17 Oktyabr 2019 15:40
1 579
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com yazıçı-publisist Mehriban Vəzirlə müsahibəni təqdim edir:

- Müsavat Partiyasının son qurultayı ilə əlaqədar cəmiyyətdə müzakirələr davam edir. Son başqan seçkisinin nəticəsini necə qiymətləndirirsiniz?

- Müsavat Partiyası ölkəmizdə bir ilkə imza atdı, başqanın iki dəfədən artıq müddətə seçilməməsi üçün kvota qoydu. İstəsəydilər, bəhanə gətirərdilər, amma bunu həyata keçirdilər, İsa Qəmbərin başqanlıq müddəti bitdi, yeni seçki keçirildi. Biz o dövrün fəsadlarını və o fəsadların səbəblərini azdan-çoxdan bilirik. Bunu təbii sayırıq. İlk idi, həm də siyasi partiyalar tərəfindən bu məsələyə gizli müdaxilə vardı.

Son qurultayda proses normal getdi, seçkilər demokratik keçirildi, canlı yayım təşkil olundu, hər şey göz qabağında idi. Əslində nəticələri belə də gözləyirdim. Düzdür, İsa Qəmbərin Arif Hacılıya dəstək verməsi də öz işini gördü, amma dəstək verməsəydi də, nəticə buna yaxın olacaqdı. Bir qalanın içində oturub o qalanın içi ilə müharibə aparırsansa, qalanın təəssübünü deyil, başqa qalanın təəssübünü çəkirsənsə, sənin seçilməyin o qaladakı insanlardan asılıdırsa, sən o qaladan istədiyin nəticəni gözləməməlisən. Çünki istər Müsavatda, istərsə də başqa partiyalarda bu, mümkün deyil. Kənardan çox adam deyirdi ki, filankəs nüfuzludur, gərək o seçiləydi, müsavatçılar düzgün qərar verməyiblər. Mən belə yanaşmanın əleyhinəyəm. Müsavatçıların seçimini kənardan mühakimə edə bilmərik. Görünür, onların əsas var ki, belə qərar verirlər.

İkincisi, hər bir partiya üzvü istəyir ki, onun funksioneri nə olursa olsun, partiyanın maraqlarını müdafiə etsin. Həmin şəxs partiyanın maraqlarını müdafiə etmirsə, bir ayağı qaçaraqdırsa, təbii ki, partiyadaşlarının inamı sarsılır, kənardan “xalq arasında digər namizədlərdən daha nüfuzludur” ifadələri işə yaramır. Prezident seçkilərində namizəd olarlarsa, xalq sözünü deyər. Amma burada seçici müsavatçıdır, sözünü belə deyir.

- Bəs müsavatçılar ictimai rəyi nəzərə almırmı?

- Müsavatçılar ictimai rəyi niyə nəzərə alsınlar ki? Onların öz rəyi var. Dediyim kimi, qalanın içindədirlər və içəridə fəsad törədənləri çox gözəl tanıyırlar. Nəyin uyğun olub-olmadığını da bilirlər. İctimai rəy müsavatçılar tərəfindən ciddi sayılmır.

Mən kənardan yazılanlara baxırdım, qatı tərəfdar olan adamların bir qismi hansısa partiyaya bağlıdır, lap şəxsən tanıdığım səmimi adamlar da görürdüm siyasi prosesləri bilmir, işin içində deyil, kənardan simpatiyası var, danışığından xoşu gəlir. Amma düşünmür ki, bu siyasi funksioner seçkiyə girirsə, qabaqcadan hesablamalıdır ki, qazancı nə olacaq, neçə səs alacaq, nə qədər itirəcək. Əgər hesablaya bilmirsə, deməli, mükəmməl siyasətçi deyil. Kənar müşahidəçi bunları hesablamır, sadəcə baxır görür, bu adam xoşuna gəlir, danışığı yaxşıdır və sair. Siyasət ciddi məsələdir, insan bir dəfə həbsdə yatdı, yazılar yazdısa, bu, o demək deyil ki, siyasətçidir.

Siyasətçiliyin şərtləri var, siyasət dərin analizlər, gözəl nitq, fəaliyyət tələb edir. Ola bilər, müsavatçı düşünür ki, o adamın fəaliyyəti mənim partiyam üçün yetərli deyil və ictimai rəy onun fikrini dəyişmir. Çünki ictimai rəy ciddi amillərə əsaslanmır.

- Ad çəkmədən, dolayı yolla bu məsələyə toxundunuz. Bir az konkretləşdirək: belə fikirlər səslənir ki, necə olur, Tofiq Yaqublu kimi müxalifət düşərgəsində nüfuzlu biri Məclis üzvü belə seçilə bilmədi...

- Mən də müşahidə edirəm, bu məsələyə görə ciddi adamlar partiya rəhbərliyini qınadılar. Bəlkə də onların əlində bir dəlil var. Amma mən kənardan gördüyüm qədər buna bir az komik baxıram. Qurultay nümayəndəsi səs vermir. Qurultay nümayəndəsi səs vermirsə, nə etmək olar? Qurultay öz partiyasının rəhbərini, Məclis üzvünü bu keyfiyyətlərdə görmək istəmir. Adamlar niyə bunu başa düşmək istəmir? Hər kəs müsavatçıları, indiki rəhbərliyi ittiham edir və onları yönləndirən bir əlin olduğunu deyir.

Bir daha təkrar edirəm, ola bilər, onların əlində hansısa dəlillər var və mən o dəlilləri bilmirəm. Amma belə dəlil yoxdursa, mən müsavatçıları qınamağın tam əleyhinəyəm. Bir ayağı o tərəfdə, bir ayağı bu tərəfdə olan, yaxud partiya üzvü olaraq Müsavat rəhbərliyi və partiyanın özünü rüsvay edən, söydürən adamı Məclisdə görmək istəmirlər. Bu, təbii deyilmi? Buna təbii istək kimi baxıram və düşünürəm ki, müsavatçı öz seçimində haqlıdır. Çünki o, həqiqətən içdə olan prosesləri bilir. Konkret deyək, hörmətli Tofiq Yaqublu həm Milli Şuradadır, həm AXCP ilə yaxın münasibətləri var, həm də Müsavatdadır. Amma, bu, Müsavatın içində xoş qarşılanmır, orada başqa tələblər var.

Partiyanın qatı təəssübkeşi, tərəfdarı olmaq şərti var. Bu səbəbdən kənarda olan şəxs müsavatçını başa düşmür, ona anlayışla yanaşmır, müsavatçı da kənarda olanı anlamaq istəmir ki, axı mənim seçimimə niyə müdaxilə edirsən. Mən bu adamı Məclisdə görmək istəmirəm və sən təxribat aparırsan, deyirsən ki, bunu filankəslər öyrətdi, rəhbərlik idarə elədi. Əlimdə olan dəlillərlə bu qədər danışa bilirəm.

- Arif Hacılının rəqibləri bəyan elədi ki, Müsavat liderinin öz namizədini açıqlaması seçkinin taleyini qurultaydan öncə həll elədi. Bu fikirlərlə nə dərəcədə razılaşırsınız?

- İsa Qəmbərin öz namizədini açıqlamasında qeyri-qanuni bir şey yoxdur. İkinci, İsa Qəmbər partiyasını qorumağa çalışır. Ona görə bu addımı atdı. Çünki ötən qurultayda baş verən fəsad hamının gözü qarşısında oldu. Ona görə də bu qurultayda həmin parçalanmaya getməmək, fikirlərə aydınlıq gətirmək üçün İsa Qəmbər bu addımı atdı və bu, gözlənilən idi.

Şəxsən mən bu addımı atmasını arzulayırdım. Ortada Müsavatın ölüm-dirim məsələsi var idi. İsa Qəmbər prosesə kənardan tamaşa edə bilməzdi. Ötən qurultayda təcrübəsizlik oldu, onun ikinci dəfə bu fürsəti verməməsi çox məqbul siyasi addım idi.

- Son 5 ildə Arif Hacılının Müsavatı zəiflətdiyinə dair rəylərə münasibətiniz necədir?

- Bunu deyənlər də, bu fikirlərin əleyhdarı olanlar da var. Gəlin, ətrafdakı partiyalara nəzər yetirək, hansı siyasi təşkilat ötən 5 ildə bir santimetr boy atıb? Heç biri. Çünki belə siyasi mühit yoxdur. Müsavatı, Arif Hacılını və elə AXCP-ni tənqid edən insanlardan hansılar partiyaya gəlib aktiv fəaliyyət göstərə bilir? Partiyada gedən prosesləri kənardan mühakimə etmək, yekə-yekə danışmaq asandır. Fikrimcə, Müsavat Partiyası cəmiyyətdə aktiv və güclü partiyadır. Digər partiyalarla müqayisə edəndə onun son 5 ildə geri getdiyi, itirdiyi barədə ortaya heç bir nəticə çıxmır. Müsavatın Arif Hacılının rəhbərliyi dövründə boyu qısalmayıb.

- Bu illər ərzində Müsavat başqanlığına Arif Hacılıdan başqa lider yetişmədimi, niyə yalnız onun liderliyi üzərində dayanıldı?

- Liderin yetişməyi asan iş deyil. 1988-ci ildə ortaya çıxan liderlərdən başqa ortada heç kim yoxdur. 5 ildən sonra Müsavatda yeni başqan seçkisi olacaq. Arif Hacılının başqanlıq dönəmi qurtarır. İsa Qəmbər, Arif Hacılı və partiyanın gələcəyini düşünən çevrə yeni, gənc, perspektivli, cəsur, elmli, gözəl nitqi və görüntüsü olan, yönü siyasətə uyğun kadrın üzərində düşünməlidirlər. Əlbəttə, bu keyfiyyətlərin bir nəfərdə olması çətindir, liderlik vergidir, Allah ya verir, ya da vermir. Dürüst, enerjili, elmli, yaraşıqlı, ürəyi şəfqətlə dolu insanı tapıb Müsavat üçün namizəd kimi yetişdirmək lazımdır. Bu gün Müsavat Partiyası bu barədə düşünməlidir.

- Müsavatın başqanı ola biləcək şəxslər sırasında Hikmət Hacızadənin, mərhum Vurğun Əyyubun da adı zaman-zaman hallanıb. Amma onlar incik salındı, basqılar nəticəsində partiyadan getməli oldular. Belə proseslər də yaşandı...

- Belə şeylər normaldır, yaşanacaq. Vurğun Əyyuba Allah rəhmət eləsin, xətri hamımızın yanında əzizdir. Vurğun Əyyub siyasi funksioner missiyasını yerinə yetirmirdi, o, siyasətə çox da qarışmırdı, həmişə kənarda idi, sakit, dinc adam idi. Onu Müsavatın başqanı kimi görmək ümumiyyətlə, mümkün deyildi. O özü də yəqin bunu ağlına gətirməzdi. Onun partiyadan ayrılması başqa mövzudur. Hikmət Hacızadə bütün siyasi yaradıcılığı boyu özünü cəmiyyətə partiya funksioneri obrazında tanıtmayıb. Onun demokratiya yolunda böyük xidmətləri var, amma əminəm ki, o, özünü partiya lideri kimi görmür. Müsavatçılar səs versə belə, düşünürəm ki, o, imtina edərdi.


Müəllif: Nərgiz