8 Oktyabr 21:28
1 058

Teleqraf.com-un suallarını politoloq Zərdüşt Əlizadə cavablandırıb. Müsahibəni təqdim edirik:

– Zərdüşt bəy, Türkiyənin Suriyanın şimalında keçirdiyi hərbi əməliyyatı zəruri edən səbəb və ya səbəblər hansılardır?

– Qərbin böyük bir planı var idi ki, Yaxın Şərqi nəzarətdə saxlamaq üçün şərti olaraq, üç qıça söykənən hansısa qurğu yaratsın. Qurğunun qıçlarından biri İsraildir. Bütün qonşu müsəlman dövlətlərini vurur, əzir və hegemonluğunu, ağalığını təsbit edir. Müsəlman dövlətlərini birləşməyə qoymayan, bu birliyi dağıdan ikinci amil Kürdüstan olmalı idi. Üçüncü qıç da Ermənistandır ki, bütün Yaxın Şərqin şimal tərəfini Qərbin mənafeyi xatirinə nəzarətdə saxlayır. Hələlik Ermənstan Rusiyanın nəzarətindədir və bu ölkə yalnız Ermənistan vasitəsilə Cənubi Qafqazda öz nəzarətini təmin edir. Amma Qərb də çox böyük iştahla Ermənistana baxır və ondan istifadə etməyi özü üçün çox məqbul sayır.

Qalır Kürdüstan. Kürdüstan belə bir layihədir ki, onu 100 ildən artıqdır həyata keçirmək istəyirlər, amma alınmır. Ona görə alınmır ki, əgər Qərbin nəzərdə tutduğu Kürdüstan yaranarsa, Türkiyə, İran, Suriya və İraq öz ərazi bütövlüyünü itirir. Yəni, Kürdüstanın yaranması bu 4 dövlətə əl vermir. Ona görə də Kürdüstanın yaranmasına qarşı mübarizə aparırlar. İraqı darmadağın edəndən sonra bu ölkənin şimalında bir Kürdüstan dövləti yaratdılar. Bu Kürdüstan dövləti əməlli-başlı özünə gəlməyə başladı. Strukturlar yaratdı. Ərdoğan Türkiyəsi çox müdrik addım atdı və İraq Kürdüstanı ilə iqtisadi əlaqələr qurdu. İraq Kürdüstanında xeyli obyektlər – yol, körpü, universitet tikdi. Buradan milyardlarla pul qazandı və faktiki olaraq cənubda İraq, şərqdən İran tərəfdən mühasirəyə alınmış İraq Kürdüstanın dünyaya yolu Türkiyə vasitəsilə idi. Amma eyni zamanda Türkiyənin ərazi bütövlüyünə təhlükə törədən PKK yaraqlıları məğlub olanda İraq Kürdüstanına qaçırdılar. Onda da Türkiyə gəlib İraq Kürdüstanında hərbi əməliyyatlar keçirir, oranı bombalayır, hətta qoşunlarını ora salıb vururdu, dağıdırdı. Orada PKK-nı güclənməyə qoymurdu. PKK da, onu lideri Abdullah Öcalan da bir müddət Suriyada gizlənirdilər. Suriya dövləti onlara sığınacaq verirdi. Öcalanı tutduqdan, İmralıya salandan sonra Suriyadakı kürdlər sakit otururdular. Çünki Əsəd rejimi çox sərt, avtoritar rejim idi. Elə ki, qaz məsələsinə, geosiyasi məsələlərə görə Qərblə mürtəce ərəb dövlətləri Suriyanı dağıtmağa girişdilər, bəli, Əsəd rejiminə qarşı vuruşmaq üçün muzdluları yığdılar, müsəlman dünyasından və bütün dünyadan başıboş macəraaxtaranları topladılar. Hansılar ki, gəlib orada İraq Şam İslam Dövlətini qurdular. Həm də Əsədə qarşı mübarizə üçün milli amildən istifadə etməyə çalışırdılar. Fərz edək ki, Türkiyə türkman amilindən istifadə edirdi və Rusiya bunun qarşısını aldı. Rusiya türkman dəstələrini bombalayırdı, ona görə də türklər 2015-ci ildə rus təyyarəsini vurub saldılar. Sonra kürd amilindən istifadə etməyə çalışdılar, kürdləri silahlandırmağa başladılar. ABŞ bu işə fəal qoşuldu və Suriya kürdləri sanki dağılmaqda olan Suriya dövlətinin ərazisində kürd dövlət qurumunu qurdular. Onların silahlı qüvvələri oldu. Hətta, ABŞ söz vermişdi ki, 30 minlik kürd ordusu yaradacaq və sair. Suriya ərazisində hansısa kürd muxtar qurumu olsa da, 30 minlik kürd ordusu Türkiyə üçün böyük təhlükə idi. Bu zamanadək müəyyən dövrədən kənardan fəaliyyət göstərən, Suriya ərazisinə girməyən Ərdoğan hökuməti qərara aldı ki, türk qoşunlarını Suriyaya yeritmək lazımdır və yeritdi. Burada ruslar, iranlılar və amerikalılar arasında bir müddət ərazi və nüfuz uğrunda mübarizə getdi. Nəhayət, ortaq məxrəcə gəldilər. Amerika indi Suriyadan çıxır. Kürdlərə verdiyi dəstəyə son qoyur. Buna görə də kürdlər çox etiraz edirlər, Amerikanı xain, satqın, namərd adlandırırlar. Amma Ərdoğan deyir ki, mən türk qoşunlarını Suriya Kürdüstanının ərazisinə salacam. Çünki mən imkan vermərəm ki, kürdlərin silahlı qüvvələri olsun və dediyinə də əməl edir.

