14 Oktyabr 2019 11:04
933
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası təbii ki, türkdilli dövlətləri birləşdirən qurumdur. Onun rolu da çoxşaxəlidir. Həm siyasi, həm də mədəniyyət sahəsində əməkdaşlıq var idi, indi isə hətta biznes sahəsində çoxlu işbirliyi var.

Bunu Teleqraf.com-a açıqlamasında Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyətli səfiri Xəzər İbrahim deyib.

Onun sözlərinə görə, nə qədər çox ölkə bu təşkilata qoşulsa və işbirliyi olsa, bu, bir o qədər Azərbaycanın da maraqlarına töhfə verir:

“Özbəkistanın quruma qoşulması təbii ki, çoxdan gözlənilən və çox gözəl bir hadisədir. Çünki Özbəkistanın böyük bir tarixi var. Onun yalnız bölgədə deyil, eyni zamanda bütün türk dünyasının mədəniyyət aləmində, tarixində rolu böyükdür. Ona görə də Özbəkistanın təşkilata qoşulması bütün türk dünyası üçün böyük bir hadisədir. Biz Özbəkistanı təbrik edirik. Ümid edirik, bu ölkənin praktik əməkdaşlığa da töhfəsi olacaq. Çünki Türk Şurasının müxtəlif tranzit, turizm layihələri var ki, onlar Avropa ilə Asiyanı birləşdirir. Özbəkistan burada bəlkə də ən əsas rollardan birini oynaya bilər. Onun Səmərqənd, Xivə kimi tarixi şəhərləri, coğrafi yerləşməsi bu kimi sahələrə Özbəkistanın öz töhfəsini verməyinə xidmət edəcək”.

Xəzər İbrahim daha sonra deyib: “Ancaq biz unutmayaq ki, yalnız türkdilli ölkələr deyil, eyni zamanda Avropada yerləşən dövlətlər də artıq Türk Şurası ilə sıx əməkdaşlıq edir. Burada Macarıstanın da müşahidəçi kimi olması çox böyük, əlamətdar bir hadisədir. Bu da yenə əməkdaşlığın yalnız duyğular üzərində qalmamasını şərtləndirir, turizm, nəqliyyat, biznes və iqtisadiyyatın digər sahələrində, həmçinin təbii ki siyasi sahədə əməkdaşlığa töhfə verir. Çünki bu, türk dünyasının eyni zamanda Avropa coğrafiyasında da olmasına bir işarədir”.


Müəllif: Səxavət