14 Oktyabr 14:00

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) mərkəzi qərargahında “Qarabağ Azərbaycandır və nida!” adlı konfrans keçirilib.

Teleqraf.com xəbər verir ki, konfransda Baş nazirin müavini, YAP-ın İcra katibi Əli Əhmədov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, millət vəkili Bəxtiyar Sadıqov, Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri Tural Gəncəliyev, YAP-ın Suraxanı və Abşeron Gənclər təşkilatlarının sədrləri, partiya üzvləri, millət vəkilləri və media nümayəndələri iştirak edib.

Konfransda giriş sözü ilə çıxış edən Əli Əhmədov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubunda səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı və MDB dövlət başçılarının Aşqabadda keçirilən görüşündə çıxışı ilə Ermənistanın iç üzünü bir daha ifşa etdi:

“Son çıxışı ilə Prezident İlham Əliyev Ermənistan hökumətinin və dövlətinin apardığı təhlükəli siyasəti üzə çıxardı. Bütün dünya birmənalı şəkildə faşizmə və faşist ideologiyasına qarşı olduğu halda Ermənistan hökumətinin faşist ideologiyasına əsaslanan bir siyasət apardığını Prezident İlham Əliyev sübuta yetirdi. Belə ki, faşist siyasəti nəticəsində dünyada 10 milyonlarla insan həlak olub. Ermənistan faşizmə əsaslanan siyasət aparmaqla əslində bütün dünyaya xəyanət etmiş olur. Prezident İlham Əliyev bunu bir daha isbat etdi”.

Ə.Əhmədov “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatının Qarabağ münaqişəsi ilə əlaqədar məsələlərdə yeni bir yanaşmanı ortaya qoyduğunu deyib:

“Qarabağ Azərbaycandır!” kəlməsinin əsas məna yükü ondan ibarətdir ki, Qarabağ Azərbaycan üçün olum-ölüm məsələsini ifadə edir. Prezident bu bəyanatla Azərbaycanın qətiyyətli mövqeyini bir daha ortaya qoydu”.

Ə.Əhmədov həmçinin qeyd edib ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin bu bəyanatını birmənalı şəkildə dəstəkləyir:

“Təəssüf ki, azsaylı müxalifət az qala Ermənistanın mövqeyini müdafiə edən bir yanaşma ortaya qoyur. Bu, onların milli sifətlərini tamamilə itirmələrindən xəbər verir”.


Müəllif: Teleqraf.com