9 Oktyabr 2019 20:15
572
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənilər İrəvandakı “Göy məscid”in təmirdən sonra açılışını edəndə də özlərini sivilizasiyalı xalq kimi təqdim edirdilər. O zaman məlum oldu ki, bunu İran təmir edib. İranın vəsaiti hesabına, İran ustaları tərəfindən təmir olunub. Təmir İrəvana satış, bazarlarda alver üçün gələn iranlılar üçün dini ibadətləri yerinə yetirmək üçün şərait yaratmaq məqsədi güdür. Yoxsa, hansısa dini-mədəniyyət abidəsinin təmir-bərpa edilməsi gündəmdə deyildi. İndi də çox təəssüflər olsun ki, Şuşadakı Yuxarı Gövhərağa məscidini də İran azərbaycanlıları təmir ediblər. Ermənistan bu məscidin təmiri üçün bir qəpik də pul ayırmayıb.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib.

O qeyd edib ki, hazırda Şuşada az-çox məskunlaşma var:

“Bu təmirdə də məqsəd erməni təbliğatının mədəniyyət abidələrinin qoruyucusu kimi təqdim etmək, dini dözümlülük və sair bu kimi ifadələrdən siyasi alver kimi istifadə etməkdir. Amma məncə, ermənilər yaxşı yadlarına salmalıdırlar ki, onlar Şuşada Bülbülün, Üzeyir Hacıbəyovun, Natəvanın heykəlini güllələyiblər. Çox şükürlər olsun ki, o güllələnmiş abidələri gətirib Azərbaycana çıxara bilmişik. Bu gün həmin abidələr güllələnmiş abidələr kimi erməni faşizminin qaniçən mahiyyətini açmaq üçün Azərbaycana gələn turistlərin diqqətinə təqdim edilir. Əgər indi Dağlıq Qarabağın təkcə Şuşa şəhərində deyil, Kərkicahan, Qaradağlı kəndlərində də abidələri vurub dağıdıblarsa, onlara mədəniyyət abidələrinin qoruyucuları, humanist, dini inanclara hörmət edən adamlar kimi yanaşmaq mümkün deyil. Ermənilərin İslam dininə, xüsusilə də bu dinə sitayiş edən azərbaycanlılara barışmaz münasibət bəslədiyinə görə onların humanitar məqsədlərlə addım atması qətiyyən ağlabatan deyil”.

Q.Hüseynli qeyd edib ki, təkcə Dağlıq Qarabağın hüdudlarından kənardakı 7 rayonda 2 mindən artıq mədəniyyət abidəsini, kitabxananı, klubu və digər bu cür mədəni xarakterli tikilini yerlə-yeksan ediblərsə onlar bu gün Yuxarı Gövhərağa məscidini İran azərbaycanlılarına təmir etdirməklə gözə kül üfürürlər:

“Ermənilərdən bu gün İslam dininə və azərbaycanlılara münasibətdə bir müsbət addım gözləmək mümkün deyil. Bu, şüuru, dünyagörüşü, əxlaqı tamamilə korlanmış və anti-bəşər ideyaları ruhunda köklənmiş bir xalqdır və bu xalqın pozitiv, humanitar, multikultural addım atması mümkünsüz görünür”.

Qeyd edək ki, Ermənistan KİV-ləri Şuşadakı Yuxarı Gövhərağa məscidində təmir işlərinin yekunlaşacağı ilə bağlı məlumat yayılıb.


Müəllif: Səxavət Həmid