16 Oktyabr 2019 19:39
563
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva “Bölgəyə səfər edən ATƏT-in Minsk Qrupu həmsədrlərinin marşrutu İrəvandan Qarabağa və yalnız ondan sonra Bakıya keçir. Bu, münaqişənin hər iki tərəfi ilə razılaşdırılıbmı? Yoxsa bu, həmsədrlərin özlərinin qərarıdır və Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik kimi qiymətləndirilə bilər” sualını cavablandırıb.

XİN-dən Teleqraf.com-a verilən məlumata görə, Leyla Abdullayeva deyib:

“Bildiyiniz kimi, ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün vasitəçilik fəaliyyətlərini mövcud mandat əsasında həyata keçirirlər və həmin mandata dair Azərbaycan tərəfinin də razılığı var. ATƏT-in Minsk Qrupu həmsədrlərinin hazırkı səfəri bu mandatın icrası çərçivəsində onların regionumuza növbəti gəlişidir.

Qeyd etmək istərdik ki, həmsədrlər səfərlərini həyata keçirərkən, ənənəvi olaraq Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin həm erməni, həm də azərbaycanlı icmaları ilə əlaqə saxlayır. Bu cür səfərlər bundan əvvəl də dəfələrlə həyata keçirilib və tərəfimizdən münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycan Respublikasının ərazi bütövlüyünə riayət edilməsi çərçivəsində həll edilməsi istiqamətində görülən işlər kimi qiymətləndirilir”.


Müəllif: Səxavət