21 Oktyabr 16:49

Türkiyənin Azərbaycandakı səfirliyində yeni təyin olunan mətbuat müşaviri Hüseyn Altınalanla media nümayəndələrinin tanışlıq görüşü keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Mətbuat Şurasının sədri Əflatun Amaşov, KİVDF sədri Vüqar Səfərli ölkənin media kapitanları, jurnalistlər iştirak ediblər.

Tədbirdə açılış nitqi ilə çıxış edən Erkan Özoral bildirib ki, Azərbaycan son zamanlar həyata keçirilən "Barış pınarı" və ondan öncəki əməliyyatlara verdiyi dəstəklə bizim bir millət, iki dövlət olduğumuzu bütün dünyaya isbat etmiş oldu: "Ona görə də sizlərin simasında bütün Azərbaycan xalqına, cənab İlham Əliyevə öz təşəkkürümü bildirirəm. Ötən həftə türk dünyasının liderlərinin Bakıda toplantısı oldu. Orada önəmli qərarlar qəbul olundu. Bu da türk dünyasındakı birliyi dünyaya göstərmiş oldu. Suriyada 9 ildir davam edən savaşın acısını Suriyadan sonra ən çox çəkən Türkiyə oldu. Terror üzündən çoxsaylı insanlarımızı şəhid verdik. Bir yandan da Suriyadan gələn qaçqınlara ən çox yardımı Türkiyə etdi.

Hazırda Türkiyədə 3 milyon 600 min Suriyadan gələn qaçqın var. Türkiyənin onlara çəkdikləri xərcləri isə 40 milyard dolların üzərinə çıxıb. Bizə bunun qarşılığında Avropa Birliyindən 6 milyard dollar söz verilib, onun da indiyə qədər 3 milyardı ödənilib. Bundan başqa terrora qarşı mübarizədə müttəfiqlərimizin də ciddi dəstəyini görmədik. Əksinə, bəzi müttəfiqlərimiz tərəfindən terrorçulara kamyonlarla dolu silah dəstəyi verildi.

Bizim Türkiyə olaraq arzumuz Suriyada bir an öncə barışın əldə olunması, Suriyanın ərazi bütövlüyünün qorunmasıdır. Suriya məsələsinin əslində biz hərbi yolla həll olunmasını tamamilə rədd etmişdik. Siyasi yolla məsələnin həllini dəstəkləyirik. Sentyabr ayında Ankarada düzənlənən Türkiyə-Rusiya-İran üçlü görüşündə də Suriya məsələsinin həlli ön planda idi. Bununla belə sərhədimizdə terrorla üzbəüz qalmışıq. Biz hər zaman açıqladığımız kimi Türkiyə cümhuriyyətinə qarşı təhdidə qarşıyıq.

Bu günə qədər 40 min vətəndaşımızı terror üzündən itirdik. Hər kəsə məlumdur ki, Türkiyə terrora qarşıdır. Məmləkətimizin təhlükəsizliyi üçün gərəkən bütün addımları atacağıq. İndiyədək 4 min kilometrə qədər ərazini "Barış pınarı" çərçivəsində terrorçulardan təmizləmişik. Əsgərlərimiz İŞİD terrorçuları ilə üzbəüz silahlı mübarizəyə girib və onları zərərsizləşdirib.

Bundan əlavə, Fırat ətrafında PYD, YPG terror qruplaşmaları da müttəfiqimizin dəstəyi ilə güclənməkdədir. Belə bir hala da sadəcə seyrici qalmağımız heç kim tərəfindən gözlənilməli deyildi. Buna görə də özəlliklə Amerika ilə münasibətlərimizdə bunu dilə gətirdik. Bu günlərdə dünya mətbuatında müxtəlif yalan, qarayaxmalar yayılır. Hətta Xocalı soyqırımında çəkilən şəkilləri belə bizim adımıza yazıb, bu əməliyyatlarda çəkilmiş fotolar kimi təqdim edirlər. Dünyaya bu cür yalan satmaq istəyirlər. Əslində isə bizim Suriyadakı hədəflərimizdən biri İŞİD-in o bölgədən təmizlənməsidir. Bizə edilən qaralamalardan biri də türk silahlı qüvvələrinin guya bu əməliyyat zamanı kimyəvi silah istifadə etməsi istəyi ilə bağlıdır.

Türk silahlı qüvvələri bu cür silah istifadə etmir. Bu barədə bizim dövlət rəsmilərimiz də açıqlama veriblər. Ümid edirik ki, verilən zaman başa çatdıqda bölgənin təmizləndiyini görüb, yeni əməliyyat başlamaq məcburiyyətində qalmarıq. İnşallah ki, Suriyada barış bir an öncə hakim olacaq".


Müəllif: Teleqraf.com