11 Oktyabr 2019 16:49
4 008
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi üzrə gedən danışıqlar “Madrid prinsipləri” əsasında aparılır”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan deyib.

Köçəryan Dağlıq Qarabağ münaqişəsinin məsuliyyətinin rəsmi İrəvanda yox, işğal bölgəsindəki separatçı rejimdə olduğunu bildirib:

“Sadəcə olaraq, Qarabağ danışıqlarda tərəf kimi tanınmadığı üçün Qarabağın əvəzinə danışıqları de-fakto Ermənistan aparır”.

“Verelq” nəşrində erməni diplomatın açıqlaması şərh olunub və “Madrid prinsipləri”ndə yer alan məsələlərə də toxunulub:

“Danışıqlar “Madrid prinsipləri” ətrafında aparılır, burada problemin həlli üçün açıq bir alqoritm mövcuddur, bu da Qarabağ ətrafındakı 7 rayonun Azərbaycana qaytarılması ilə bağlıdır və ya azərbaycanlı qaçqınların bu ərazilərə geri qayıtmasını nəzərdə tutur. Qarabağa gəlincə, sənəddə bu məsələ qarşılıqlı anlaşma formasında həll edilmə prosesi nəzərdə tutulur. İrəvan Bakı ilə bu istiqamətdə danışıqlar aparır”.

Nəşr hesab edir ki, Qarabağı danışıqlar masasına cəlb etmək çətin olacaq, məqalədə bu fikir Azərbaycanın Qərbdən dəstək alması ilə əlaqələndirilib:

“1994-cü ildə atəşkəs sazişi imzalandıqdan sonra vəziyyət Ermənistanın xeyrinə idi. Ancaq bundan sonra aradan çox sular axdı və Azərbaycan tranzit potensialına və neft-qaz ehtiyatlarına görə Qərb üçün maraqlı oyunçuya çevrildi, bu da geosiyasi vəziyyətə və hərbi tarazlığa təsir edir. Bu vəziyyətdə Qarabağı danışıqlar masasına qaytarmaq çətin olacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu