17 Oktyabr 2019 20:53
717
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan ictimaiyyəti Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasəti, ölkədə daxilində və xaricdə etdiyi çıxışları həqiqətən də yaxından izləyir. Nəinki izləyir, həm də onu dəstəkləyir. Bu mənada oktyabrın 15-də Prezident İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirədə dövlət başçısı təkcə ölkənin sosial-iqtisadi inkişafına, gələn ilin dövlət büdcəsinə, əhalinin rifahının yaxşılaşdırılmasına, qarşıdakı illərdə ölkədə görüləcək məsələlərə, planlaşdırılan işlərin bütün incəliklərinə toxunmadı, həm də ötən 9 ay ərzində görülən işlərə bir növ yekun vurdu.

Bunu Teleqraf.com-a açıqlamasında YAP Siyasi Şurasının üzvü, partiyanın Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini Məlahət İbrahimqızı deyib.

O qeyd edib ki, Prezident İlham Əliyevin çıxışından irəli gələn çox vacib məqamlar var:

“Dövlət başçısı çox kəskin şəkildə bildirdi ki, bir sıra hallarda ayrı-ayrı dövlət qurumları görüləcək işlərlə sərf olunacaq maddi vəsaiti şişirdirlər. Bu da büdcəyə çox böyük ziyan vurur. Bu şişirdilmiş, bu itkiyə gedən vəsaiti biz insanların, vətəndaşların sosial problemlərinin həllinə sərf edə, onların pensiya və müavinətlərinin, əməkhaqlarının artırılmasına və sair bu kimi məsələlərə yönəldə bilərik. Yəni, həqiqətən də bu vətəndaşların ürəyincədir. Hazırda cəmiyyətin fikrini bilmək üçün sosial şəbəkələrə baxmaq yetərlidir. Sosial şəbəkələrdə də müşavirədən keçən bir neçə gün ərzində cənab prezidentin söylədiyi fikirlər müzakirə olunur və vətəndaşların, insanların tamamilə ürəyincədir. Cənab prezident əldə etdiyimiz uğurları qeyd etdi. Amma eyni zamanda çox təəssüf ki, bir sıra dövlət məmurlarının bağışlanması çox çətin olan nöqsanları var və dövlət başçısı da bunu bildirdi. Eyni zamanda vergidən yayınan sahibkarlarla da bağlı cənab prezident öz sözünü dedi”.

Məlahət İbrahimqızı daha sonra deyib:

“Cənab prezident qeyd etdi ki, ölkəmizdə artıq bir neçə ildir ciddi islahatlara start verilib. Əslində, 2003-cü ildən bu günədək ölkəmizdə bu islahatlar davamlı olaraq həyata keçirilir. Amma 2018-ci ildə aprelində keçirilən prezident seçkisindən sonra cənab prezident islahatların yeni mərhələsinə qədəm qoyacağımızı bildirdi. Ötən müddət ərzində ölkəmizin demək olar bütün sahələrində ciddi islahatların getdiyinin şahidi oluruq. Bunu da əlbəttə, Azərbaycan cəmiyyəti, vətəndaşları çox təqdir edir, dəstəkləyir. Amma cənab prezident dedi ki, bizim həyata keçirdiyimiz bu islahatlara iqtidarda olan bəziləri mane olmaq istəyirlər. Təbii ki, Azərbaycanı sevməyən xarici, ermənipərəst qüvvələr də Azərbaycanda islahatların getməsini, bütün sahələrdə uğurların əldə olunmasını görmək istəmirlər, buna mane olmaq istəyirlər. Azərbaycana qarşı çirkab, söyüş-təhqir kampaniyası aparan siyasi partiyalar var. Onların bir ayağı burda olsa da, bir ayağı xaricdədir. Çox təəssüf, Azərbaycandan olan müəyyən insanlar var ki, onlar da ermənipərəst qüvvələrin əlində oyuncaq, instrument kimi istifadə olunur. Onlar da təbii ki, Azərbaycanın inkişafını istəmirlər. Azərbaycanın inkişaf etməsi həmin ermənipərəst qüvvələr və dövlətlər üçün sərfəli deyil. Ona görə ölkədə yürüdülən uğurlu siyasətə, uğurlu islahatlara mane olmaq istəyirlər. Cənab prezident yenə də çox təəssüflə dedi ki, bu gün iqtidarda olan müəyyən məmurlar da islahatlara bir sıra hallarda mane olmaq istəyirlər. Təbii, cənab prezident bildirdi ki, bütün bu maneələrə, əngəllərlə bizə mane ola bilməzlər. Dövlət başçısının çox haqlı olaraq qeyd etdiyi kimi biz edilən heç bir təzyiqdən, yaxud təhdiddən çəkinmirik, bizim həyata keçirdiyimiz işlər onlardan çox yüksəkdə durur. Çünki biz xalqın arzusunu, xalqın iradəsini ifadə edirik. Prezidentimiz xalqına güvənir. Azərbaycan xalqı onu dəstəkləyir. Cənab prezidentin xalqdan aldığı dəstəkdir, xalqdan aldığı güvəndir ki, dövlət başçısı bütün tribunalarda çox qətiyyətlə, çox cəsarətlə Azərbaycan həqiqətlərini, xalqın problemlərini dünya ictimaiyyətinə çatdırır. Eləcə də daxildə olan müəyyən ermənipərəst qüvvələrə xidmət edən qurumlara, qüvvələrə öz kəskin mövqeyini bildirir”.

M.İbrahimqızı Prezident İlham Əliyevin gənc kadrların işə cəlb edilməsi ilə bağlı söylədikləri ətrafında da düşüncələrini bölüşüb:

“Həqiqətən də, dövlət idarəçiliyində gəncləşmə getməldir. Əgər biz virtual məkan əsrinə daxil olmuşuqsa, əgər bu gün dünya sosial şəbəkələr əsrindədirsə, biz belə bir erada yaşayırıqsa, bu eranın tələb etdiyi şərtlərdən, zərurətdən istifadə edə bilmiriksə, deməli insan artıq zamanla ayaqlaşa bilmədiyini etiraf etməlidir. Etiraf etməliyik ki, bu gün xüsusilə orta yaşdan yuxarı yaş qrupuna daxil olan insanlarımız zamanın tələbləri ilə ayaqlaşa bilmirlər. Zamanın tələbləri ilə ayaqlaşa bilməyəndə də problemlər çıxır. Bunu nəzərə alaraq deməliyik ki, dövlət qurumlarında, yaxud ayrı-ayrı təşkilatlarda, müəssisələrdə insan əgər zamanın tələblərinə uyğunlaşa bilmirsə deməli o dövlətin və bütövlükdə cəmiyyətin inkişafına maneçilik törədə bilər. Görürsünüzmü, bu gün dünyada hər şey sosial şəbəkədə həll olunur. ABŞ-ın, yaxud Avropanın inkişaf etmiş ölkələri, hətta qardaş Türkiyədə dövlət rəsmiləri bir tvit atırlar, bütün məsələlər həmin tvitin altında, yaxud digər sosial şəbəkədə müzakirə olunur. Yəni, əgər bu gün Azərbaycanda insanlar bu zərurəti, bu tələbatı anlamırsa, ona uyğunlaşa bilmirsə, deməli onlar öz yerlərini yavaş-yavaş gənclərə, daha dinamik insanlara, günün nəbzini tuta bilən, sosial şəbəkələr əsrində ayaqlaşa biləcək kadrlara, mütəxəssislərə verməlidirlər. Cənab prezident bununla bağlı bir sıra mesajlarını verdi. Hər kəs də yəqin ki, öz payını götürdü”.


Müəllif: Səxavət Həmid