– Bəs Bəşər Əsəd rejiminin bütün bunlara reaksiyası nədən ibarətdir?

– Bəşər Əsəd oturub sakitcə baxır. Deyir ki, mənim ərazimi dağıdan kürd separatçılarını mən yox, Türkiyə qoşunları vurur, cəzalandırır. Təbii ki, kürd separatçılarının silahlı qüvvələrini dağıtdıqdan, onları tərksilah etdikdən sonra türk ordusu Türkiyə ərazisinə qayıdacaq. Onlar Suriyada qalmayacaq, onların məqsədi Suriyanı işğal etmək deyil, kürd təhlükəsini aradan qaldırmaqdır. Sonradan Suriya ordusu gəlib ora girəcək və kürdlər təzədən Suriya dövlətini tanıyacaq, özlərinin dövlət qurmaq arzularından əl çəkəcəklər. Çünki hər şey gücdən və separatçılar üçün xarici dəstəkdən asılıdır. Əgər Ermənistana xarici dəstək olmasaydı, onlar heç vaxt öz hərəkatlarına başlamaz və uğur da qazana bilməzdilər. Kürd separatçıları da təbii ki, Qərbdən dəstək alırlar. Qərbin dəstəyi kəsilən kimi onlar məğlub olmağa başladılar. Türkiyə onları əzəcək.

– Yeri gəlmişkən, İraq Kürdüstanının taleyi necə oldu?

– Onlar öz aralarında dalaşdılar, bəlli oldu ki, kürd hakim zümrəsi dövlət qurmağa, dövlət idarə etməyə qadir deyil. Bir az cızıqlarından çıxmağa başladılar, bu zaman onları vurdular. Onları İraq ərəbləri də vurdular. Kürdlər faktiki olaraq yenidən öz sərhədlərinə qapandılar və artıq hansısa böyük Kürdüstan qurmaq xülyaları geridə qalıb.

Bu işdən böyük dövlətlər qazanmaq istəyirdilər. Hər kəs çalışırdı ki, gələcək Kürdüstan dövlətini öz alətinə çevirsin. Rusların da belə bir arzusu var idi. Amma Türkiyə ilə yaxınlışdıqdan sonra kürd separatçılığı amili ruslar üçün aktual deyil. Ona görə də türklərin kürdləri vurub əzməsini çox soyuqqanlılıqla müşahidə edirlər. Hərçənd ki, türklərin kürdləri əzməsini söyləmək düzgün deyil. Türklərlə kürdlər qardaşdır, müsəlmandır, qonşu xalqdırlar, qohumdurlar və sair. Türkiyə Silahlı Qüvvələri kürd separatçılarını, qanunsuz silahlı qüvvələri əzir, dağıdır. Belə desək, daha düzgün olar. Kürd-türk düşmənçiliyi xalqlar arasında yoxdur. Xalqlar arasında dostluq-qardaşlıq var. Bu düşmənçilik toxumunu xarici qüvvələr səpir. Necə ki, vaxtilə erməni və Azərbaycan xalqları arasında düşmənçilik yox idi. Bu düşmənçilk toxumunu kənardan səpdilər. Kürd-türk qardaşlığı heç vaxt gündəlikdən çıxmayıb. Bu qardaşlıq, əməkdaşlıq, birgəyaşayış var. Sadəcə, Ərdoğan Qərbin süni bir dövlət yaradıb vasitəsilə maraqlarını təmin etmək cəhdlərinin qarşısını öz əməliyyatı ilə alır.

– Budəfəki əməliyyatda nə qədər canlı qüvvə, nə qədər texnika iştirak edəcək və müddəti nə qədər olacaq?

