18 Oktyabr 2019 15:42
1 874
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan rəhbərliyinin son davranışları bir daha təsdiq etdi ki, Dağlıq Qarabağ münaqişəsini dinc yolla həll etmək niyyətləri yoxdur.

Bunu Teleqraf.com-a açıqlamasında millət vəkili Elman Nəsirov deyib.

Onun sözlərinə görə, Ermənistan ATƏT-in Minsk qrupunun təzyiqi altında ara-sıra danışıqlara getsə də, əslində heç bir konstruktiv mövqeyi yoxdur:

“Ermənilər danışıqlara danışıqlar naminə gedir, göz kül üfürürlər ki, guya Ermənistan danışıqlarda maraqlıdır. Əslində bu gün Ermənistan rəhbərliyinin başı daha çox ölkə daxilindəki problemlərə qarışıb. Bu baxımdan, Qarabağ məsələsi də Paşinyan hakimiyyətinin öz mövqeyini gücləndirməsi üçün bir vasitəyə çevrilib. Paşinyanın başı daha çox “Qarabağ klanı” ilə mübarizəyə qarışıb.

Bu gün Ermənistanda Qarabağla bağlı yumşaq mövqe sərgiləyən hər kəsi “vətənə xəyanət”də ittiham edirlər. Buna görə də Paşinyan iqtidarı elə bir vəziyyətdədir ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konstruktiv addım atmağa nə imkanı, nə də niyyəti var. Ona görə də danışıqlar nəticəsizdir. Bir ölkənin rəhbəri “Qarabağ Ermənistandır” deyirsə, danışıqlar nəticəsiz qalacaq”.

Elman Nəsirov qeyd edib ki, mövcud vəziyyətlər bağlı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da pozitiv danışmadı:

“Nazir son görüşdən məyusluğunu dilə gətirdi. Əlbəttə, danışıqlar heç bir nəticə verməsə, hərbi əməliyyatlar məsələsi aktuallaşa bilər. Bunun məsuliyyəti də ATƏT-in Minsk qrupu və Ermənistanın üzərinə düşür. Çünki Minsk qrupu vəziyyətdə Ermənistana heç bir təzyiq göstərmir. Üstəgəl, regiona səfər edən həmsədrlər görüşlərini keçirdikdən sonra ünvansız bəyanatlar verir. Reallıqda isə işğalçı Ermənistana heç bir təsir mexanizmi yoxdur. Reallıq bundan ibarətdir.

Buna görə də bundan sonra hadisələrin mürəkkəb ssenari üzrə inkişafı labüd ola bilər. Hərbi əməliyyatlar başlayacağı təqdirdə bunun məsuliyyəti Ermənistanın üzərinə düşəcək. O cümlədən, prosesləri kənardan seyirçi mövqeyindən izləyən Minsk qrupu bundan məsuliyyət daşıyacaq. Çünki həmsədrlərin fəaliyyəti heç bir məna kəsb etmir. Təəssüf ki, Qarabağ münaqişəsinin həll prosesi mürəkkəb bir dalana dirənib”.


Müəllif: Mənsur Rəğbətoğlu