17 Oktyabr 2019 17:22
837
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyə və Suriya prezidentlərinin görüşü baş tuta bilər”.

Suriya Demokratik Qüvvələri (SDQ) ilə Suriya hökumət ordusunun anlaşmasını Teleqraf.com-a şərh edən politoloq İlqar Vəlizadə belə deyib.

Ekspertin fikrincə, hazırkı məqamda bütün ehtimal və variantları nəzərdən keçirmək mümkündür:

“Əməliyyatları davam etdirən Türkiyə kənardan ciddi təzyiqlərlə üzləşib. Hər halda Ankara bu təzyiqləri minimuma endirmək niyyətindədir. Eyni zamanda, bu təzyiqlərin yaxın gələcəkdə artan templə gedəcəyini düşünürəm. Buna görə də Türkiyə çalışacaq ki, həm əməliyyatları davam etdirsin, həm də qarşı tərəfə müqavimət göstərməyin onların lehinə olmadığını göstərsin.

Bu baxımdan, danışıqlar istisna edilmir. Əlbəttə, Ankara heç vaxt PKK və ya Türkiyənin təhlükəsizliyini təhdid edən qüvvələrlə danışıqlara getməyəcək. Bu baxımdan, kiminlə danışıqlara getmək məsələsi müəyyən edilməlidir. Belə bir danışıqlar da vasitəçilərlə mümkün ola bilər.

Türkiyə üçün bu əməliyyatları aparmaqda əsas məqsəd təhlükəsizlik zolağının qurulması və suriyalı qaçqınların bu bölgədə yerləşdirilməsidir. İndiki məqamda da hadisələr sürətlə cərəyan edir. Türkiyə ABŞ-la danışıqlara başlayıb və bu proses çox sərt və xoşagəlməz məcrada gedir”.

İlqar Vəlizadə hesab edir ki, rəsmi Ankara Vaşinqtonla yanaşı, Moskva ilə də müvafiq məsələ ilə bağlı danışıqlara başlayacaq:

“Bu məqsədlə Türkiyə prezidenti Rusiyaya səfər edəcək. Ola bilsin ki, Rusiya da müəyyən təkliflər verəcək. Türkiyə də çalışır ki, əməliyyatları minimum itkilərlə həyata keçirsin”.


Müəllif: Mənsur Rəğbətoğlu