15 Oktyabr 2019 18:58
561
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türk dövlətlərinin işbirliyinin yaradılması bir neçə dəfə sınaqdan keçirilib. Belə ki, əvvəl türk dövlətlərinin başçılarının zirvə toplantısı şəklində həyata keçirilirdi. Bu, 1990-cı illərdə olan əməkdaşlıq formatı idi. Sonradan Özbəkistan və Türkmənistanın bu məsələdə tutduğu mövqe ucbatından təşkilat fəaliyyət göstərə bilmədi. Azərbaycanın və Türkiyənin təşəbbüsü ilə türk ölkələrinin işbirliyinin təmin edilməsi vasitəsi kimi yenidən bu təşkilat ərsəyə gətirildi.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib.

Bu gün Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünün yekunlarını şərh edən Q.Hüseynli qeyd edib ki, doğrudur, hələlik Türk Şurası sıralarına Türkmənistanı, eləcə də Rusiya Federasiyasındakı sayları 16-dan çox olan türkdilli toplumları cəlb etmək mümkün olmasa da, hər halda onların da ürəklərinin burada döyündüklərini güman etmək mümkündür:

“Gələcəkdə bu təşkilat uğur qazanıb sürətlə dünya ictimai rəyində möhkəmlənsə onun sıralarını daha da genişləndirmək mümkün olacaq”.

Qeyd edək ki, sammitdə çıxış edən Qazaxıstanın birinci prezidenti-elbaşı Nursultan Nazarbayev Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının adının Türk Ölkələri Təşkilatı adlandırılması təşəbbüsü ilə çıxış edib. Bu təklifə də münasəbət bildirən Q.Hüseynli qeyd edib ki, təklif təqdirəlayiqdir:

“Onun təklifinin qayəsi bu təşkilatı daha da möhkəmləndirmək, onu dünyada tanınan bir təşkilata çevirmək, eləcə də türk dünyasında iqtisadi-siyasi və digər əlaqələri daha da gücləndirmək məqsədi daşıyır. Nursultan Nazarbayev çox böyük təcrübəsi olan görkəmli siyasi xadimdir. O, türk dövlətlərinin birliyinin aşiqidir desək, yanılmarıq. Onun bura gəlməsi, Türk Şurasının fəxri sədri seçilməsi, “Türk dünyasının Ali Ordeni” ilə təltif edilməsi çox böyük hadisədir. Zənnimcə, zirvə görüşünün nəticələri bütün dünyada rezonans doğuracaq və türkdilli dövlətlərin bir gücə çevrilməsində, dünyada gedən proseslərə təsir imkanlarının artırılmasında, eləcə də hələlik bu birliyə qoşulmayan türk toplumlarının da tədricən birliyə cəlb edilməsində önəmli rol oynayacaq. Fəxr doğuran odur ki, bu tədbirin keçirilməsi ideyası Azərbaycan tərəfindən verilib. Onun mərkəzi qərargahı da Bakı şəhərində yerləşir. Azərbaycan tərəfi türk birliyinin yaradılması uğrunda fəaliyyətdə öncül yerlərdən birini tutur. Mən güman edirəm ki, budəfəki təşəbbüs, yəni təşkilatın adının dəyişdirilərək Türk Ölkələri Təşkilatı adlandırılması gələcəkdə türk dövlətləri arasında həyatın bütün sahələrində əlaqələrin möhkəmlənməsinə və bu bölgədə Turan dövləti ideyası olmasa da, hər halda türk dövlətlərinin böyük iqtisadi-siyasi birliyinin formalaşmasına yardımçı olacaq”.


Müəllif: Səxavət Həmid