21 Oktyabr 18:39
2 043

Trampla Ərdoğan arasında əldə olunan anlaşmaya hələlik əməl olunur. Anlaşma Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya Prezidenti Vladimir Putinlə görüşünə qədər uğurla davam edib başa çatacaqsa, o halda Türkiyənin əli bir qədər də möhkəmlənəcək. ABŞ-la münasibətləri bərpa olunmağa başlayan Türkiyənin danışıqlar masasında əli daha güclü olacaq. Bu baxımdan Ərdoğan-Putin görüşünün çətin keçəcəyini düşünürəm. Türkiyənin ABŞ-la danışıqlarda olduğu kimi istədiklərini əldə edə biləcəyinə ehtiyatla yanaşıram.

Bu sözləri Teleqraf.com-a açıqlamasında politoloq Sülhəddin Əkbər Ərdoğanla Putinin oktyabrın 22-də planlaşdırılan görüşünü şərh edərkən deyib.

ABŞ-la Türkiyə arasındakı anlaşmaya toxunan ekspert qeyd edib ki, belə münaqişələrdə 120 saat çox böyük vaxtdır və hər an hər şey ola bilər. Sülhəddin Əkbərin fikrincə, bu anlaşmanın pozulmasında maraqlı olan çoxlu sayda qüvvələr var: “ABŞ-Türkiyə münasibətlərinin normallaşan istiqamətində davam etməsi üçün bu razılaşma başlanğıc ola bilər. Bu isə Rusiya-Türkiyə münasibətlərinə də ciddi təsir göstərəcək. Çünki anlaşma olmasaydı və Türkiyə tam təklənsəydi, o zaman Rusiyaya ehtiyacı da artacaqdı və rəsmi Kreml bu vəziyyətdən istifadə edib Suriya rejimi və İranın da təzyiqlərini nəzərə alsaq, öz tələblərini sərt şəkildə qoyacaqdı”.

O bildirib ki, Türkiyənin Rusiyaya irəli sürəcəyi tələblər ABŞ qarşısında qoyulan tələblərlə demək olar eynidir: “ABŞ-la Türkiyənin anlaşmasında ancaq 100 kilometrlik uzunluğu, 30-35 km dərinliyi olan sərhəd boyu ərazi nəzərdə tutulur. Amma nəzərə almaq lazımdır ki, sərhəd 444 km-dir. Onun yerdə qalan hissəsi Rusiya, Suriya rejiminin və İrana bağlı olan milislərin nəzarətinə keçib. Türkiyə bu bölgədə də eyni tələbləri qoyacaq. 444 km uzunluqda olan zolaqda PKK/ PYD/YPG terrorçuları çıxarılmalı və Türkiyənin nəzarətinə verilməlidir. Bu tələbə Rusiya, Suriya rejimi və İranın necə təpki verəcəyi danışıqlardan asılıdır. Mənə elə gəlir ki, Türkiyə yenə də prinsipial və sərt mövqedə olacaq, amma Putinin Tramp qədər “anlayışla” cavab verib-verməyəcəyini danışıqlar göstərəcək.

Politoloq ABŞ-la Rusiya arasında gizli razılaşma əldə etdiyinə dair versiyaları belə qiymətləndirib: “Böyük dövlətlər arasında hər zaman, hətta münasibətlərin kəskin olduğunu dövrdə, hətta müharibə dönəmində də gizli danışıqlar gedir. Maraqların ortaq olduğu nöqtələrdə, söhbət xüsusən üçüncü tərəfin ərazisindən gedirsə, onlar bir-birinə güzəştə gedirlər. Konkret olaraq dağılmış, parçalanmış müsəlman dövləti olan Suriya barədə iki böyük dövlətin razılaşması mümkündür. Bu, ümumi şəkildə görünür. Əvvəlcə şərti olaraq Fərat çayının qərbində Rusiya, şərqində ABŞ-ın strateji nəzarəti hökm sürürdü, indi ABŞ-ın hakim olduğu bölgənin şimalından çəkilməsinə qərar verməsi strateji vəziyyəti dəyişib, mövqeləri Rusiyaya təslim edib. Bu da Suriyanın gələcəyinə yönəlik görünən tabloda Rusiyanın çəkisinin artdığını göstərir. Əsas oyunçu strateji planda Rusiya olduğuna görə təbii ki, çalışacaq ki, Türkiyə güclənməsin. Çünki Türkiyə qonşu dövlətdir, Rusiya isə uzaqdadır. Rusiyanın hakim mövqeyini saxlaması üçün Türkiyənin genişlənməsinin qarşısını almaq lazımdır. Bu, Moskvanın baxışıdır. Ona görə də danışıqların elə də asan keçməyəcəyi qənaətindəyəm”.


Müəllif: Nərgiz