sahəsində güclü kadrlar yetişdirməli, ən yeni informasiya texnologiyalarını tətbiq edərək bu sahəyə diqqəti maksimum artırmalıyıq.

Bu yaxınlarda “Azərbaycanda siyasi proseslərə xarici müdaxilə meyilləri” mövzusunda dəyirmi masa keçirildi. Həmin müzakirələr zamanı YAP İcra katibi, Baş nazirin müavini Əli Əhmədov bildirdi ki, ölkə xaricində anti-Azərbaycan kampaniyası aparanların sosial şəbəkələrdəki səhifələrinə ayda ortalama 10 min dollarlıq reklam yatırılır. Açıq aydın görünür ki, düşmənlərimiz bu insanlara maliyyə dəstəyi verərək, onlardan Azərbaycan haqqında mənfi rəy formalaşdırmaq, ölkəmizi nüfuzdan salmaq və beynəlxalq imicini zədələnmək üçün istifadə edir, daxili sabitliyin pozulmasına çalışırlar.

Dəyirmi masada iştirak edən, "Teleqraf" Media Qrupunun rəhbəri, bizim keçmiş deputat həmkarımız Aynur Camalqızı haqlı olaraq qeyd etdi ki: “Azərbaycanın sabitliyində, iqtisadi qüdrətinin artmasında maraqlı olan iş adamları da bunda maraqlı olmalıdır. Təəssüf ki, bizim reklam bazarımız tam formalaşmadığı üçün ayrı-ayrı informasiya qurumlarının bu istiqamətdə atdığı addımlar maddi-texniki baza çatışmazlığından arzuladığımız effekti vermir. Hesab edirəm ki, KİVDF-nin yeni mediaya diqqəti artırmasının zamanı çoxdan çatıb və KİVDF bizim maddi-texniki bazamızın təkmilləşməsində ciddi rol oynaya bilər".

Elmira Axundova Aynur Camalqızının fikirləri ilə tam razı olduğunu vurğulayıb: "ir neçə millət vəkilinin danışması ilə mübarizə aparmaq olmaz. Ona görə də gərək KİV DF bu sahəyə lazımı maliyyə dəstəyi versin. Bu fond öz işində köhnə kriteriyalarla işləməməlidir, zamanın yeni tələbləri ilə ayaqlaşmalıdır. Hesab edirəm ki, onlara dövlət tərəfindən ayrılan maliyyə vəsaitlərini, jurnalislərin mükafatlandırılmasına, müsabiqələrə və sair tədbirlərə yox, ilk növbədə virtual məkanda işləyən və özünə müvafiq yer tutan, samballı ad qazanan sayt və media qurumlarının maddi-texniki bazasının təkmilləşdirilməsinə yönləndirilməlidir.
Bir də bu media qurumlarının reklam məsələsi ciddi şəkildə yenidən düşünülməli və onlara əsaslı yardım edilməlidir ki, bizim jurnalist kadrlarımız informasiya savaşında lazımı mübarizəni apara bilsinlər.

Mən parlament kanalı məsələsinə yenə də qayıdıram, onu dəfələrlə hamımız demişik, istəmişik, ona görə ki bizə, deputatlara qarşı, dövlət adamlarına qarşı, rəhbərliyimizə qarşı edilən təhqirlərə və şaiyələrə vaxtında operativ və lazımi cavablar verə bilək. Gərək belə kanal olsun və bizim rupurumuza çevrilsin. Diqqətinizə görə minnətdaram".


Müəllif: Cavad

Oxşar xəbərlər