17 Oktyabr 2019 21:58
1 562
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya ərazisindən Türkiyəyə qarşı terror təhlükəsi son zamanlar güclənmişdi. Türkiyə bu təhlükəni öz sərhədlərindən uzaqlaşdırmaq istəyir və bu səbəbdən də əməliyyat keçirir. Məqsəd budur ki, o ərazidən kürd silahlılarının Türkiyəyə qarşı terror təhdidləri aradan qalxsın. Türkiyə Suriyanın ərazisinə göz dikməyib.

Bu sözləri Teleqraf.com-a Milli Məclisin deputatı Rasim Musabəyov Türkiyənin Suriyanın şimal sərhədlərində apardığı əməliyyat və qarşılaşdığı durumu şərh edərkən deyib.

Politoloq xatırladıb ki, hazırda Türkiyədə bir neçə milyon suriyalı qaçqınlar var: “Ankara çalışır ki, onun sərhəddi yaxınlığında qərarlaşan terrorçuları zərərləşdirsin və bu ərazilərdə ona pənah gətirən suriyalı qaçqınları yerləşdirsin. Fikrimcə, buna nail olunsa terrorun qarşısı müəyyən qədər alına bilər. Amma bunu etmək mümkün olacaqmı? Bunu zaman göstərəcək.

İkincisi, bu ərazilərə həm də Bəşər Əsəd gəlir. Burada olan yaraqlı kürdlərin yaratdığı strukturlar dövlət şəkili ala bilərdi və daim Türkiyəyə qarşı terror yuvasına çevrilərdi. Bunu aradan qaldırmaq da Türkiyənin məqsədi ola bilər.

Digər tərəfdən, ruslar maraqlı idi ki, amerikalılar ərazini tərk etdikdən və Türkiyə təzyiqlərini artırdıqdan sonra oradakı silahlı türklər gedib Bəşər Əsədin hakimiyyətini qəbul edəcək. Bu səbəbdən də Rusiya məlum əməliyyatlar zamanı Türkiyənin əleyhinə çıxış etmir. Əslində Suriyada çoxşaxəli oyun gedir. Əsas odur ki, sən hesab-dəftəri dəqiq tutmalısan. Yəni harada qabağa, harada yerində dayanmağın, harada isə geri çəkilməyin lazım olduğunu bilməlisən”.

ABŞ-Türkiyə münasibətlərinə gəldikdə Rasim Musabəyov məsləhət görür ki, məsələyə münasibəti verilən bəyanatlar və ya yazılan məktubla ölçmək doğru deyl: “Ərdoğan lazım gəlsə, Trampın məktubuna eyni üslubda cavab verəcək. Tramp tərəfindən təhqir edilməyən adam qalıbmı? Bu onun ənənəvi davranışıdır. Amma siz diqqət edin, Konqres Türkiyəyə qarşı sanksiyaların dərinləşdirilməsi və sərtləşdirilməsini tələb edir. Tramp isə sanksiya görüntüsünü yaradır. Ola bilsin ki, yaramaz məktub yazmaqla da özünü Türkiyəyə qarşı sərt mövqedə durması görüntüsünü yaradır. Diqqət edin, Türkiyəyə qarşı Trampın qəbul etdiyi sanksiyaların tətbiqinə bir aydan sonra başlanılacaq. Bu bir ay ərzində allah bilir nə baş verəcək. Əlbəttə, Trampın dövlət başçısı statusuna uyğun gəlməyən ifadələri, ola bilsin ki, Konqresin istədiyi şəkildə onun Türkiyənin üzərinə gəlməsinin qarşısını alır. Axı Tramp bu məktubu ilə yanaşı qeyd edir ki, PKK İŞİD-dən də pis terrorçudur. Yəni bunu da deyir. Bir var görüntü, bir də var mahiyyəti üzrə siyasət. Görüntüyə aldanıb siyasət haqqında fikir bildirmək yanlış olardı. Əsas mahiyyətə baxmaq lazımdır”.


Müəllif: Cavad