22 Oktyabr 2019 23:54
457
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əvvəla onu deyim ki, Qoşulmama Hərəkatı əvvəllər Bloklara Qoşulmayanlar Hərəkatı adlanırdı. Çünki Qoşulmama Hərəkatının yarandığı dövr “Soyuq müharibə”nin qızğın dövrü idi. İki blok – Varşava Müqaviləsi Təşkilatı hərbi-siyasi bloku ilə NATO arasında ciddi mübarizə gedirdi. Bu mübarizə əsnasında bir sıra dövlətlər bloklara qoşulmamaq haqqında bəyanat verdilər. Beləliklə, Afrika və Asiya qitəsini təmsil edən 29 ölkənin iştirakı ilə 1955-ci il aprelin 18-24-də İndoneziyanın Bandunq şəhərində keçirilən konfransda Qoşulmama Hərəkatının yaradılması ideyası irəli sürüldü. 1961-ci il sentyabrın 1-6-da isə Kuba lideri Fidel Kastro, Yuqoslaviya lideri, marşal İosip Broz Tito, Misir prezidenti Camal Əbdül Nasir və Hindistan lideri Cəvahirləl Nehrunun rəhbərliyi ilə Belqradda keçirilən konfransda Qoşulmama Hərəkatının yaradıldığı rəsmən elan olunub.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib.
O qeyd edib ki, əvvəllər təşkilatda cəmi 29 ölkə iştirak etsə də sonradan onun nüfuzu xeyli artdı:

“Bloklara qoşulmayan ölkələr dedikdə nüvə silahından uzaq, müharibələri inkar edən, dünyada sülh və əmin-amanlığın, rifahın qorunmasına çalışan dövlətlər nəzərdə tutulurdu. Doğrudur, hərəkata üzv ölkələr ilk vaxtlar yoxsul ölkələrdən ibarət idi. Yəni, Afrika ölkələri, Asiyanın geridəqalmış ölkələri bu blokun üzvü idi. Sonradan blok üzvlərinin sayı sürətlə artmağa başladı və dünya siyasətində proseslərə ciddi təsir göstərən amil rolunu oynamağa başladı. Lakin SSRİ-nin dağılmasından, Varşava blokunun çökməsindən sonra bu Qoşulmama Hərəkatının aydın görünən fəaliyyəti nisbətən zəiflədi. Doğrudur, Qoşulmama Hərəkatı hərbi-siyasi blok olan NATO ilə münasibətləri qaydaya salmağa çalışır, amma hər halda onun məramnaməsində əksini tapan ideyalar – silahsız dünya, nüvə silahına qarşı dayanma, müharibələri tamamilə aradan qaldırma, ölkələr və xalqlar arasında sülhpərvər siyasət yürütmək kimi çağırışları dünayada geniş rezonans doğururdu.

Varşava blokunun dağılmasından sonra Bloklara Qoşulmayanlar Hərəkatı adını dəyişərək Qoşulmayanlar Hərəkatına çevrildi. Çünki dünyada yalnız bir hərbi-siyasi blok var idi. Ona görə də bloklara qoşulmaq sözündən imtina edildi”.

Q.Hüseynli qeyd edib ki, bu təşkilat indinin özündə də kifayət qədər nüfuzludur:
“Qoşulmama Hərəkatı hazırda dünya siyasi meydanında tanınan, xidməti qəbul edilən və proseslərə təsiri hər gün bir az da artan bir siyasi qüvvə kimi qəbul edilir. Hərəkatın 120 üzvü var. Azərbaycan da 2011-ci ildən təşkilatın üzvüdür. Bu günlərdə Bakıda onun XVIII sammiti keçiriləcək. Bu gün Qoşulmama Hərəkatı demək olar ki, dünyanın ən güclü ictimai-siyasi qüvvələrindən biridir. Çünki Qoşulmama Hərəkatında nüvə potensialına malik olmayan, sürətlə silahlanmanı hədəf seçməyən, ümumi daxili məhsulun çox az hissəsini müdafiə xərclərinə yönəldən, bütövlükdə ölkənin inkişafı üçün səylər göstərməyə çalışan, hələ də orta inkişaf səviyyəsində olan ölkələrdən təşkil olunur”.

Q.Hüseynli bildirib ki, Azərbaycan Qoşulmama Hərəkatına daxil olmaqla özü üçün yeni bir tribuna əldə edib:
“Azərbaycan bu tribunadan bölgədəki problemləri, ilk növbədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün ciddi surətdə çalışır. Artıq Qoşulmama Hərəkatının hər bir üzvü – onu da deyim ki, təşkilat üzvləri arasında müsəlman ölkələri kifayət qədərdir – Azərbaycanın Dağlıq Qarabağla bağlı mövqeyini dəstəkləyirlər. Zənnimcə, ən diqqətçəkici fakt da bundan ibarətdir. Onlar hamısı Azərbaycanın ərazi bütövlüyünü tanıyır və ərazi bütövlüyümüzün bərpasında bizə siyasi yardım edirlər. Bu nöqteyi-nəzərdən XVIII sammit daha əlamətdar olacaq. Bakı şəhərində dünyada sülhün və əmin-amanlığın qorunmasına, eləcə də Azərbaycanın ərazi bütövlüyünün bir daha vurğulanmasına diqqət yetiriləcək”.


Müəllif: Səxavət Həmid