17 Oktyabr 2019 13:51
1 825
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Separatçıların İrəvana çağırılması Qarabağdakı qondarma rejimdə nəzərdə tutulmuş dəyişikliklə bağlıdır. Hesab edirəm ki, separatçıların nümayəndələri Masis Mayilyan və Bako Saakyan bu məqsədlə İrəvana çağırılıb”.

Bunu Teleqraf.com-a politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, Paşinyan Qarabağda öz komandasını formalaşdırmaq, köhnə komanda ilə xoşluqla və ya ərizə ilə vidalaşmaq istəyir:

“Düzdür, separatçıların İrəvana çağırılmasını Azərbaycan ordusunun təmas xəttinə yaxın mövqelərdə fəallaşması ilə izah edirlər, əslində isə Paşinyan separatçı rejimi xoşluqla istefaya getməyə məcbur edir. Bundan sonra öz adamlarını Qarabağda yerləşdirmək istəyir.

Erməni baş nazir bu planını “Azərbaycan təhlükəsi” iddiası adı altında gizlətməyə çalışır, bununla da Qarabağı tamamilə öz nəzarətinə keçirmək niyyəti güdür”.

Qabil Hüseynli Ermənistan baş nazirinin separatçı rejimdə dəyişiklik planının Ermənistan-Azərbaycan münaqişəsinə təsir imkanlarına da toxunub:

“Paşinyandan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konstruktiv mövqe gözləmirəm. Nikol Paşinyan manyakal keyfiyyətlərə malik olan bir siyasətçidir. Belə adamlarda təfəkkür demək olar ki, yox dərəcəsində olur, onlar baş verən prosesləri adekvat qiymətləndirmək imkanlarına sahib deyillər.

Hətta Köçəryan və Sərkisyan münaqişə ilə bağlı reallığı əks etdirən təkliflər irəli sürürdülərsə, bu adam isə yeni ərazilər iddiasındadır, Naxçıvanla, Tərtərlə bağlı iddiaları irəli sürür, hətta ətrafındakı adamlar Gəncə ilə bağlı iddialarını dilə gətirir. Başqa sözlə, bu adam başdan-ayağa avantüristdir. Onun bu avantürası bölgəni hələ bir xeyli çalxalayacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu