23 Oktyabr 18:32

Xarici işlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Keniyanın xarici işlər nazirinin müavini Ababu Namvambanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-dən Teleqraf.com-a verilən məlumata görə, E.Məmmədyarov iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsinin və qarşılıqlı yüksək səviyyəli səfər mübadiləsinin həyata keçirilməsinin zəruriliyini bildirib.

Öz növbəsində, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi münasibətilə təbrik edən A.Namvamba sədrliyimiz dövründə Keniyanın ölkəmizin səylərini dəstəkləyəcəyini diqqətə çatdırıb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında keniyalı diplomatı məlumatlandıran E.Məmmədyarov BMT Təhlükəsizlik Şurasının münaqişənin həlli ilə bağlı qəbul etdiyi müvafiq qətnamələrin hələ də icra olunmadığını və beynəlxalq hüququn əsas prinsiplərinə bütün üzv dövlətlər tərəfindən hörmət olunmasının vacibliyini xüsusilə qeyd edib.

Tərəflər, həmçinin, ikitərəfli münasibətlərin perspektivlərini, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.


Müəllif: Səxavət