17 Oktyabr 12:38
455

“Media tərəfindən ortaya atılan məktubda ABŞ prezidentinin türk həmkarını təhqir etdiyini düşünmürəm. Ümumiyyətlə, siyasətdə belə variantlar var”.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Arzu Nağıyev deyib.

Ekspertin fikrincə, bir sıra media qurumları ABŞ və Türkiyə prezidentləri arasındakı münasibətləri daha da gərginləşdirməyə çalışır:

“Habelə media tərəfindən bir iddia ortaya atıldı ki, guya cənab Ərdoğan Ankaraya gələn ABŞ dövlət katibi və vitse-prezidentini qəbul etməyəcək. Amma sonradan məlum oldu ki, bu məlumat sadəcə, bir jurnalist təxəyyülünün məhsuludur. Məlumdur ki, Çavuşoğlu ilə Pompeo, eyni zamanda Türkiyə prezidentinin köməkçisi ilə Amerika nümayənə heyəti arasında görüş baş tutdu. Yəni, bu prosesdə münasibətləri daha da qızışdırmağa çalışan maraqlı qüvvələr var.

Sadəcə olaraq, cənab Ərdoğan çıxışında ABŞ tərəfindən Türkiyə rəsmilərinə tətbiq edilən sanksiyaların qəbuledilməz olduğunu bildirdi. Burada əsas məqam ondan ibarətdir ki, Türkiyə hansısa qərarı qəbul etmək üçün kimlərəsə müraciət etməlidir, lakin bunu etməyəcək. Çünki bu gün terrorizmlə mübarizə Türkiyənin qarşısında duran prioritet istiqamətdir. 35 kilometr irəliləmək də lazım olsa, türk ordusu bu ərazilərə girəcək”.

Arzu Nağıyev hesab edir ki, müəyyən qüvvələr NATO-da müttəfiq olan ABŞ və Türkiyə arasında qarışıqlıq yaratmağa çalışır:

“Məlumdur ki, bölgədə həm ABŞ-ın, həm də Türkiyənin maraqları var, hər qüvvə də öz maraqlarını həyata keçirməyə cəhdlər edir. Həmçinin Avropa İttifaqına üzv dövlətlərin, İranın və Rusiyanın da öz maraqları var. Buna görə də müəyyən qüvvələr ABŞ-Türkiyə münasibətlərini gərginləşdirməyə çalışır, bundan özləri üçün müəyyən dividentlər götürmək istəyir.

Amma buna baxmayaraq, Türkiyə prezidenti elan etdi ki, vəziyyətdən asılı olmayaraq, türk ordusu Suriya ərazilərinin 35 kilometr dərinliyinədək təhlükəsizlik zolağını quracaq. Yəni, bölgədə terrorizmə son qoyulacaq və qaçqınların yerləşdirilməsi üçün lazım olan addımlar atılacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu