19 Oktyabr 2019 09:05
841
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ-la əldə edilən anlaşmaya Türkiyənin reaksiyası göstərir ki, bu razılaşma ciddi xarakter daşıyır”.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Elçin Mizəbəyli deyib.

Ekspertin fikrincə, Türkiyənin Suriyanın şimalındakı hərbi qüvvələri hələlik bölgəni tərk etməyəcək:

“Hesab edirəm ki, indiki məqamda söhbət anlaşmaya qarantiyanın verilməsindən gedir. Əgər verilən vəd yerinə yetirilməyəcəksə, Türkiyə buna adekvat olaraq hərbi əməliyyatlara davam edəcək. İndiki şəraitdə Türkiyənin uduzması üçün hansısa zəmin yoxdur. Əksinə Türkiyə bu prosesdən qazanclı çıxdı. Baş verənlər kürd terror qruplaşmalarına da öz təsirlərini göstərəcək. Həmin qruplaşmalar burada vasitə olduğunu anladı. Çox güman ki, bundan sonra terrorçular daha böyük və ciddi iddialara düşməyəcək.

Türkiyəyə Suriya ilə sərhəddə təhlükəsizlik zolağını yaratmaq lazımdır. Türkiyəyə həmin ərazilərdə nəzərdə tutulmuş layihənin reallaşmasına imkan yaradılacağı vədi verilib. Əlbəttə, bu zolaq Suriyanın ərazi bütövlüyü çərçivəsində olacaq, suriyalı qaçqınlar da həmin ərazilərə köçürüləcək”.

Elçin Mirzəbəyli qeyd edib ki, ABŞ-Türkiyə münasibətlərindəki yumşalma da, Türkiyə iqtisadiyyatın öz müsbət təsirini göstərəcək:

“Bu, Türkiyə və digər müttəfiqləri arasında yaranmış problemlərin həllinə zəmin yaradacaq. Hesab edirəm ki, indiki məqamda rəsmi Ankaranın qətiyyətli mövqeyi və iradəsi bu prosesdə əhəmiyyətli rol oynadı.

Qənaətimə görə, Türkiyə bu proseslərdən qazanclı çıxır, əvvələ Silahlı Qüvvələr zərər görmür, ölkə iqtisadiyyatına ziyan dəymir, insan ölümü baş vermir. Bu baxımdan, ABŞ və Türkiyənin anlaşması müsbət hadisədir. Əlbəttə, ABŞ anlaşmanın şərtlərini yerinə yetirməsə, Türkiyə əməliyyatları davam etdirəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu