23 Oktyabr 17:23

Xarici işlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Venesuela Bolivar Respublikasının xarici işlər üzrə xalq hakimiyyəti naziri Xorxe Arreaza Monserratı qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, nazirlər Azərbaycan və Venesuela arasında ikitərəfli münasibətlərin hazırkı durumu, gündəlikdə duran məsələlər barəsində fikir mübadiləsi aparıblar.

Nazir X.Monserrat Nazirlər Konfransının yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə təşəkkür edib. O, Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi dövründə təşkilatın təməl prinsiplərini təbliğ edəcəyi, qlobal və regional sülh və əmin-amanlığa xidmət edəcəyindən əminliyi bildirərək, ölkəmizə uğurlar diləyib.

E.Məmmədyarov Azərbaycanın həm BMT, həm digər beynəlxalq təşkilatlar çərşivəsində, o cümlədən sədrlik edəcək QH-də də həmişə əməkdaşlıq və inkişafa xidmət edən təşəbbüslərin təşviqinə çalışdığını vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşün sonunda Venesuela Bolivar Respublikasının xarici işlər üzrə xalq hakimiyyəti naziri Xorxe Arreaza Monserratı Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyinə həsr olunmuş Xatirə kitabına öz ürək sözlərini yazıb.


Müəllif: Səxavət