16 Oktyabr 2019 15:56
578
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev türk dünyası liderləri arasında böyük nüfuza malik olan və türkdilli ölkələr arasında inteqrasiyanı həqiqətən sürətləndirən bir liderdir. Ümumiyyətlə, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən indiyədək çəkinmədən və birbaşa olaraq türkdilli ölkələrin inteqrasiyasının tərəfdarı olub. Əgər biz digər dövlətlərlə müqayisə etsək, görərik ki, Azərbaycan türkdilli ölkələrin ən qabaqcıl, ən öncül ölkələrindəndir.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Zaur Məmmədov bildirib.

O qeyd edib ki, Azərbaycan Türkiyə ilə birgə Orta Asiya ölkələrinin humanitar, mədəni inteqrasiyası üçün öz töhfələrini verib:

“Təsadüfi deyil ki, 2009-cu ildə Türk Şurasının yaradılması Azərbaycanın adı ilə bağlıdır. Onun şəhərlərinin birində – Naxçıvanda türkdilli ölkələrin inteqrasiyasında mühüm rol oynayan saziş imzalanıb. Bakıda keçirilən zirvə görüşü ona görə mühüm idi ki, Özbəkistanın təşkilata qoşulması rəsmiləşdi, eyni zamanda Macarıstanın baş naziri də burada iştirak etdi. Bütün bunlar onu göstərir ki, Bakı sammitinin statusu daha böyükdür, bu sammitin mənası bu dövlətlər üçün böyük əhəmiyyət kəsb edir”.

Z.Məmmədov qeyd edib ki, Prezident İlham Əliyev çıxışı zamanı çox vacib məsələlərə toxunub:

“Bu məsələlərdən biri geosiyasi məsələdir. Prezident qeyd etdi ki, vaxtilə məhz Zəngəzur bölgəsinin Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi nəticəsində böyük türk dünyası coğrafi baxımdan parçalanıb. Prezident İlham Əliyev hər bir beynəlxalq tribunadan olduğu kimi bu tribunadan da Ermənistana mühüm mesajlar göndərdi”.

Müsahibimiz bildirib ki, türkdilli dövlətlərin beynəlxalq arenada həmrəylik nümayiş etdirməsi onların daha güclü olmasına xidmət edən amillərdən biridir.

Politoloq əlavə edib ki, əgər əvvəllər türkdilli dövlətlər arasında mədəni və humanitar məsələlər aktual idisə, bu gün artıq biz inteqrasiyanın yeni mərhələsinin şahidiyik:

“Bu yeni mərhələ tərəflər arasında iqtisadi münasibətlərin güclənməsidir. Bilirsiniz ki, artıq Bakı-Tbilisi-Qars dəmiryol xətti istifadəyə verilib. Ümumiyyətlə, Azərbaycan Çindən başlayaraq Avropayadək ticarət dəhlizinin reallaşdırılmasına çox yaxındır. Bununla bağlı istər Bakıda – Ələt dəniz ticarəti limanının tikilməsi, istərsə də ölkəmizin yer aldığı iqtisadi layihələr digər türkdilli ölkələrin də bu enerji və nəqliyyat layihələrinə qoşulmasını əhəmiyyətli edir. Son zamanlar bu istiqamətdə Özbəkistanın mövqeyi maraqlıdır. Əgər əvvəllər Özbəkistan neytral siyasət yürüdürdüsə, artıq ölkənin yeni prezidenti Şavkat Mirziyoyev də Azərbaycan vasitəsilə Avropayaə çıxmaqda, ölkəmizin iştirak etdiyi layihələrdə iştirakda maraqlıdır. Biz gələcəkdə Özbəkistanı da Azərbaycan, Türkiyə və Çini birləşdirəcək nəqliyyat layihəsində görə bilərik. Eyni zamanda Qazaxıstanla da iqtisadi əlaqələr inkişaf edir. Tərəflər Bakı-Tbilisi-Ceyhan kəməri çərçivəsində əməkdaşlıq edirlər. Eyni zamanda biz bilirik ki, Azərbaycan Qazaxıstan neftinin dünyaya çıxmasında mühüm rol oynayır. Bundan əlavə əgər əvvəllər Türkmənistan-Azərbaycan iqtisadi münasibətləri yox dərəcəsində idisə, bu gün türkmən qazının da Azərbaycan vasitəsilə Avropaya nəql olunması müzakirə predmetlərindən biridir. Hər bir halda Azərbaycanın türkdilli ölkələrlə münasibətləri artan xətt üzrə inkişaf etməkdədir və ən önəmlisi bizləri gələcəkdə bağlaya biləcək geoiqtisadi layihələrin gerçəkləşməsi artıq zaman məsələsidir”.


Müəllif: Səxavət Həmid