12 Oktyabr 2019 09:43
1 505
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tam səmimi deyəcəyəm: ötən gün Prezident İlham Əliyevin Türkmənistanda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdəki iclasında çıxışı qürurverici idi.

Teleqraf.com xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Prezident İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasındakı çıxışında erməni faşist cəlladı Njdeyə Ermənistanda heykəl qoyulması məsələsini sərt tənqid etməsi və Ermənistan baş nazirinin buna reaksiya verməsini şərh edən “Teleqraf” Media Qrupunun rəhbəri, politoloq Aynur Camalqızı deyib.

O bildirib ki, İlham Əliyevin çıxışında məxsusi fərqlənən yüksək intellekt, faktoloji baza, siyasi mədəniyyət nümunəsi, auditoriyaya xüsusi sayğı və dövlət xadiminə yaraşan böyük təmkin idi:

“Cənab Prezidentin çıxışını sadəcə izləmək lazımdır. Xüsusilə Ermənistan Baş naziri Nikol Paşinyanın cavaba cəhd edərək, çıxışını ümumi sözlər və dolayı şantaj cəhdi üstündə qurmağa çalışması fonunda Prezident İlham Əliyevin sərgilədiyi diplomatik və sərrast mövqe Azərbaycan Prezidenti ilə Ermənistan Baş naziri arasında ölçüyəgəlməz fərq olduğunu bir daha açıq-aşkar ortaya qoydu. N.Paşinyan sübut etdi ki, intellekt və savad baxımından yüksək səviyyəli müzakirələrə hazır deyil, küçə psixologiyasından azad olmayıb və auditoriyanı hiss etmir, tribunaların fərqini bilmir və yeri gəldi-gəlmədi populist şüarlarla özünü rüsvay edir”.

A.Camalqızının sözlərinə görə, Prezident İlham Əliyev iştirakçıların ümumi maraqlarını nəzərə alaraq, mövzunu ideal seçmiş və xüsusi hazırlığı ilə diqqət çəkirdi:

“Prezident İlham Əliyevin siyasi uzaqgörənliyi və istənilən məqamdan düşmənin iç üzünü açmaq üçün istifadə qabiliyyəti heyrətamizdir. Diqqət etdinizsə, Prezident Aşqabadda siyasi gedişini Dağlıq Qarabağ münaqişəsi deyil, orda iştirak edən dövlət başçılarının təmsil etdiyi xalqların ümumi maraqlarına uyğun olaraq, erməni faşist Qaregin Njdeyə Ermənistanda 6 metrlik abidə qoyulması faktı üzərində qurdu. Prezident öz çıxışını Rusiya Federasiyası Xarici İşlər Nazirliyi və Rusiyanın Müdafiə naziri Sergey Şoyqunun redaksiyası altında 12 cildlik nəşrdən sitatlarla zənginləşdirmiş, takzibedilməz fakt ortaya qoymuş, həmçinin faşizmə qarşı mübarizə aparan hazırkı MDB xalqlarının da maraqlarını ifadə etməklə, Ermənistan hakimiyyətinin faşist mahiyyətini üzə çıxarmışdı. Bu, elə bir məqam və faktlar idi ki, ona cavab verilməsi mümkün deyildi”.

Politoloqun sözlərinə görə, ənənəvi olaraq Prezident İlham Əliyev zamanı, məkanı, mövzunu dəqiqliklə hesablamaqla Ermənistanın işğalçı-şovinist siyasətini növbəti dəfə mükəmməl şəkildə ifşa etdi:

“Nikol Paşinyanın bir müddət öncə səsləndirdiyi “Qarabağ Ermənistandır və nöqtə” absurdunu dərhal cavablandırmadan, zamanı və məkanı dəqiq seçməklə - “Valday” klubunda, beynəlxalq tribunadan darmadağın edən və “Qarabağ Azərbaycandır və nida” deyən Prezident İlham Əliyevin növbəti ifşasının da bəlkə də o istiqamətdə olacağı düşüncəsi vardı. Yəqin ki, Nikol Paşinyan da o cür düşünürdü və ona hazırlaşmışdı. Ancaq İlham Əliyev tamamilə gözlənilməz, həm də iclasda iştirak edən dövlət başçılarını da narahat edən bir məsələdən çıxış etməklə, Nikol Paşinyanı çıxılmaz vəziyyətdə qoydu və hazırlıqsız yaxaladı”.

A.Camalqızı deyib ki, Prezident İlham Əliyevin dəmir məntiqi və gözlənilməz gedişi Nikol Paşinyan üçün “çuqçvanq” vəziyyəti yaratdı:

“İlham Əliyevin ciddi arqument və Rusiya rəsmi dairələrindən gətirilən sitatlarla təkzibedilməz faktlarla ortaya qoyduğu məsələyə, bu cür diplomatik-siyasi gedişinə qarşı istənilən reaksiya “cavab verəni” ağır vəziyyətə salacaqdı. Ən yaxşısı dillənməmək və bu dərsdən nəticə çıxararaq, Njdenin abidəsinin sökülməsinə qərar vermək olardı. Onda Paşinyanı daxili auditoriyada “təcrübəsiz” və “səviyyəsiz” tənələri gözləyirdi. Cavab isə Rusiya XİN və Rusiya Müdafiə Nazirliyinin rəsmi mövqelərinin yanlış olduğu, arxiv materiallarının yalan olduğu iddiasına söykənməliydi. Böyük Vətən müharibəsinə aid bütün sənədlərin və faktların qorunduğu Rusiya arxivinə qarşı getmək isə özünü rüsvay etmək demək idi.

Göründüyü kimi, şahmat dili ilə desək, Paşinyan üçün “çuqçvanq” vəziyyəti yaranmışdı və o, siyasi məğlubiyyətini səssizcə qarşılamalı idi. Ancaq Paşinyan ikinci yolu seçdi.

Diqqət etdinizsə, Paşinyan Əliyevə qarşı şantaja keçərək, “erməni xalqına və iclasa hörmətsizlik” səviyyəsində çarəsiz, düşdüyü vəziyyətdən çaşan “oyunçunun” əsəbiləşərək, fiqurları qarışdırmasına bənzəyən “gediş”ə əl atdı. Ancaq İlham Əliyev cavab haqqından istifadə etdi və necə deyərlər, Paşinyanın “dağıtmağa çalışdığı” “fiqurları” bir-bir yerinə qaytarıb, mənzərəni bir daha və təmkinlə hamıya göstərdi”.

Aynur Camalqızı qeyd edib ki, bu müzakirənin Türkmənistan və Rusiya kanalları vasitəsilə geniş yayılması və İlham Əliyevin mövqeyinin ədalətli olmasına vurğu təsadüfü deyil:

“İlham Əliyev bir daha işğalçıya öz mahiyyətini və səviyyəsini göstərmək üçün, belə deyək, “fürsət” verdi, qarşı tərəf də öz səviyyəsizliyini nümatiş etdirəndən sonra Prezident təmkinlə auditoriyaya “bu iclas yəqin ki, belə absurd tezis eşitməyib” sözləri ilə əsl nidanı qoydu.

Burda “nida” sözünü təsadüfən işlətmirəm. Bəli, Nikol Paşinyanın məlum sözünə Soçidə verilən cavabda deyilən “nida işarəsi” Aşqabadda əməli olaraq Paşinyana şəxsən təqdim edildi”.


Müəllif: Teleqraf.com