8 Oktyabr 2019 22:14
750
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir daha bəlli oldu ki, Azərbaycan hakimiyyəti sərbəst toplaşmaq azadlığını təmin etməkdə qərarlıdır. Buna görə də piketin keçirilməsi üçün şərait yaradıldı.

Bunu Teleqraf.com-a açıqlamasında Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, əməkdar jurnalist, siyasi ekspert Azər Həsrət deyib.

O qeyd edib ki, internet üzərindən müxtəlif görüntüləri müşahidə edib:

“Orada diqqətimi cəlb edən Azərbaycan polislərinin piket iştirakçılarının təhlükəsizliyinin qorunması üçün mümkün olan hər şeyi etmələri və olduqca nəzakətli davranmaları oldu. Hətta, bir mənzərədə gördüm ki, vəziyyəti bir qədər yaxşı olmayan bir nəfərə bizim polislərimiz su verir, ona tibbi yardım göstərməyə cəhd edirdilər. Bu məsələnin bir tərəfidir”.

A.Həsrət qeyd edib ki, digər tərəfdən müxalifətçilər bir daha göstərdilər ki, onlar normal, sivil etiraz aksiyası keçirə bilmirlər:

“Çünki piket bəlli olduğu kimi 50 nəfərlik olmalıdır. Bunlar 50 nəfərdən artıq adamla ora gəlmişdilər. Eyni zamanda arada müxtəlif təxribatçı şüarlar səsləndirirdilər. Hətta, bəziləri orada dava salmaq, dəxli olmayan şüarlar qışqırırdılar. Əlbəttə, bu adamların əsas məqsədi polislə qarşıdurma yaradıb dünyaya car çəkmək idi ki, baxın, bizə imkan vermirlər. Amma Azərbaycan polisi üzərinə düşəni yerinə yetirdi və kifayət qədər təmkinlə o aksiyanın öz məcrasından çıxmasına imkan vermədi. Yəni, mən həqiqətən bizim polislərimizi təbrik edirəm ki, oradakı o təxribatçılara qarşı olduqca təmkinli davrana bildilər”.


Müəllif: Səxavət