10 Oktyabr 21:58
274

Türkiyənin beynəlxalq münasibətlərdə çox ciddi rolu var. Türkiyənin sayəsində bir çox dövlət beynəlxalq hüququ, ərazi bütövlüyünü, güc tətbiq edilməməsi prinsipini və sair dəyərləri xatırlayır. Məsələn, ABŞ başda olmaqla bir çox dövlət illərdir ki, Əfqanıstan, İraq, Suriya və digər bəzi dövlətlərin ərazisinə müdaxilə edir, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və sair prinsipləri pozur, hətta dəfələrlə açıq-aşkar mülki hədəfləri vurublar. Amma ərəb ölkələri də daxil olmaqla çox sayda dövlətin səsi çıxmayıb.

Bunu Teleqraf.com-a açıqlamasında “Qafqaz” Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) rəhbəri, siyasi ekspert Araz Aslanlı bildirib.

Türkiyənin Suriyanın şimal-şərqində keçirdiyi “Sülh çeşməsi” əməliyyatına Fransa, Böyük Britaniya və bir sıra digər ölkələrin etiraz etməsinin səbəblərini şərh edən A.Aslanlı deyib:

“Elə ki, Türkiyə ağır terror təhlükəsinə cavab kimi İraq, ya da Suriyaya doğru kiçik bir əməliyyat keçirir, o dəqiqə ərəb dövlətləri bir yandan, Avropa İttifaqı da digər yandan başlayırlar ki, sərhədlərin toxunulmazlığı belə gəldi, suverenlik elə getdi. Ermənistan Azərbaycanın ərazilərini illərdir ki, işğal altında saxlayır, buna ciddi bir etiraz yoxdur. Şəxsən mən getdikcə düşünməyə başlamışdım ki, bəlkə bu dövlətlər beynəlxalq hüququn var olduğunu ümumiyyətlə unudublar.

Amma Türkiyənin kiçik bir əməliyyatı üçün tufan qoparmağa başladılar ki, beynəlxalq hüququn prinsipləri pozulur. Mən də qismən sevindim ki, bunlar ən azı beynəlxalq hüququn var olduğunu unutmayıblar. İndi məsələ qalır onun əsl mahiyyətini də bunlara başa salmağa”.

A.Aslanlı qeyd edib ki, Türkiyə hazırda dünyada məruz qaldığı təhlükəsizlik risklərinə ən yumşaq qarşılıq verən, terror təhlükəsinə qarşı mübarizəsində hüquqi dəyərləri ən çox gözləyən dövlətdir:

“Türkiyənin siyasəti idealdırmı? Təbii ki, deyil. Həm öz maraqları, həm də ümumi prinsiplər baxımından qüsurları var. Amma Türkiyənin xarici hərbi müdaxilələri ağır təhdidlərə cavabdır. Yəni, böyük terror aktlarından sonra və böyük risklərə cavab olaraq edilir. Qısamüddətlidir. Qonşu dövlətin suverenliyinə və ərazi bütövlüyünə risk təşkil etmir. Risk və riskə qarşı cavab addımı müqayisəsini aparsaq xarici hərbi müdaxilə edənlər içərisində beynəlxalq hüquqa ən bağlı olanının Türkiyə olduğunu görə bilərik”.


Müəllif: Səxavət