21 Oktyabr 16:25
1 636

“Livan hökumətində həm xristianlar, həm də müsəlmanlar təmsil olunur. Dövlətin başında xristianlar, hökumətin başında isə müsəlmanlar dayanır. Livanda əsas müxalifət isə Hizbullahdır”.

Livanda hakimiyyət əleyhinə baş verən etiraz aksiyaları haqda Teleqraf.com-a danışan politoloq Sədrəddin Soltan belə deyib.

Ekspert silahlı Hizbullah təşkilatının İran yönümlü olduğunu bildirib:

“Livandakı hadisələrin gedişatı göstərir ki, bu ölkə yenidən qarışmalıdır. Çünki Livan Hizbullahı Suriya və İraqda gedən proseslərdə iştirak edir. Buna görə də Livanda Hizbullahın mövqeyini zəiflətməyə çalışırlar. Ötən günlərdə Livanda parlamentə hücumun təşkil edilməsi və digər məsələlər Hizbullahın diqqətini ölkə daxili proseslərə çəkə bilər.

Məlumdur ki, Hizbullah Suriyada Bəşər Əsədi müdafiə edir və ya İsrail üçün bölgədə təhdidedici vəziyyətlər yaradır. Bu baxımdan, Livanda vəziyyətin qarışması Hizbullahın ölkədaxili problemlərə cəlb edilməsinə, habelə İranın buradakı mövqeyinin zəiflədilməsinə xidmət edir”.

Sədrəddin Soltan bu ərəb ölkəsində davam edən genişmiqyaslı etiraz aksiyalarının siyasi xaosa yol açacağını istisna etmir:

“Qənaətimə görə, yaxın zamanlarda Livanda siyasi vəziyyətin daha da qarışması ehtimalı var. Bu prosesin hakimiyyətdə böhrana gətirib çıxarması da mümkün ola bilər. Ola bilsin ki, hökumət ya istefaya gedəcək, ya da yenidən parlament seçkiləri keçiriləcək. Bütövlükdə isə bu proseslər siyasi böhranla nəticələnə bilər”.


Müəllif: Mənsur Rəğbətoğlu