10 Oktyabr 2019 16:07
1 956
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistanın Dağlıq Qarabağla bağlı bütün planlarının başında məhz Rusiya dayanır. Bu dövləti bizim tarixi torpaqlarda yaradan Rusiya indi də onu müdafiə etməkdə davam edir. Ermənistanda olan Rusiya hərbi bazaları da buna xidmət edir. Ermənistanın Qafqazda məğlubiyyəti Rusiyanın məğlubiyyəti deməkdir. Çünki Rusiya üçün Qafqazda möhkəmlənmək məhz Ermənistanın varlığından keçir”.

Teleqraf.com xəbər verir ki, bu sözləri tarixçi professor Dilavər Əzimli deyib.

Tarixçi xatırladıb ki, SSRİ dönəmində dəfələrlə Azərbaycan torpaqlarından Ermənistana pay verilib:

“O zaman Azərbaycan rəhbərliyinə də elə adamlar qoyulurdu ki, buna qarşı müqavimət göstərmir, əksinə bəzi hallarda “nə fərqi var, torpaq bizdə olsun, yaxud ermənilərdə” prinsipi ilə yanaşırdılar. 1991-ci ildə müstəqilliyimizi əldə etdikdən sonra yaranan böhranlı vəziyyətdən Rusiyanın əli ilə uğurla istifadə edən Ermənistan Dağlıq Qarabağı və ətraf rayonları işğal etməklə birinci mərhələni başa vurdu. Əslində, bu plan da Rusiyanın idi. Ətraf rayonların işğalı ermənilərə əlavə divident verirdi. Bundan istifadə etməklə gələcək danışıqlarda Azərbaycana təsir etməli idi. Bu da baş verdi”.

Dilavər Əzimli qərbli siyasətçilərin Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfərlərinə də toxunub:

“İndi Ermənistan Dağlıq Qarabağla bağlı başqa bir planı icra edir. Yəni, Dağlıq Qarabağa dünyanın müxtəlif ölklərindən deputatlar və ictimai-siyasi, mədəni təşkilatların nümayəndələrini dəvət edib, tədbirlər keçirir. Buraya Rusiyanın, ABŞ-ın, Fransanın, Böyük Britaniyanın deputatları gəlir.

Dağlıq Qarabağ şəhərləri ilə Fransa şəhərləri arasında qarşılıqlı müqavilə imzalanır. Ermənistan arxayın olmasa, bunu edərmi? Təbii ki, Rusiya və ABŞ-la bu sahədə müəyyən söhbətləri olmasa, bu kimi addımları ata, məskunlaşma işini apara bilməzdi. Yaxud bu cür tədbirləri həyata keçirə bilməzdi”.

Tarixçi hesab edir ki, bu gün Azərbaycanın söykənə biləcəyi hansısa ciddi xarici qüvvə yoxdur: “Bir Türkiyədir, onun da başını özünə qatıblar. Türkiyə bacardığını edir, amma bu məsələdə Azərbaycanı hərbi cəhətdən müdafiə edə bilmir, hələ gücü yetmir. Yəni, güc qalır özümüzə.

Bəs Rusiya nə edə bilər? 1989-cu ildəki kimi Volski idarəçiliyinə bənzər idarəçilik yaradacaq və öz hərbi hissələrini də Dağlıq Qarabağa göndərəcək. Ermənistan da bunu istəyir, bu isə Dağlıq Qarabağın əbədi itirilməsi deməkdir. Amma hər şey itirilməyib, sadəcə olaraq səylərimizi bir qədər də artırmalıyıq, hər kəs öz əlini bu işə uzatmalıdır”.

Dilavər Əzimli bildirib ki, Türkiyə Suriya məsələsində son sözünü demək üçün hərbi əməliyyata başlayıb:

“Əminik ki, bu əməliyyat uğurlu olacaq, o zaman ABŞ-Türkiyə münasibətlərində yeni xətlər revanş götürə bilər. Rusiya bu gün vəziyyətdən çıxıbsa, yenidən böhrana doğru sürüklənəcək. Digər yandan, Rusiya-Çin ittifaqına heç vaxt inanmaq olmaz. Demək, Rusiya və İranın yaman günləri qabaqdadır. Yəni, ya biz yarana biləcək vəziyyətdən çıxmalıyıq, ya da şəhid olmalıyıq”.


Müəllif: Mənsur Rəğbətoğlu