16 Oktyabr 2019 21:16
2 032
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türk dünyasının birliyi ideyası həmişə mövcud olub. Bu ideya əvvəllər daha çox emosional formada mövcud olmuşdu. Sonra isə xeyli dərəcədə siyasi məzmun kəsb etdi. Ümummilli lider Heydər Əliyev deyirdi ki, türk dünyasının mədəni, mənəvi birliyini onun siyasi-ideoloji birliyi tamamlamalıdır. Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin də bu tipli ideyaları var idi.

Teleqraf.com xəbər verir ki, bunu Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov bildirib.

O qeyd edib ki, türkdilli dövlətlərin qarşılıqlı inteqrasiyası üçün ilkin olaraq mədəni birlik yaradıldı:
“1990-cı illərin əvvəlində yaradılan TÜRKSOY türk xalqlarının mədəni birliyini müdafiə edən və onun inkişafını təmin edən təşkilatdır. Onun ardınca isə Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA) yaradıldı ki, bu da çox mühüm məsələ idi. Çünki parlamentlər bütün dünyada dövlətlərin ən demokratik qurumudur və burda deputatların simasında xalq təmsil olunur. Daha sonra isə 10 il əvvəl Naxçıvanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası yaradıldı. Artıq bu o demək idi ki, konkret olaraq türkdilli dövlətlərin birliyini koordinasiya edən işlək bir mexanizm, struktur yaradılır. Bu qurumun ən üst qatı isə dövlət başçılarının zirvə görüşləridir.
Ötən 10 il ərzində Türk Şurası səmərəli fəaliyyət göstərib və böyük nailiyyətlər qazanıb. Türk dövlətlərinin bir-birinə siyasi, strateji yaxınlaşmaları və türk dünyasının maraqlarının beynəlxalq səviyyədə təmin olunması, eləcə də türk dövlətləri arasında hər hansı bir kiçik münaqişəyə imkan verməyəcək qədər bir vəhdətin təmin olunması baxımından ciddi uğurlar qazanılıb. Bütün bunlar nəticə etibarilə Türk Şurasının əsaslandığı prinsiplərdir və Türk Şurasının mövcud olmasının ən böyük üstünlüyündən biri odur ki, həm əvvəl yaranmış TÜRKSOY, həm də TÜRKPA ilk növbədə dövlət başçılarının verdikləri qərarların fonunda öz fəaliyyətlərini gücləndirirlər.

Yəni, bu qərarlar nə qədər miqyaslı olarsa, o da həmin qurumlara təsir edir, görülən işlər müsbət olur. Onu da qeyd edim ki, türk xalqlarının birliyinə xidmət edən layihələrdən biri də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun yaradılmasıdır. Fond türk dünyası mədəniyyətini, zəngin tarixini, milli mənəvi dəyərlərini bütün dünyada təbliğ edir. Gələcəkdə bu istiqamətdə başqa qurumlar da yarana bilər”.

N.Cəfərovun sözlərinə görə, bütövlükdə 10 ildir ki, Türk Şurası bütün keyfiyyəti, strukturunun mükəmməlliyi ilə fəaliyyət göstərir və gələcəyə böyük vədlər verir:

“Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü də bu baxımdan böyük əhəmiyyət kəsb edir. Zirvə görüşündə dövlət başçılarının çıxışı, müzakirə olunan məsələlər, irəli sürülən təkliflər və gələcəkdə həmin təkliflərin reallaşması türk birliyini daha da gücləndirəcək. Hesab edirəm ki, türkdilli dövlətlərin birliyinin böyük gələcəyi var”.

N.Cəfərov daha sonra Özbəkistan və Macarıstanın Türk Şurasında iştirakı barədə danışıb:

“Müəyyən müddət idi ki, Özbəkistan Türk Şurasına üzv deyildi. Təbii ki, türk dünyasının özünün müəyyən daxili problemləri ola bilər. Biz bunu bilirik. Artıq Özbəkistan təşkilata rəsmi şəkildə üzv qəbul olundu və bu, çox təqdirəlayiq haldır.
Macarıstanın Türk Şurasının işində iştirak etməsi isə bizim üçün çox mühüm perspektivdir. Çünki Avropa ölkəsi olan Macarıstan özünü türk dünyasının tərkib hissəsi hesab edir. Bu fakt türk dünyasının daxili miqyasının genişlənməsinin göstəricisidir. Macarlar türk deyil, amma türklərin də daxil olduğu Altay birliyinə aiddir. Odur ki, bu cür genişlənmə bizim bir sıra digər problemlərimizi də həll edəcək.
Qeyd edim ki, türk birliyində millətçilik əhval-ruhiyyəsi, başqa millətlərə qarşı aqressiya yoxdur. Türkçülükdə bu hallar heç vaxt olmayıb. Türkçülük yalnız türk dünyasını beynəlxalq aləmin müstəqil bir hadisəsi kimi görmək, başqalarından aşağı olmamaq, irəli getmək, dünya ilə ayaqlaşmaq və sair məqamları özündə ehtiva edir. Əgər Macarıstan da Türk Şurasının işinə qoşulursa, bu, dünyanın bizim humanist addımlarımıza qiymətinin ifadəsidir”.

N.Cəfərov Türkmənistanın Türk Şurasına hələ də rəsmi şəkildə qoşulmadığına da münasibət bildirib. Deyib ki, Türkmənistan Türk Şurasının VII Zirvə Görüşündə baş nazirin müavini səviyyəsində təmsil olunsa da, təşkilata hələ rəsmi üzv deyil:
“Fikrimcə, zaman keçdikcə Türkmənistan da Türk Şurasına qoşulacaq. Çünki burada onların mənafeyinə toxunan nəinki heç bir məsələ yoxdur, əksinə türk dünyasında, həm də beynəlxalq müstəvidə bu ölkənin maraqlarını ifadə edəcək çoxlu istinadlar var.
Bütün bunlarla yanaşı, qeyd etmək istəyirəm ki, yarımmüstəqil türk xalqları da bu prosesdə iştirak etməlidir. Tatarlar, başqırdlar, çuvaşlar, yakutlar və sair xalqların böyük mədəniyyəti, dövlətçilik tarixi var. Məsələn, tatarların dövlətçilik tarixi türk xalqlarının çoxunun dövlətçilik tarixindən əvvələ gedib çıxır. Hesab edirəm ki, bu xalqlar da müxtəlif səviyyələrdə türk briliklərində təmsil olunmalıdır. Doğrudur, onlar TÜRKSOY-da təmsil olunur, amma fikrimcə, həmin yarımmüstəqil dövlətlərin parlamentləri olduğuna görə TÜRKPA-nın işində də iştirak edə bilərlər.

Yəni, proses elə gedir ki, türk birliyini istəməyən dairələr bizim birliyimizdən sui-istifadə edib “türk qorxusu” yaymasınlar. Yaymağa çalışsalar belə, türk dövlətlərinin fəaliyyəti nəticəsində dünya görəcək ki, burada normal, mədəni, ümumbəşəri dəyərlərə, müasir sivilizasiyaya uyğun bir proses gedir. Dünya xalqlarının bir-birilə münasibətləri hansısa birinin hüquqlarının pozulması şəklində yox, hüquq bərabərliyi əsasında olmalıdır. Başqa bir mədəni birlik dünyada mümkün deyil. Qloballaşmanın şərti də budur. Türk dünyası da Azərbaycanın timsalında multikulturalizmin zirvəsini dünyaya təqdim edir. Bütövlükdə, türk dövlətlərinin birliyi üçün çox ciddi əsaslar var və bu birlik dünyaya mədəniyyət, humanizm, insanlıq, böyük dəyərlər gətirir”.


Müəllif: Səxavət Həmid