24 Oktyabr 09:05

“Cənab prezidentin iqtisadi sahədə apardığı islahatlar qeyri-neft sektorunun inkişafına təkan verəcək”.

Prezident İlham Əliyevin iqtisadi sahədə görülən işlərlə bağlı fikirlərini Teleqraf.com-a şərh edən siyasi ekspert Azər Həsrət belə deyib.

Konsey başqanı iqtisadiyyat naziri Şahin Mustafayevin vəzifəsindən uzaqlaşdırılaraq baş nazirin müavini postuna təyin edilməsinə də münasibət bildirib:

“Bizim arzumuz budur ki, islahatlar nəticə versin. Cənab prezident də öz komandasını bizim hər birimizdən yaxşı tanıdığına görə, vəzifəyə təyin etdiyi insanların bacarıqlarına yaxşı bələd olduğuna görə, o adamları seçir və müvafiq vəzifələrə təyin edir. Mən də qəti şəkildə əminəm ki, bu islahatlar öz müsbət nəticəsini verəcək.

Cənab prezident Şahin Mustafayevi yeni vəzifəyə təyin edəndə də bildirdi ki, “sizin fəaliyyətiniz uğurlu olub, qarşıya qoyulan vəzifələrin öhdəsindən gəlmisiniz, buna görə də baş nazirin müavini vəzifəsini sizə həvalə etmək istəyirəm”.

Düşünürəm ki, bunlar havadan deyilmiş sözlər deyil, ortada rəqəmlər var, Azərbaycanın bugünkü durumu var. Bütün bunlar nəzərdən keçirilib, analiz edildikdən sonra bu qərara gəlinib. Bu baxımdan, hesab edirəm ki, bu, uğurlu təyinatdır və nəticəsi də özünü çox gözlətməyəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu