21 Oktyabr 15:17
267

“ABŞ Suriyadan çəkilməzdən əvvəl Rusiya ilə anlaşmışdı. Çünki Tramp ABŞ iqtisadiyyatının zəifləməsi məsələsini gündəmə gətirmişdi. Amerika iqtisadi baxımdan defolt ərəfəsindədir”.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Politoloqun fikrincə, ABŞ Türkiyə ilə anlaşmağa və Suriyadan geri çəkilməyə məcbur idi:

“Rusiya isə bu vəziyyətdən çox uğurla yararlandı. Həm Amerikanın yanında, həm də Türkiyənin yanında siyasi imic qazandı. Yəni, Yaxın Şərq siyasətini uğurla həyata keçirməyi bacardı. ABŞ hərbi qüvvələrinin Suriyadan çıxarılaraq, İraqa keçirilməsinə gəlincə, bu, Amerikanın maraqlarına uyğundur. Çünki İraqda daha çox neft ehtiyatları var, nəinki Suriyanın şimalında. Bu mənada, ABŞ iqtisadi maraqları siyasi maraqlardan üstün tutdu.

Qaldı ki, ABŞ-Türkiyə anlaşmasına, yaxın zamanda kürdlərin bölgədən tamamilə çəkiləcəyini düşünmürəm. Bu, növbəti bir təxribat da ola bilər, amma bütün hallarda Türkiyə 120 saatlıq atəşkəsə əməl edir”.

Cümşüd Nuriyev sabah Türkiyə sərhədindəki kürd terror qruplaşmalarını geri çəkməsi üçün ABŞ-a verilən 120 saatlıq vaxtın bitməsinə də diqqət çəkib:

“Amerika dəfələrlə vəd verib və yerinə yetirməyib. ABŞ adətən, sözünün üstündə durmayan dövlətlərdən biridir, onu da nəzərə almaq lazımdır ki, bu ölkənin prezidenti Donald Tramp da kifayət qədər qeyri-adekvat adamdır. Bu baxımdan, ABŞ Türkiyəyə verdiyi vədləri yerinə yetirməyə bilər. ABŞ birinci dəfə deyil ki, öz partnyorunu pis vəziyyətdə qoyur. Amerika öz maraqlarına çatana qədərdir, bundan sonra onu heç nə maraqlandırmır.

ABŞ üçün əsas məqsəd budur ki, siyasi məqsədlərinə çatsın, buna görə də bu dövlət üçün kürdlərin, rusların, türklərin və ya ərəblərin bir fərqi yoxdur. Həmin qüvvələr ABŞ-a lazım olanda, onlara yaxınlaşmaq üçün strateji planlar qurur. ABŞ-da “dərin dövlət” yaxşı işlədiyinə görə belə məsələlərdə ciddi səhvlərə yol vermir”.


Müəllif: Mənsur Rəğbətoğlu