12 Oktyabr 2019 18:15
441
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Prezident İlham Əliyevin Qarabağla bağlı məsələlərdə mövqeyi hakimiyyətə gəldiyi ildən aydındır. Prezident hər zaman problemin həllinə çalışıb. Prezidentin beynəlxalq xarici platformalarda elə bir çıxışı olmayıb ki, orada Qarabağla bağlı məsələyə toxunmasın. Ümumən dövlət başçısı Qarabağ məsələsində hər zaman Ali Baş Komandan kimi danışıb və davranıb”.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı, akademik Nizami Cəfərov Prezident İlham Əliyevin Aşqabadda keçirilən MDB dövlət başçılarının zirvə görüşündə çıxışı zamanından danışarkən deyib.

Akademik bildirib ki, Ermənistanda hakimiyyət dəyişikliyindən sonra əvvəlki hakimiyyətin cinayətkar hərəkətlərinə dair faktlar ortaya çıxdı: “Belə güman etmək olardı ki, Paşinyan demokratik sima ilə hakimiyyətə gəlib və onun Qarabağ məsələsinin həlli üçün güzəştə gedəcək, həll prosesi ilə bağlı yeni imkanlar açılacaq. Amma yeni erməni hakimiyyətinin məsələyə münasibəti açıq göründü.

Azərbaycan prezidentinin son iki çıxışı bu mənada əhəmiyyətlidir.

Bunlardan biri Soçidə edildi və prezident “Qarabağ Azərbaycanındır nida” ifadəsini işlətdi. Bu, Paşinyana tutarlı cavab idi. Əslində Ermənistanda Qarabağ məsələsinə nöqtə qoymaq istəyirlər. Məlum oldu ki, Paşinyan da böyük qüvvələrin əlində növbəti oyuncaqdır. Prezident açıq şəkildə ifadə etdi ki, Ermənistan nə qədər təxribatçı addımlar atsa da, Azərbaycan Qarabağ məsələsində güzəştə getməyəcək. Bu, birmənalıdır və ona görə də cənab prezident nida sözünü işlətdi.

Aşqabada keçirilən MDB dövlət başçılarının görüşündə isə Azərbaycan prezidentinin çıxışı son dərəcə möhtəşəm idi. Bunu dəyirmi masada əyləşən digər dövlət başçılarının reaksiyası da sübut edir. Burada çıxışı zamanı prezident həm də Ermənistan dövlətinin faşizmə dəstək verməsini real tarixi faktlar əsasında açıqladı.

Prezident göstərdi ki, MDB ölkələri zamanında faşizmə qarşı vahid cəbhədə vuruşub, amma Ermənistan yeganə dövlətdir ki, onun ərazisində faşistə abidə ucaldılıb. Bu o deməkdir ki, Ermənistan öz tarixinə də əhəmiyyət vermir, onun qəbul etdiyi tarix faşizmin tarixidir.

Bununla nəzərə çatdırılır ki, belə bir dövlətin hakimiyyətinə imkan yaradılsa görün sonu necə olar. Bir sözlə, Ermənistanın dövlət kimi qurulmasının mahiyyətində faşizm, aqressiya dayanır.

Prezident Əliyev Ermənistanda heykəli qoyulan faşist Qaragen Njde haqqında tarixi faktları ortaya qoydu. Həm də bu faktlar əlçatan faktlardır. Hesab edirəm ki, prezidentin belə əhatəli, tarixi faktlara söykənən, bir qədər də analitik çıxışı Ermənistan tərəfi üçün gözlənilməz addım oldu.

Bu bir daha göstərir ki, ermənilər öz daxilində olan faşizmdən xilas olmalıdırlar. Bu onların özləri üçün də problemdir, həmözlərinə, həm də başqalarına ancaq faciələr gətirir”.


Müəllif: Teleqraf.com