23 Oktyabr 22:43

Xarici İşlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Toplantısı çərçivəsində İraqın Xarici İşlər naziri Məhəmməd Əli Əlhakim ilə görüşüb.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, görüşdə Azərbaycan və İraq arasında mövcud olan ikitərəfli münasibətlərin səviyyəsindən məmnuniyyət ifadə olunub.

Həmçinin görüşdə, Azərbaycanla İraq arasında iqtisadi-ticari, o cümlədən sərmayələr, habelə humanitar və digər sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyindən bəhs edən nazirlər qarşılıqlı faydalı əlaqələrin hər iki xalqın mənafeləri naminə daha da inkişaf edəcəyinə dair əmin olduqlarını bildirdilər.

İraq XİN-in başçısı Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi dövründə ali dəyərlərin təbliğinin qlobal sülh və əmin-amanlığa xidmət edəcəyini ifadə edib və ölkəmizə sədrliyi dövründə uğurlar diləyib.

Görüşün sonunda Nazir Məhəmməd Əli Əlhakim Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyinə həsr olunmuş Xatirə kitabına öz ürək sözlərini yazdı.


Müəllif: Teleqraf.com