– Əvvəla, bu əməliyyat çox geniş miqyaslı deyil. İkincisi, bu hərbi əməliyyata cəlb edilən qüvvələrin sayı əməliyyatın gedişi zamanı arta da bilər, azala da. Yəni, əgər mövcud qüvvələrlə uğurlu əməliyyat keçirilsə, əlavə qüvvələrə ehtiyac qalmayacaq. Yox, əgər çətinliklərlə üzləşsə, təbii ki, əməliyyata cəlb olunan türk ordusu hissələrinin sayı da, texnika da arta bilər. Ona görə də hələlik Suriya ərazisində müəyyən türk qüvvələri var. Onlar müəyyən ərazilərə nəzarət edirlər. İndi əlavə türk qüvvələri gəlib ki, Suriyanın şimal-şərqində daha böyük ərazidə əməliyyat aparsınlar. Nə qədər uğurlu olacağı ordunun qarşısına qoyulan vəzifələri necə yerinə yetirəcəyindən asılıdır. Bütün bunlar hərbi əməliyyat tapşırıqları ilə müəyyənləşir. Bu, həm də türk ordusuna göstərilən müqavimətin gücündən və miqyasından asılıdır. Əgər kürdlər türk ordusu qarşısında zəif və aciz olduqlarını, əziləcəklərini anlasalar, silahları atıb yaşayış evlərinə çəkilsələr, özlərini dinc sakin kimi göstərsələr və türk ordusu heç bir müqavimət görmədən bu ərazi üzərində öz nəzarətini bərpa etsə, itkilər böyük olmayacaq. Yox, əgər müqavimət göstərməyi, Suriya kürd dövlətini qorumağı qərara alsalar o zaman əlbəttə ki, əziləcəklər. Onda da əməliyyata cəlb olunan türk qüvvələrinin sayı arta bilər.

– Zərdüşt bəy, əməliyyat hansı əraziləri əhatə edəcək?

– Suriyanın ərazisi 185 min kvadrat kilometrdir. Əməliyyatlar ölkənin şimal-şərq hissəsində bu ərazinin 25-30 faizini əhatə edəcək. Onu da deyim ki, kürdlərin İran ərazisində də hansısa bir qurum yaratmaq cəhdləri olmuşdu. Amma onların qarşısını İran hökuməti çox qətiyyətlə almışdı və indi orda sakitlikdir. Onlar İran vətəndaşları kimi yaşayırlar və İranda hansısa Kürdüstan dövləti qurmaq arzusu yoxdur. Amma İraqda hələ ki, mərkəzi hakimiyyət zəifdir və başı pul, neft, rüşvət bölgüsünə qarışıb. Ona görə də hələ İraq Kürdüstanı mövcuddur. Amma öz səfehliyi ucbatından xeyli zəifləyib. Suriyada da mərkəzi hakimiyyət, yəni Bəşər Əsəd hökuməti zəifləyən kimi bunlar xaricin təhriki, maddi, mənəvi, siyasi dəstəyi ilə özlərinə kürd dövlət qurumu yaratdılar. Xeyli başıboş adamlar ortaya çıxdılar. Məsələn, biri dedi ki, baş nazir olacaq, biri prezident olacaq. Belələri tapıldı. Amma indi türk ordusu gəlib onlara öz yerini göstərir və Bəşər Əsəd hakimiyyəti qeyd etdiyim kimi, buna çox soyuqqanlı yanaşır. Çünki indiki vəziyyətdə əvvəla, türk ordusu ilə döyüşməyə gücü yoxdur, ikincisi döyüşmək üçün heç səbəb də yoxdur. Türk ordusu elə Əsədin rəqiblərini, düşmənlərini, yəni silahlı kürd qiyamçılarını əzməyə gəlir. Ona görə də sakitcə baxırlar.

– ABŞ, Rusiya və İranın Türkiyənin keçirdiyi əməliyyata münasibəti barədə də fikirlərinizi bölüşərdiniz...

– Tramp dedi ki, biz xaricdə müharibələr aparmaq istəmirik və Suriyadan çıxmaqla bağlı əmr verdi. Bundan əvvəl isə çox gərgin və səmərəli Türkiyə-Amerika diplomatik danışıqları getdi. Türkiyə tələb etdi ki, Amerika qoşunlarını Suriyanın həmin bölgəsindən çıxarsın. Ankara dedi ki, mən onsuz da qoşunlarımı ora salacam. Yaxşı olar ki, bizim qoşunlarımız döyüş meydanında görüşməsinlər, biz müttəfiqik. Ona görə Tramp dedi ki, mən qoşunlarımı çıxarıram. Hərçənd ki, əvvəl orada qalacaqlarını, orada 30 minlik kürd ordusu və sair yaradacaqlarını deyirdi. İndi çıxır. Kürdlər bunu xəyanət hesab edir. Arxadan vurulan zərbə adlandırır, Amerikanın onları tək qoyduğunu deyirlər. Digər tərəfdən, sən niyə Suriya və ya Türkiyə dövlətinə qarşı qalxırsan? Sən nə üçün öz müstəqil dövlətini qurmaq istəyirsən? Sənə bu haqqı kim verib? Bu dövlətdə yaşayırsan, onun vətəndaşısan. Vəzifə istəyirsən, al vəzifə payını, gəl otur işlə. Amerikanın NATO-da vacib müttəfiqi olan Türkiyənin bu əməliyyatına münasibəti müsbətdir.

Rusiyanın və İranın da münasibəti müsbətdir. Eyniylə Suriya və İraqın da münasibəti müsbətdir. Yəni, kürdlər faktiki, əməli olaraq müttəfiqsiz qalıblar. Bu da nəyi göstərir? Sən özünün uzunmüddətli milli mənafeyini ötəri vəzifə mənafeyinə qurban verəndə hansısa bir anda tək qala bilərsən. Bu da baş verir.


Müəllif: Səxavət Həmid