10 Oktyabr 2019 20:48
676
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin terrora qarşı mübarizəsi kürd xalqına qarşı mübarizəsi demək deyil. Türkiyədə milyonlarla kürd türklərlə qardaş kimi iç-içə yaşayır, parlamentdə təmsil olunurlar, türklər qədər Türkiyənin qeyrətini çəkən, can yandıran kürdlər də var. Türkiyənin barış hərəkatı beynəlxalq qanunlara tamamilə uyğundur, həm də təhlükəsizliyi baxımından onun tam haqqıdır.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi Sabir Rüstəmxanlı Türkiyənin Suriyada başlatdığı “Sülh bulağı” əməliyyatı barədə danışarkən deyib.

Sabir Rüstəmxanlı qeyd edib ki, ona görə də Trampın Türkiyənin kürdləri sevmədiyini deməsi tamamilə yanlış mövqedir: “Türkiyə kürdlərə qarşı yox, terrorçu qruplara qarşı mübarizə aparır”.

Onun sözlərinə görə, Türkiyə çoxdandır təhlükəsizliyini təmin etmək, terrorunun qarşısını almaq üçün əməliyyat aparacağını elan etmişdi və buna hazırlıq görürdü: “Dünyanın böyük dövlətləri, Avropa Şurası ölkələri, eləcə də ABŞ və Rusiya ilə bunu dəfələrlə müzakirə etmişdi. Bu məsələnin Türkiyə üçün nə qədər ciddi olduğu dünyaya bəyan edilmişdi. Suriyadan çıxmış Türkiyənin hər tərəfinə yayan 4 milyona yaxın miqrant var. 50 min miqrant Avropanın hər hansı ölkəsinə getsə, bütün ölkə ayağa qalxır, qəbul eləmir. Qəbul eləsələr də müəyyən kvota ayırıb limit daxilində qəbul edirlər, milyonlardan söhbət gedə bilməz”.

VHP sədri Türkiyədə bütün kəsimin bu əməliyyatı dəstəklədiyinə diqqət çəkib: “Ölkə başdan-başa türk bayrağı ilə bəzədilib, hər evin camından asılıb. Prezident xalqa müraciət elədi və dərhal reaksiya verildi. Ən gözəl və bizim üçün də ibarət olan cəhət odur ki, ordu Suriyaya girən kimi, hətta prezidentlə mübarizə savaşında olan siyasi partiyalar da ayağı qalxıb ard-arda zəng edib dedilər, sənin arxandayıq, bu məsələdə iqtidar-müxalifət söhbəti ola bilməz.

Həm Baxçalı, həm Kılıçdaroğlu, həm də Maral xanəm Akşənər zəng vurdular və ölkə başçısı ilə həmrəy olduqlarını söylədilər. Bundan gözəl nə ola bilər? Türkiyə tarixi addım atdı, Allah mehmətçiyi qorusun, inşallah, türk əsgəri qüdrətini göstərəcək”.

Sabir Rüstəmxanlı Türkiyə ilə münasibətdə Avropa və ABŞ-ın səmimi olmadığını da söyləyib: “Türkiyənin güclənməsini və bölgədə söz sahibi olmasını istəmirlər, hətta NATO-nun ən güclü üzvü ola-ola ona münasibət də tam sağlam deyil. Elə məhz həm də bu səbəblərə görə Türkiyə öz təhlükəsizliyini özü qorumalıdır.

Donald Tramp həm Türkiyəni müdafiə edib onun terrorla mücadiləsinə haqq qazandırır, həm də Obamanı, vaxtilə Yaxın Şərqə ordu yeridilməsini qınayır, eyni zamanda özü də Suriyada PKK və YPG-yə terrorçulara qüvvələrə yardım edir. Ziddiyyətli siyasətçidir, amma mənə elə gəlir Tramp özü də yetərincə təcrübəli və vəziyyəti anlayan adamdır, Türkiyənin haqlı olduğunu bilir. Çünki dinc əhali ilə yox, terrorla mübarizə aparır, Tramp da bu reallıqla barışacaq”.


Müəllif: Nərgiz